Dərc edilib: 31-03-2022

https://www.nuh.az/31552-.html

Zeynəb Xanlarovanın bacısı oğlu məhkəmə qarşısında

31.03.2022 19:11:26

LIVE

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi aprelin 1-də baş tutacaq. 

Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək sabahkı prosesdə hökm oxuna bilər. 
Ötən prosesində dövlət ittihamçısı Daşqın Nəsirovun 6, onun ortaqları Çingiz Səfərovun 5 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayevin 4 il, Eldar Mirzəyev və Zəfər Abdulovun isə 4 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror çıxışında qeyd edib ki, polisin nəzarəti altında olan Daşqın Nəsirov və ev dustaqlığına buraxılmış Eldar Mirzəyevlə Zəfər Abdulov məhkəmə zalında həbs edilməlidirlər.
Cinayət işinin mahiyyəti 
Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.
Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, Mehman Ağayev, Zəfər Abdulov və Eldar Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Təqsirləndirilən Rahil Babayev və Çingiz Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, Daşqın Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Zəfər Abdulov və Eldar Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, Mehman Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.
29 aprel 2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Barəsində axtarış elan edilmiş Mehman Ağayev və Qərib Nadirov haqqında cinayət işi ayrıca icraata verilib, hazırda Baş Prokurorluğun İstintaq idarəsində iş üzrə istintaq davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib