Dərc edilib: 26-02-2022

https://www.nuh.az/31285-.html

Azadlıq partiyasının Xocalı soyqırımının 30 illiyi ilə bağlı bəyanatı

26.02.2022 10:55:55

Hadisə

Azadlıq partiyasının Xocalı soyqırımının 30 illiyi ilə bağlı bəyanatı.

 

Ermənistan və Rusiya Ordusunun Xocalının yüzlərlə dinc, günahsız sakinini qətlə yetirməsindən, Xocalı soyqırımından  30  il keçir.  Bu ötən 30 ildə Azərbaycan xalqının məhvinə hədəflənmiş erməni-rus işbirliyi, cinayəti davam edib.  Erməni-rus təcavüzünün qarçısını almaq üçün minlərlə soydaşımız şəhid olub. Bu gün də Xocalı erməni-rus hərbi birləşmələrinin işğalı altındadır. Xocalı faciəsinin izlərinin itirilməsi üçün bu gün Rusiya Xocalı ərazisində ermənilər və “rus icması”  üçün yeni bir yaşayış  məntəqəsi salmaqdadır.

 30 il əvvəl də Azərbaycan hakimiyyəti   Rusiyanın oyuncaqlarının əlində idi. Bu gün Ukraynada baş verənlər rus faşizmi üçün müqəddəs  heç bir şey olmadığını, müxtəlif bəhanələrlə dünyanın müxtəlif yerlərində dinc əhalinin qətlinə hesablanmış əməliyyatlar keçirməkdə davam etdiyini göstərir.  Bu gün Rusiyanın Azərbaycana qarşı  soyqırımı “sülhməramlı” adı altında davam edir. Rusiyanın Azərbaycanda daha böyük qətliamlar həyata keçirməməsinin səbəbi qəhrəman, hər an şəhadətə hazır olan iğid oğullarımız və yanımızda olan  qardaş Türkiyə ilə bağlıdır.

   Azadlıq Partiyası  Xocalı şəhərinin erməni və rus faşistlərindən azad olunmasının vacibliyini bildirir. Xocalıda- milyonlarla türkün müqəddəs hesab etdiyi, yüzlərlə müqəddəs şəhidimizin, Əlif Hacıyevlərin qanı töküldüyü bir torpaqda   rus və ermənilərin məskunlaşdırılmasının qəbuledilməz olduğunu  xüsusi olaraq vurğulayır. Azərbaycan hakimiyyətindən  bu yöndə addımlar atmağı tələb edir, xalqı aldatmamağa cağırır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib