Dərc edilib: 18-03-2022

http://www.nuh.az/31477-.html

Araz Ağalarovla maraqlı MÜSAHİBƏ....

18.03.2022 21:56:07

Müsahibə

Azərbaycanlı biznesmen Araz Ağalarov Qərb ölkələrinin Rusiyaya qarşı sanskiyaları, rubl və dolların hazırkı vəziyyəti və s. mövzular ətrafında “Komsomolskaya pravda” nəşrinə müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

 

- Araz İskəndəroviç, əhvalınız necədir?


-  Belə bir vəziyyətdə hansı əhvaldan danışmaq olar? Təbii ki, əhval yaxşı ola bilməz.

 

- İşçiləriniz necədir, hər kəs yerindədir? Səhv etmirəmsə, 10 min nəfərdən ibarət kollektiviniz var.


- 15 min.

 

- Hər kəs işinin başındadır, ixtisarlar var?


- Hələ ki, yox, lakin çətindir.

 

- Rubl və dolların aqibəti necə olacaq? Siz həmişə dəqiq proqnozlar verirsiniz...


- Biz indi gələcəkdə bizi nə gözlədiyini bilmirik. İndi bu, sadəcə qəhvə falına bənzəyir.

 

- Yenə də ...


- Bu gün dolların məzənnəsi ilə bağlı hər hansı fikir səsləndirmək mənasızdır. İndi sadəcə olaraq ölkə miqyasında iş yerlərini saxlamaq lazımdır. Çünki bütün logistika zəncirləri qırılır. Hətta yerli tədarükçülər istehsal etdikləri məhsulları vaxtında tədarük edə bilmirlər, çünki məhsulların bir hissəsi idxal olunan tərkib hissəyə sahibdir. Beləliklə, bütün gücü insanların, istehsalatın, hazırda hələ də işləyən və işləyə bilən hər şeyin qorunub saxlanılmasına yönləndirmək lazımdır. 

 

- Sizin daşınmaz əmlakınız da böyükdür. “Krokus” şirkəti neçə kvadrat metrdir?


- 2,5 milyon.

 

- Rusiya daşınmaz əmlak sahəsində və daşınmaz əmlak qiymətlərində nələr baş verəcək?  

- Təbii ki, indi hər şeyin qiyməti tarixi minimuma enib. 

- Yəni?

- Tək daşınmaz əmlak deyil, bütün aktivlər heç vaxt olmadığı qədər ucuzdurlar. Amma indi nəyinsə qiymətini müəyyən etmək çətindir. Birjalar bağlıdır, heç nə satılmır, alınmır...

- Aktivlərdən danışdınız, sizin hazırda neçə milyardınız var?

- 120 milyard borcum var.

- Rubl ilə?

- Bəli.

- Qazancınız yoxdur?

- İndi nə qazanc? Nədən?

- Bütün bu sanksiyalar altında yaşaya biləcəyikmi? Təcili olaraq nə etmək lazımdır?

- Üç əsas şey: Mahiyyət etibarilə, müəssisələrin xərclərini sıfıra endirmək lazımdır. Çünki “qara gün” üçün pul yığdığımızı deyirdik, budur həmin “qara gün” gəlib çatıb. Altı aylıq vergi tətili olmalıdır. Həmçinin borclar, gömrük rüsumlarının ödənilməsi üzrə tətillər olmalıdır. Yəni, sadəcə olaraq ölkəyə məhsul gəlməsi, insanların işləməsi, istehsalın dayanmaması üçün bu, lazımdır. Vəziyyət çox gərgindir. Və üstəlik əgər biz buna vergi, gömrük və borc yükü qoysaq, düşünmürəm ki, çox sayda müəssisə bu yükün altından çıxa bilsin.

- Hər tərəfdən əhatə olunduğumuz bir halda ölkəyə məhsullar haradan gətirilə bilər?

- Cənub-şərqi Asiyadan, Türkiyədən. Bəzi məhsullar gətirilə, bəziləri dəyişdirilə bilər... Hazırda söhbət həm iqtisadiyyatın, həm də tədarük zəncirlərinin tam olaraq yenidən qurulmasından gedir. Hər kəs bu gün bununla məşğuldur. 

- Siz hazırda kiminlə işləyirsiniz?

- Çalışırıq... “Tvoy dom” mağazalar şəbəkəsində satdığımız məhsulların təhlilini apardım. Məhsulların 30%-i yerli, 20%-i Çin, 50%-i isə Avropa və Amerikadan gətirilən məhsullardır. Və bu gün bu 50% geri çəkilir və bunu Cənub-şərqi Asiyadan və Türkiyədən gətirilən məhsullarla əvəz etmək lazımdır.

- “Tvoy dom”da dövriyyə necə oldu? 

- İllik 35 milyard oldu.

- Aha!

- Bu, 6 mağazadır və hər biri Moskvadadır.

- Baydenin əlimizdən aldığı vəsaitlərə nə qədər zavod və yol inşa etmək olardı? 

- Bu isə sadə hesabdır. Bir kilometr yol 1 milyard rubla bərabərdir. Hesablayın. Bir milyard rubl bu gün 10 milyon dollardır. Budur, 400 milyardı 10 milyona bölün.

- Nə qədər alınır?

- Sıfırlar həddindən artıq çoxdur, səhv etməkdən qorxuram. Lakin əgər düz hesabladımsa, 40 min kilometr uzunluğunda yol alınır. Bu isə o deməkdir ki, bütün Ekvator üzrə, Yer kürəsi ətrafında birinci kateqoriyalı avtomobil yolu çəkmək mümkün olardı. 

- Bəlkə pul yığmağı dayandırıb, özünüzə yatırım etmək vaxtıdır? 

- Xatırlayırsınızsa, mən həmişə deyirdim ki, sadəcə özünə sərmayə yatırmaq lazım deyil, hətta borc da toplamaq lazımdır. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrinin iri həcmdə borcları var.

- Mən əvvəllər sizdən Donald Trampın telefonu barədə soruşurdum, indi siz özünüz onunla hələ əlaqə saxlamamısınız, sizcə onun geri dönməsinin vaxtı çatıb?

- Xeyr, xeyr. Biz Rusiyanın Amerikada keçirilən seçkilərə müdaxilə etməkdə ittiham olunması məsələsindən sonra heç işgüzar məsələlərlə bağlı belə əlaqə saxlamamışıq.

- Bəs Donald Trampın artıq geri dönmək zamanının çatdığını düşünürsünüzmü? 

- Bu məsələni şərh etmək istəmirəm.

- Sağolun.

NUH informasiya agentliyi səhifəsindən çap edilib