Dərc edilib: 16-03-2022

https://www.nuh.az/31461-.html

“Rüstəm dedi ki, mən SSRİ-nin deputatıyam, məni yoxlamayacaqlar...”

16.03.2022 16:30:55

Günün sitatı

“Çətin gündür. Əziz dostumuzu itirmişik. Eyni zamanda elə bilirəm ki, xalqımız çox böyük bir sənətkarı itirib. Həmçinin dünya”. 

 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq şairi Ramiz Rövşən Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimində deyib: “Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Məncə, insan haqqında bundan qəddar söz deyilməyib. İnsan əvəzolunmazdır. Ən azı öz yaxınları, doğmaları üçün. Rüstəm İbrahimbəyov bir xalq üçün, bir millət üçün, mən deyərdim ki, dünya üçün əvəzolunmaz insandır. Bizim böyük şairimiz Rəsul Rzanın şeirində bir hissə var. Deyir ki, “Elə yaşa, sən gedəndən sonra hər kəsə aydın görünsün yerində qalan boşluq”. Rüstəm İbrahimbəyovun gedişindən sonra o boşluq çox yaxşı görünür. Zaman keçdikcə həmin boşluq daha da iti görünəcək”.  

 

 

 

Xalq şairi bildirib ki, onların tanışlığı 1969-cu ildən başlayıb: “O, Bakı küçələrinin yetirməsi və nəğməkarı idi. Bakı havası həmişə onun yazılarında da var idi. Belə bir insan dünya üçün nə qədər dəyərli əsərlər verə bilər. Millilik forma deyil, münasibətdir. Və bu münasibət Rüstəmin yazılarında həmişə olub. O çox rəngarəng əsərlər yaradıb. Dostumuz haqqında çox şey deyə bilərik. Rüstəmin simasında həm yazıçı, həm dramaturq, həm kinodramaturq, həm də kinorejissor cəmlənmişdi. O həm də mühəndis idi. Bu onun əsərlərində də var idi. Allah ona rəhmət eləsin. Mən onunla 1969-cu ildən tanışam. Heç vaxt yaş fərqini hiss etməmişik”.

***

Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovla 60 ildir dost olduqlarını bildirib: “Biz bu gün nəinki ədəbiyyatımızın əfsanəsini, həmçinin kinomuzun ulduzunu itiririk. Dünyada yeganə insan idi ki, 6 dövlət mükafatı olub. O, yeganə insan idi ki, Fransanın böyük ordenindən, Rusiya vətəndaşlığından imtina edib. Lazım gələndə öz sözünü deyə bilib”.

Ç. Abdullayev mərhum Xalq yazıçısı ilə bağlı xatirələrini də bölüşüb: “Yaxşı xatırlayıram, 90-cı ildə mənə zəng vurub dedi ki, “bilirsən, o “Qara Yanvar” kitabından mənə 10 nüsxə lazımdır. Fransaya göndərəcəyəm. Mən də ona dedim ki, axı sənə icazə verməyəcəklər sərhəddən keçirməyə. O da mənə dedi ki, sən yadından çıxarmısan ki, mən SSRİ-nin deputatıyam, məni yoxlamayacaqlar. Doğrudan da aparıb kitabları orada payladı.

Rüstəm bizim fəxrimiz idi. Bugünkü gündə neçə-neçə ölkədən bizə məktublar gəlir. Çünki bu ölkələr bilir ki, biz necə dəyərli insanı itirmişik”.

Hüseyn Məmmədsalahov

NUH informasiya agentliyi səhifəsindən çap edilib