Dərc edilib: 20-03-2022

https://www.nuh.az/31491-.html

Azəriqazda Elin gözü tərəzidir adlı aksiya keçirildi FOTOlar

20.03.2022 12:50:12

İqtisadiyyat

Qaz sayğaclarının artıq sərfiyyatı ilə bağlı şikayətlər abonentlərin   iştirakı ilə araşdırıldı   

 


Martın 18-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin  (İB)  Metrologiya Departamentində mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb. Departamentin rəisi  Zehin Rəsulov bildirib ki, İqsadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən qeydiyyatdan keçməklə qaz sayğaclarının yoxlanışlarını həyata keçiririk: « Burada ən müasir avadanlıqlarla sayğacların yoxlanışı və monitorinqi aparılır.»

Onun sözlərinə görə, ötən il 100-dən çox vətəndaş qazın sərfiyyatının çox olması ilə bağlı  «Azəriqaz»ın Metrologiya Departamentinə şikayət  edib: «Burada vətəndaşların və departamentin nümayəndələrinin iştirakı ilə sayğaclar yoxlanılıb. Ümumi nəticə belə olub ki, yoxlamaya verilən sayğacların hər birində qazın sərfiyyatı normalara uyğun olub».

Qeyd edək ki, martın 18-də, həmçinin «Azəriqaz» İstehsalat Birliyi yanında İctimai Şuranın və «Azəriqaz» İB-nin rəhbərlərinin birgə təşkilaiçılığı ilə Metrologiya Departamentində «Elin gözü tərəzidir» adlı birgə tədbir də keçirilib.

Tədbirin əsas məqsədi  sonradan ödənişli (mexaniki) sayğaclarda sərfiyyatın çox olmasına dair abonent iddialarının həm media, həm də və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin bilavasitə iştirakı ilə yoxlanılması idi.

«Azəriqaz» İB-nin baş direktorunun müavini Rəşad Cavadov tədbirdə çıxış edərək bildirib ki, müştəri məmnuniyyəti qazanmaq bizim fəaliyyətimizin əsas prinsipidir. Ona görə də abonentlərin sayğaclarla bağlı şikayətlərini fərdi şəkildə  nəzarətə götürüb həll edirik.  

«Azəriqaz» İB-nin yanında İctimai Şuranın sədri Elçin Salmanov bu aksiyanı önəmli hadisə kimi vurğulayaraq bildirib ki, məqsəd abonentlərə həqiqətləri göstərməkdir.

Tədbirdə qaz sayğaclarının yoxlanılması prosesi şikayətçi abonentlərin, həmçinin tanınmış ekspertlərin iştirakı ilə gerçəkləşdi. Yoxlamalar zamanı məlum oldu ki, sayğacların qaz sərfiyyatı normalara uyğundur.

Elçin Zaman, "İki sahil"

 

 

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib