Dərc edilib: 12-03-2022

https://www.nuh.az/31429-.html

Bakıda bu kafedə siçovul gəzir - Video + Yenilənib

12.03.2022 14:33:01

LIVE

Bakıdakı tanınmış kafelərdən birində antisanitar şərait var. 


“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri jurnalist Anar Niftəliyev lentə alıb. 

O qeyd edib ki, videonu  “Kardeşler” kafesində çəkib. Görüntülərdə bir gəmiricinin şirniyyatlarla dolu olan piştaxtanın üzərindəki tavanda hərəkət etdiyi görünür. 

A. Niftəliyev qeyd edib ki, görüntü  “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən filialda qeydə alınıb: “Siçovul, yoxsa siçandır? Təsəvvür edirəm ki, axşamlar şirniyyatın yanına enir”.

***

Görüntülərlə əlaqədar “Kardeşler” kafesi ilə əlaqə saxladıq. Kafedən verilən məlumata görə, gəmiricilər onların məkanına qonşuluqdakı obyektdən gəlir: “Yanımızda köhnə şirniyyat yeri var. Təxminən 6 ildir ki, ora işləmir, bağlanıb. İndi oranı siçanlar basıb. Elə ki, axşam olur həmin siçanlar küçədə də gəzir. Elə bizim kafeyə də oradan gəliblər. Biz artıq öz tədbirimizi görmüşük. Kafeni dərmanlamışıq”. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Qafqazinfo”nun sorğusunu cavablayıb: “Artıq həmin video ilə əlaqədar AQTA tərəfindən araşdırmalara başlanılıb və bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib