Dərc edilib: 15-02-2022

https://www.nuh.az/31195-.html

Ramiz Mehdiyev istefa verdi - Yenilənib

15.02.2022 11:13:26

Dünya

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

M.Mərdanov deyib ki, R.Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.

 

 

***

AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev bildirib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib.

O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:

“Ramiz Mehdiyev bildirib ki, sabah cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

***

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun rəhbəri, akademik Rasim Əliquliyev Modern.az-a açıqlamasında bildirib ki, AMEA-nın taleyi necə olacaq, rəhbərliyə kim gələcək, bu barədə danışmaq hələ tezdir.

Ramiz Mehdiyevin istefasından sonra Akademiyaya kimin rəhbərlik edəcəyi barədə danışan R.Əliquliyev qeyd edib ki, AMEA Rəyasət Heyəti prosedurları aydınlaşdırmaq üçün yenidən toplaşacaq:

“AMEA-nın prezidenti Rəyasət Heyətinin bu gün keçirilən iclasında istefa verdi. O, istefasını Rəyasət Heyətinə təqdim etdi. Heyət isə buna hörmətlə yanaşdı, ona uğurlar arzuladı.

AMEA-nın taleyi necə olacaq, rəhbərlik kim olacaq və s. bu kimi suallar açıq qalır. Lakin birinci vitse-prezident var, o öz işini davam etdirir. Namizədlərin təyin olunması, rəhbər seçilməsi və digər kollegial məsələdir, AMEA bunun üçün yenidən toplaşmalıdır. İndidən nə isə demək çətindir”.

Xatırladaq ki, hazırda AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimovdur. Qurumun nizamnaməsinə əsasən, müvəqqəti idarəçilik birinci vitse-prezidentin səlahiyyətindədir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib