Dərc edilib: 17-01-2022

https://www.nuh.az/31010-.html

Azərbaycanda nə qədər CEYRAN var....

17.01.2022 21:32:40

Maraqlı

Respublikanın bölgələrində ceyranların və Şərqi Qafqaz turlarının sayı hesablanıb.


Bunu “Qafqazinfo”ya açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarının, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbərinin iştirakı ilə respublikanın müxtəlif bölgələrində keçirilmiş hesablamada ötən illərdən fərqli olaraq beynəlxalq ekspertlər də iştirak edib.

“Şirvan, Ağgöl, Abşeron milli parkları, Şirvan, Korçay dövlət təbiət qoruqları, Bəndovan, Qax dövlət təbiət yasaqlıqları və onlarla həmsərhəd olan ərazilərdə aparılmış hesablamaların nəticəsinə görə, bu ərazilər üzrə ceyran populyasiyasının sayı təxminən 7413 olub”, - deyə Səmədova qeyd edib.

A.Səmədovanın sözlərinə görə, Şərqi Qafqaz turlarının populyasiyasının sayı isə Şahdağ Milli Parkı, Zaqatala, İlisu dövlət təbiət qoruqları, Zaqatala, Qax dövlət təbiət yasaqlıqları, Şəki və Babadağ ovçuluq təsərrüfatları, eləcə də bu ərazilərlə həmsərhəd olan sahələrdə aparılmış hesablamaların nəticəsinə görə təxminən 6563 müəyyən edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib