Dərc edilib: 03-03-2022

https://www.nuh.az/31340-.html

Səfir Elmira Axundova Ukraynadan qaçıb ?

03.03.2022 22:03:15

Günün sitatı

Son günlər Ukraynada yaşayan azərbaycanlıların təxliyə prosesi daha da sürətlənib.

 

  Xarici İşlər Nazirliyi (XİN), Diaspora Komitəsi və Ukraynada yaşayan diaspora təşkilatları aktiv şəkildə Azərbaycan vətəndaşlarının qonşu ölkələrə - Polşa, Macarıstan, Slovakiya, Moldovaya keçməsinə, oradan isə ölkəyə gətirilməsinə çalışırlar. XİN-in yaydığı ən son məlumata görə, 4000-dən çox azərbaycanlı artıq təxliyə edilib. Nə qədər qəribə səslənsə də, Ukraynadan təxliyə prosesində ön plana, bu ölkədəki səfirliyimiz yox, Azərbaycanın Moldava və Rumıniyadakı diplomatik nümayəndəlikləri daha fəal görünür. Bütün bu aktivlik fonunda, Azərbaycanın Ukraynadakı səfirliyinin, xüsusi ilə xanım səfir Elmira Axundovanın qəribə səssizliyi, ictimaiyyət önündə olmaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddia olunur ki, xanım səfir Ukraynada vəziyyətin gərginləşməsindən qısa müddət sonra bu ölkəni tərk edib. Ukraynadakı səfirimiz sonuncu dəfə ictimaiyyət önündə fevralın 24-ü görünüb. Belə ki, həmin vaxt səfir İctimai televiziyanın canlı efirində ölkədəki vəziyyəti şərh edib. Fevralın 26-da isə Elmira Axundovanın açıqlaması yerli mediada yayımlanıb. “Qafqazinfo” olaraq səfir Elmira Axundova və Ukraynadakı səfirliyimizlə əlaqə saxlamağa cəhd etsək də, səylərimiz nəticə vermədi. Xarici İşlər Nazirliyindən isə bildirildi ki, Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini davam etdirir. XİN Elmira Axundovanın Kiyevdə olub-olmaması məsələsini şərh etməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib