Dərc edilib: 06-04-2022

http://www.nuh.az/31583-.html

Usta infarkt keçirib öldü, mən qorxudan daha həmin evə getmədim

06.04.2022 21:43:51

Maraqlı

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə ifadə verən lombardın işçisi Mədinə israfilova bildirib ki, o, zərərçəkmiş olduğu halda məhkəmədə şahid kimi təqdim olunur: "Mən özüm zərərçəkmişəm. Ən çox ziyanı mən çəkmişəm".
Maqsud Mahmudov bildirib ki, Aslan Qəhrəmanov ona çox kömək edib.
"Sağ olsun, çox kömək edib. Amma aldıqlarını danır. 2010-cu ildən çox yaxın olmuşuq. Badamdarda ev tikirdim. Orada beton sifariş verdim. Betonu gətirən fəhlə yıxılıb öldü. Mən onda Aslandan kömək istədim. Dedim ki, 50 sotun içində ev tikirəm, mənə pul ver. O da verdi. Mənim onda əlavə olaraq 600 min manatlıq evim var idi. Həmin evə gələn usta da infarkt keçirib öldü. Mən qorxdum, daha həmin evə getmədim. Hər iki işlə bağlı Səbail prokurorluğunda cinayət işi başlandı. Gəldim ölü yiyələri ilə razılaşmağa, dedilər ev ver, razılaşdıq. Evi 450 min manata satışa çıxardım. Evi satanda Aslan gəlib dedi ki, baha sataq. Səhər saat 12-də ölən şəxslərin yiyələrinə pul verməliyəm. Evi alan gəlmədi. Sonra başqa bir nəfər 320 minə razılaşdı mənimlə. Həmin şəxs mənə 90 min manatın əvəzinə brilyant daş verdi", - deyə M. Mahmudov bildirib.
Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib