Dərc edilib: 25-02-2022

https://www.nuh.az/31276-.html

Nazarbayevin qızı istefa verdi

25.02.2022 10:56:00

LIVE

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva deputatlıqdan istefa verib.


“Qafqazinfo” Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə məlumat Nazarbayevanın yazılı müraciətində yer alıb.

“Bu gün parlament məclisinin deputatı səlahiyyətlərimdən imtina etmək və fikrimi tam olaraq ictimai, humanitar, mədəni və xeyriyyə fəaliyyətləri üzərində cəmləşdirməyə qərar verdim”, - deyə müraciətdə qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Dariqa Nazarbayevanın həmkarları, xüsusən də deputat Aydos Sarım onu istefaya çağırmışdı.

Qazaxıstanda iğtişaşlar dövründə D. Nazarbayevanın ölkə parlamentinin aşağı palatasının iclasına qatılmaması ciddi müzakirələrə səbəb olmuşdu. Belə iddia edilirdi ki, Nazarbayeva xəstə olduğundan iclaslara qatılmayıb. Onun xəstəliyinin nə olduğu açıqlanmamışdı.

Qeyd edək ki, 58 yaşlı Dariqa Nazarbayeva Nursultan Nazarbayevin böyük qızıdır. O, 2004-cü ildən Milli Məclisin III və V çağırış deputatıdır. 2016-cı ildən 2020-ci ilə qədər parlament senatının millət vəkili olub. 2021-ci ilin yanvarından isə VII çağırış deputatı olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib