Dərc edilib: 01-02-2022

https://www.nuh.az/31115-.html

Nazir “Məmmədyarovlar” şahmat məktəbi ilə tanış olub

01.02.2022 21:52:52

İdman

Fevralın 1-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan şahmat federasiyasının dəstəyi ilə yaradılan “Məmmədyarovlar” şahmat məktəbi ilə tanış olub.

 

NUH.az   xəbər verir ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının  prezidenti Mahir Məmmədov, baş katib İlahə Qədimova, 3-qat Avropa çempionu Şəhriyar Məmmədyarov, bacısı – beynəlxalq qrossmeyster Türkan Məmmədyarova və atası Həmid Məmmədyarov iştirak ediblər.

“Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri Zeynəb Məmmədyarova, yaradılan şərait barədə məlumat verərək bildirib ki, burada eyni zamanda 30 uşaq şahmatla məşğul ola bilər.Məktəbdə dərslər Azərbaycan, rus və ingilis dilində tədris olunur. “Məmmədyarovlar” şahmat məktəbinin əsas məqsədi balacalara və yeniyetmələrə şahmatın sirrlərini tədris etmək, gələcəkdə yığmada komandada çıxış edəcək yeni adların üzə çıxmasına dəstək olmaqdır.

Şəraitlə tanış olan nazir Fərid Qayıbov uşaqların hazırlığı ilə maraqlanıb. Fərid Qayıbova məktəbin yetirmələrinin ilk uğurları barədə məlumat verilib. Bildirilib ki, “Məmmədyarovlar” məktəbinin yetirmələri aşağı yaş qrupları üzrə Respublika birinciliklərində uğurla çıxış edir.

Nazir Fərid Qayıbovla görüş zamanı qarşıdakı planlar barədə müzakirələr aparılıb. Fəaliyyətin daha da genişləndirilməsinə dair fikir mübadiləsi olub.

Sonda Gənclər və idman nazir Fərid Qayıbova və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova xatirə plaketləri tədqim olunub.

Qeyd edək ki, “Məmmədyarovlar” şahmat məktəbi Azərbaycanın tanınmış şahmat ailəsi Məmmədyarovların adı ilə bağlıdır. Məktəbə Zeynəb Məmmədyarova rəhbərlik edir.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib