Dərc edilib: 10-01-2022

https://www.nuh.az/30958-.html

Azərbaycana ilk dəfə xarici cins KEÇİLƏR gətirildi

10.01.2022 22:15:42

İqtisadiyyat

“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə bu günlərdə yeni avropa mənşəli cins damazlıq heyvanlar gətirilib.

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, “Murciana” keçiləri kompleksin xırdabuynuzlu heyvanlarının saxlama fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq keçilərin satışına başlanılıb.

Bu heyvanların kompleksə gətirilib satılmasında əsas məqsəd xarici cins damazlıq heyvanların satışının təşkil edilməsi ilə bərabər fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır.

Qeyd edək ki, vətəni İspanya olan “Murciana” keçiləri isti və quraqlıq iqlim şərtlərinə asanlıqla uyğunlaşa bilir. “Murciana” keçilərindən yüksək məhsuldarlıq əldə etmək mümkündür. Belə ki, diri çəkidə erkəklərdə ət məhsuldarlığı 50-60 kq, dişilərdə 30-50 kq, süd məhsuldarlığı 500 kq, laktasya müddəti 280 gün, yağlılıq faizi 5.3 %, protein faizi 3,4 % təşkil edir, südü əsasən pendir üçün daha uyğundur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib