Dərc edilib: 18-03-2022

https://www.nuh.az/31478-.html

“Kamal Qılıcov istəyirdi deyim ki, İlkin meyiti yandıranda görmüşəm”

18.03.2022 22:14:02

Region

Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir. 


“Qafqazinfo” xəbər verir ki, sonuncu prosesdə onun ölümündə təqsirli bilinən həmkəndlisi İlkin Süleymanovun qonşusu Mahir Orucov dindirilib.

O, yalan ifadələr verməsi üçün təzyiqlərə məruz qaldığını iddia edib. M.Orucovun sözlərinə görə, təzyiqlərə baxmayaraq, tələb olunan ifadələri verməyəndə isə işdən çıxarılıb: “İlkingillə qonşuyuq. Məndən onun uşağı oğurlayıb öldürməsi haqda ifadə vermək tələb olunurdu. Tovuz Rayon Polis Şöbəsində bir neçə dəfə təzyiqlə üzləşdim. Polis rəisi Şirzad Əsgərov (hazırda təqaüdə göndərilib-red.), Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov məndən İlkinin əleyhinə ifadələr tələb edirdi. Bu işə görə mənim başıma oyun açıblar. İstəyirdilər deyim ki, İlkin meyiti ora atıb yandıranda mən görmüşəm.

Dedim ki, İlkin dünyasında belə şey eləməz, onu uşaqlıqdan tanıyıram. Çox abır-həyalı, tərbiyəli, insan adamdır. Rəis məni şöbədə zirzəmiyə saldırmaq istəyirdi. Gözüm yeni əməliyyat olunmuşdu, həkimə zəng elədim, telefonda rəisə dedi ki, onu döysəniz, o biri gözü də kor olacaq. Ondan sonra zirzəmiyə salmadılar, döymədilər. Məni dəfələrlə şöbəyə çağırıb psixoloji təzyiq ediblər. Bir dəfə Qılıcov evimizə gəldi, pilləkəndə dayanıb dedi ki, burdan meyit tapılan yer görünür. Dedim, mən heç nə görməmişəm axı. Bir dəfə də məni yenə şöbəyə apardılar, rəis telefonla görüntülü Qılıcovla danışırdı. Qılıcov üstümə qışqırırdı”.

Şahid bildirib ki, hadisə günü nə baş verdiyini öyrənmək üçün çölə çıxıb. Orada isə görüb ki, polislər meyiti əhatəyə alıblar, yaxına heç kimi buraxmırlar: “Heç görünmürdü ki, kimin meyitidir. Təxminən iki saat sonra dedilər ki, Şərifin qızınındır. Elə orada gözümün qabağında İlkini polislər apardı, bir də buraxmadı.

Mahir Orucovun polis şöbəsində təzyiqlərə məruz qalması iddiası ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətindən “Qafqazinfo”ya iddianın həqiqətə uyğun olmadığı bildirilib: “Qeyd olunan fakt tərəfimizdən təkzib edilməklə, cinayət işi üzrə hazırda məhkəmə baxışının davam etməsini nəzərə almaqla digər əlavə şərhin verilməsi məqsədəmüvafiq deyildir”.

Məhkəmədə dindirilən digər şahid Nazim Vəliyev isə meyiti yanarkən görən şəxslərdən biri olub: “Ora dərə kimi idi. Qonşular gecə heç kim olmayanda zibil tökürdülər, iy yayılırdı. Ona görə də İlkin, ya da bir başqa qonşu zibili yandırırdı ki, iy yayılmasın. Hadisədən bir neçə gün əvvəl oranı təmizləyib, gül kimi eləmişdilər. Hadisə günü İlkin yanğını görüb mənə xəbər etdi. Əvvəl heyvan cəsədi olduğunu zənn etsəm də, baxanda insan meyiti olduğunu gördüm. Tez İlkinin əmisi oğlu, Muradı çağırdıq. Murad polis idi deyə fikirləşdik ki, nə etmək lazım olduğunu o bilər. Şok vəziyyətində idik. Meyit tanınmaz vəziyyətdə idi, üzdən kim olduğu bilinmirdi, yalnız dişi görünürdü. Biz İlkinə dedik ki, birdən istintaqa lazım olar, hadisəni çəksin. Məqsəd istintaqa kömək etmək idi. Hətta çəkilişdə səs var, İlkin deyir ki, “ayaq izləriniz düşür, ayaqqabılarınızı yadınızda saxlayın”. Səhvimiz onda oldu ki, o yazığa dedik, çək. Sonra bundan İlkinin öz əleyhinə istifadə elədilər".

NUH informasiya agentliyi səhifəsindən çap edilib