Dərc edilib: 07-02-2022

https://www.nuh.az/31153-.html

Türkiyə vətəndaşının pasportunu qaytarın, cənab Mehdiyev və Cabbarov

07.02.2022 10:50:26

Cəmiyyət

Rəzalətə son qoyun, cənablar  …

 

Türkiyə vətəndaşının pasportunu qaytarın, cənab Mikayıl Cabbarov və Səfər Mehdiyev

 

Vətəndaşın barəsində məhkəmə hökmü olmadan pasportunu əlindən almağa sizə kim hüquq verib ?

 

Azərbaycanın giriş-çıxış qapısı olan Hava Limanında baş verənlərdən dəhşətə gəlməmək olmur.

Unutmaq lazım deyil ki, ölkəmizə gələn və gedən hər bir əcnəbi vətəndaşın təəssüratı, gördükləri, qarşılaşdığı qanunsuzluqlar  dövlətimizin imicini ciddi zədələyir.

Bu həm də ölkəmizdə turizm biznesinə, xarici investisiya yatırımına çox mənfi təsir edir.

Axı, qanunların işləmədiyi ölkəyə hansı əcnəbi gələr, özünü, həyatını, üstəlik kapitalını təhlükəyə atar.

Hələ üstəlik bu əcnəbi qardaş Türkiyənin vətəndaşı ola.

Hələ illər öncə Ulu Öndər Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərini  “Bir millət iki dövlət”  deyərək müəyyən edib. Bu strateji müttəfiqlikdən də üstün prinsipdir.

Ulu Öndərin müəyyən etdiyi bu prinsipin davamı olaraq 44  günlük  Zəfər savaşında qardaş Tükiyə sözün hər mənasında bizimlə çiyin-çiyinə oldu.

Belə olan halda Türkiyə vətəndaşı olan Abanoz Tarikin başına gələnlər sözün həqiqi mənasında dəhşət, hətta deyərdik ki, xəyanətdir.

Qardaş Türkiyə vətəndaşı  Azərbaycanda başına gələnlərlə bağlı  NUH.az-a göndərdiyi  müraciətində yazır :  

“Mən,  Türkiyə  vətəndaşı olan  Abanoz Tarik, 01.11.2021-ci il tarixdə  saat 08.40-da  Azərbaycan Respublikasının paytaxtı  Bakı şəhərindən  vətənə  dönərkən  Hava Limanında  başima gələnlər barədə müvafiq dövlət qurumlarına  və mediaya məlumat vermək istəyirəm.

Belə ki, Hava Limanına daxil olarkən, üstümdə olan Rolex firmasının Bakıda rəsmi distribüteri tərəfindən satın  aldığım 4 ədəd  saatin  “tax free”sini  geri almaq üçün  müraciət etdim.

Əvvəl mənə dedilər ki, guya system işləmir. Gözləməli oldum, sonra dedilər ki, kassada pul yoxdu.

Nəticədə  “tax free”ni geri alandan dərhal sonra gördüm ki, artıq  təyyarənin qapısı bağlanıb.

Personaldan dəfələrlə  xahiş etməyimə baxmayaraq, məni təyyarəyə buraxmadılar.

Bundan sonra  polis məni  idarəyə apardı. Polis məndən izahat alanda  bildirdim ki, “tax free”ni vaxtında ala bilmədiyim üçün təyyarəyə gecikdim. Yəni gecikməyimin səbəbi özüm  deyiləm.

Sonra  gömrük işçiləri gələrək  məni polis idarəsindən apardılar.

24  saat məni  Gömrük idarəsində saxladılar.

Bircə dəfə  gömrük işçiləri mənim  telefonumla  dostuma zəng edərək,  mənə yemək gətirməyi təklif etdilər.

24 saat bitdikdən sonra məni sərbəst buraxdılar. Ancaq əşyalarımı və pasportumu  saxladılar Gömrük idarəsində.

17 gün  tamam olanda məni Gömrük idarəsinə çağıraraq  verdiyim  izahatlara yenidən imza atmağı tələb etdilər.

Sonra mənə bildirdilər ki, şəxsi əşyalarım, saatlar və pasportum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilib.

Dəfələrlə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ( rəis əvəzi  Cavanşir Nuriyev ) olmuşam. İşimi araşdıran Cəmil adlı təhqiqatçıdır. Sonuncu dəfə rəis vəzifəsini icra edən Cavanşir Nuriyevin qəbulunda oldum. Hər dəfə mənə deyirlər ki, araşdırma davam edir. Mən isə pasportumu tələb edirəm. Valideynlərim COVİD-ə yoluxub, özüm ürək xəstəsiyəm, təcili vətənə dönməli, əməliyyat olunmalıyam. Araşdırma neçə ay davam edə bilər ?  

Artıq  hadisənin baş  verdiyi gündən  3 aydan çox, daha dəqiq desəm, 95  gün keçib.

Bu günədək mənə heç bir məlumat verilməyib və əşyalarım, pasportum özümə qaytarılmayıb.

Mən hələ də  başa düşə bilmirəm ki, mənim günahım nədir.

Pasportumun və mənə məxsus əşyaların özümə  qaytarılmasını dövlət qurumlarından xahiş edirəm”


Redaksiyadan:

Üzümüzü Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə və İqtisadiyyat naziri  Mikayıl Cabbarova tutaraq deyirik ki, bu rəzalətə son qoyun, cənablar.

Axı, Türkiyə vətəndaşının təyyarəyə gecikməsinin bir başa səbəbi  gömrük əməkdaşları olub. Bu rəzalət  3 aydan çoxdur ki, davam edir. Vətəndaşın pasportunu verin dönsün vətəninə. Niyə, Türkiyə-Azərbaycan münasibətlərinə kölgə yox e, ləkə yaxırsınız, cənab Mehdiyev, cənab Cabbarov.

Vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu ancaq və ancaq qanuni qüvvəyə minmiş məhkəmə qərarından,  məhkum olunduqda almaq olar.

Sizə kim hüquq verib ki, Türkiyə vətəndaşının pasportunu əlindən alıb 3 aydır onun vətəninə dönməsinə imkan vermirsiniz ?

Mövzunu gündəmdə saxlayacağıq.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib