Dərc edilib: 07-04-2022

https://www.nuh.az/31591-.html

MTN-də 8 milyonu alınan zərərçəkənin səhhəti pisləşdi ....

07.04.2022 22:50:05

LIVE

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və dirgərlərinin cinayət işində zərərçəkmiş kimi tanınan İbrahim Zeynalovun səhhəti ağırlaşıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, İbrahim Zeynalov hazırda həkim nəzarəti altındadır. Məlumatda deyilir ki, zərərçəkmiş son məhkəmə prosesində iştirak etdikdən sonra səhhətində ciddi problem yaranıb. Bildirilir ki, bu, İbrahim Zeynalovun prosesdə əsəb sarsıntısı keçirməsi ilə bağlı olub.
İbrahim Zeynalov 19 dekabr 2008-ci il tarixdə MTN-ə aparılıb. Oğlu İlqar Zeynalovun sözlərinə görə, onu azadlığa buraxmaq üçün 10 milyon manat tələb olunub. Sonradam məbləğ 8 milyona enib və pullar Mövlam Şıxəliyevin işçisi, hazırda onunla birgə mühakimə olunan Yasim Məmmədova verilib: 
"Yasin Məmmədov məni MTN-in arxa qapısına çağırdı. Ora tək getmişdim. Yasin Məmmədov "10 milyon dollar verə bilərsən?” deyə sual elədi. Ona bu qədər pulumuzun olmadığını dedim. 1-2 milyon dollar verə biləcəyimizi söylədim. Yasin bu dəfə "mümkün deyil, 8 milyon dollar verə bilərsən” deyəndə məcbur olub razılaşdım.
Yasin Məmmədov məndən pulu nə vaxt çatdıracağımı soruşdu. Dedim ki, hazırlayıb, zəng edəcəm. Adıma olan "Mercedes Benz” markalı, "S 350” modelli, AZ 10 NZ 002 dövlət qeydiyyat nişanlı avtomobili 50 min dollara, mənə məxsus "Elit kərpic” MMC-ni 650 min dollara, 1 ədəd "Toyota Prado”, 1 ədəd "Mazda X9”, 1 ədəd "Hyundai”, 1 ədəd "Toyota Land Cruiser” markalı maşınları satdım, əlimdə olan 200 min dolları da üstünə qoydum. Bundan başqa rəhmətlik qardaşım İlkin Zeynalov özünə məxsus Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, ev 15 ünvanda yerləşən villanı 420 min dollara, Nəsimi bazarının arxasında olan ünvanını bilmədiyim evi 60 min dollara, M.Qaşqay küçəsində öz adına olan "Qurman” restoranını 215 min dollara və həmin ünvanda olan digər obyekti 60 min dollara satdı. 
İlkinin qaynatası, sonradan rəhmətə getmiş Mirzağa Əliyev də 600 min dollar borc pul verdi. Rəhmətlik bacım Səbinənin adına olan "Tri Karona” binasındakı üçotaqlı mənzili təxminən 200 min dollara, yeznəm Aslan Əsədovun adına olan "Toyota Prado” markalı, Az 10 OT 028 dövlət qeydiyyat nişanlı maşını 35 min dollara satdıq. Bacım Səbinə 70 min ABŞ dollar pul da verdi. 
Əmim Məzahim Zeynalov özünə məxsus olan Binəqədi rayonu, 9-cu mikrorayonda olan villasını 700 min dollara satdı, əlavə də 500 min dollar pul verdi. Atamın dostu Aydın İbrahimovdan 2 milyon manat borc pul aldım. Atam həbsdən çıxandan sonra həmin pulun əvəzində yaşadığı özünə məxsus olan villanı Aydına verdi. Neftçala rayonundan olan atamın dostu, sonradan rəhmətə gedən İlyas Panəliyev 450 min dollar borc pul verdi. Atamın dayısı oğlu Cəfərağa Tağıyev 500 min dollar borc pul, əlavə olaraq özünə məxsus olan "Lexus” markalı avtomobili 60 min dollara və "Toyota Prado”nu 40 min dollara satıb pullarını bizə verdi. 
Bütün əmlakları satdıqdan sonra yenə də pul düzəlmədi. Rəhmətlik anam Böyükxanım Zeynalova özünə məxsus bütün qızıl-zinət əşyalarını, gümüş qabları, suvenirləri Mərkəzi Univermaqda, ayrı-ayrı tanışlara satdı. Evdə olan ehtiyat pulu da əlavə elədik. 20-30 nəfər ayrı-ayrı qohumlardan borc pullar yığdıq. Pul yenə də düzəlmədi. 2009-cu il iyul ayının sonuna qədər çatışmayan 1 milyon 284 min dolları da yığıb düzəltdik və 8 milyon dolları hazır elədik. Yasin Məmmədova zəng edib xəbər verdim. Dedi ki, get "televizor və ya DVD aparatlarının qutularına tap, pulu yığ qutulara, götür gəl Milli Təhlükəsizlik Nazirliyinin arxa qapısına.
Növbəti gün saat 12 radələrində hər birində bir milyon dollar pul olan üç ədəd televizor qutusunu avtomobilmin yük yerinə qoydum və MTN-nin arxa qapısına apardım. Yasin Məmmədova zəng edib bu barədə məlumat verdim.
2 avqust 2009-cu ildə Yasin Məmmədov zəng edib dedi ki, gəl atanı apar. 10-15 dəqiqə sonra atamı həbsdən azad etdilər. Sonradan da atamın barəsindəki qondarma cinayət işini məhkəməyə göndərib şərti iş təyin etdirdilər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib