Dərc edilib: 13-04-2022

http://www.nuh.az/31625-.html

Putinin uğursuz dövləti: Rusiyanın gələcəyi sual altında… - Aslund yazır

13.04.2022 15:42:43

LIVE

Anders Aslund Amerikalı iqtisadçı, "Atlantic Council” araşdırma mərkəzinin baş elmi əməkdaşı Ukraynanın rus ordusunun hücumunun dəf edilməsində son uğurları nəhəng Rusiya silahlı qüvvələrinin zəifliyini göstərdi.

 

 Hər bir şeyi müharibəyə və işğala bağlayan Vladimir Putin rejimi indi siyasi cəhətdən müflisdir və döyüş meydanında belə qalib gələ bilməyən müasir Spartanı idarə edir. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsi inanılmaz dərəcədə axmaqlıq (və inanılmaz qəddarlıq) idi. Onun səhvi o qədər böyükdür ki, bəlkə də artıq Rusiyanı uğursuz dövlətə çevirib. Oksford lüğətinə görə uğursuz dövlət - "siyasi və iqtisadi sisteminin o qədər zəiflədiyi və hökumətin ona nəzarəti itirdiyi" bir dövlətdir. Bu tərif artıq Rusiyanın indiki vəziyyətinə uyğundur və müharibənin Kremlin gücünü daha da zəiflədəcəyini gözləmək olar. Putin Ukraynaya hərbi cəhətdən məğlub olmaq üzrədir və belə uğursuzluq, Rusiyanın artıq bir dəfə ABŞ prezidenti Barak Obamanın laqeyd şəkildə dediyi kimi, hətta "regional güc” olmadığına dair siqnal göndərəcək. Ukraynalıların bildirdiyinə görə, onlar artıq Ukraynaya göndərilən 120 rus tabor-taktiki qrupundan 50-ni sıradan çıxarıblar; ümumilikdə isə Rusiyada cəmi 170 belə bir qrup var. Ukrayna, Rusiya hücumunun dəf edilməsində əldə etdiyi uğuru təkcə əsgərlərinin qəhrəmanlığına və bacarıqlarına deyil, həm də Putin rejiminin total korrupsiyasına borcludur. Uzun illərdir ki, rus ordusu açıq-aşkar içəridən çürüyürdü. Bu uğursuzluq xüsusilə təəccüblüdür, çünki Putin qədim Sparta kimi, yalnız müharibə üçün mövcud olan bir dövlət yaradıb. Onun 22 illik varlığının ən yüksək məqamları bunlar idi: 2008-ci ilin avqustunda kiçik Gürcüstanla beş günlük müharibə və 2014-cü ilin martında Krımın ilhaqı. Lakin Ukraynaya uğursuz hücumu bu illüziyaya son qoydu. Bu, Putinin ümid etdiyi kiçik və sürətli müharibə olmadı. O, 1904-1905-ci illərin fəlakətli Rus-Yapon müharibəsinə bənzər bir halla üzləşdi, həmin müharibədə Rusiya məğlub oldu və məğlubiyyət inqilabla nəticələndi. Putin artıq Rusiyanı ənənəvi mənada idarə edə bilməz. 2003-cü ildən sonra o, sistemli şəkildə bütün dövlət institutlarını zəiflətdi (demokratik prosedurları, nəzarət və tarazlığı, qanunun aliliyini aradan qaldıraraq) və onların yerində avtoritar kleptokratiya yaratdı. O və dar çərçivədə olan "dostlar” elitası sözlə ifadə edilməyən miqyasda oğurluq edir, Rusiya vətəndaşları üçünsə heç nə edilmir. İndi bu "sabun köpüyü” tamamilə repressiyanın gücündən asılıdır. 2012-ci ildən sonra Putin Rusiyanın iqtisadi inkişafına maraq göstərməyi dayandırıb. 2014-cü ildə Krımın ilhaqına cavab olaraq Rusiyaya qarşı Qərb sanksiyaları tətbiq edildikdən sonra iqtisadiyyat artmayıb və ölkənin həyat səviyyəsi 10% aşağı düşüb, bu isə kütləvi yoxsulluğa gətirib çıxarıb. Lakin Putinin heç vecinə də deyil, çünki o, yalan və təbliğatla bürünmüş hermetik otaqda yaşayır. Tarixçi Timoti Snayderin yazdığı kimi, Putin öz hakimiyyətini əlində saxlamağa haqq qazandırmaq üçün səthi millətçi ideologiya yaradan protofaşistdir (Protofaşizm faşizmə təsir edən və onun əsasını təşkil edən ideologiyaların və mədəni hərəkatların bilavasitə sələflərinə aiddir-red). Putinizm - Rusiyanın böyük ölkə olduğunu iddia etmək və bunu kiçik ölkələr üzərində hərbi qələbələrlə sübut etməyə çalışmaqdan qaynaqlanır. 2007-ci ildə Rusiyanın ilk post-kommunist baş naziri (və mənim yaxşı dostum) Yeqor Qaydar "İmperiyanın süqutu: Müasir Rusiya üçün dərslər” kitabını nəşr etdi. Orada o, rusları Putinin indi təzahürünə çevrildiyi "post-imperiya sindromu”na qarşı xəbərdarlıq edib. Bu yol ancaq məhvə apara bilərdi. Və belə də oldu. Rusiya iqtisadiyyatının planlı nəzarətin ləğvindən sonra bərpa olunduğu bir vaxtda Qaydar qorxurdu ki, SSRİ-nin süqutu ilə bağlı acılar revanşist avtoritarizmə gətirib çıxara bilər. O, Putinin hakimiyyəti ilə yeni yaranmaqda olan nasist rejimi arasında çox paralellər gördü: "Az adam xatırlayır ki, 1926-cı ildə imperiyanın dağılmasından səkkiz il sonra Almaniyada, 9 il sonra - 2000-ci ildə Rusiyada imperiya dövlət işarələri və simvolları bərpa edilib”. Putinin SSRİ-nin dağılmasını "XX əsrin ən böyük geosiyasi faciəsi” adlandıran məşhur bəyanatına cavab olaraq Qaydar xəbərdarlıq edib ki, "Rusiyanı yenidən imperiyaya çevirmək cəhdi onun mövcudluğunu təhlükə altına qoyacaq. Bu istiqamətdə hərəkət etmək riski yüksəkdir. Ona görə də ötən əsrlərin imperiyalarını, onların süqutu və parçalanması ilə bağlı problemləri anlamaq çox vacibdir”. Qaydarın fikrincə, revanşist, neofaşist gələcəyin qarşısını almaq üçün keçmiş haqqında həqiqəti söyləmək lazımdır. "Veymar Respublikası hökumətinin Birinci dünya müharibəsinin başlanması haqqında həqiqəti söyləmək istəməməsi onun dağılmasına səbəb olan əsas amillərdən biri idi", - Qaydar yazırdı: "SSRİ-nin dağılmasının səbəbləri və mexanizmləri haqqında həqiqət sistemli şəkildə deyilmir”. O, Putinin mülahizələrini tənqid edib: "Xarici düşmənlər tərəfindən dağıdılan firavan və qüdrətli dövlət əfsanəsi - ölkənin gələcəyi üçün təhlükəli olan mifdir”. Qaydar həmişə qorxurdu ki, Putin indi Ukraynada etdiyi işi nə vaxtsa edəcək. Qaydar haqlı idi, amma o, lazım olan vaxtdan əvvəl haqlı çıxdı: onun xəbərdarlıqlarına məhəl qoyulmadı. O, 2009-cu ildə 53 yaşında dünyasını dəyişdi və bu gün Rusiyanın gələcəyi məhz onun təsvir etdiyi axmaqlığa görə sual altındadır. Alman cəmiyyəti Hitleri dayandıra bilmədiyi kimi, Rusiya cəmiyyəti hələ də Putini dayandıra bilməyib. Və beləliklə, 1939-cu ildə olduğu kimi, bu xoşagəlməz iş Qərbin çiyninə düşür. Bu gün Qərb Putinə və onun rejiminə Uinston Çörçilin Hitlerə qarşı münasibəti kimi davranmalıdır: onunla danışmayın, onu sadəcə məhv edin. Putin kimi dalana dirənmiş liderlər danışıqlarda etibarlı tərəfdaş olmurlar, onlat tərəfdaş olmaq üçün çox fanatik və ümidsizdirlər. Bəli, təbii ki, indi Putinin, Rusiya ordusunun 1/3 hissəsi məhv edildiyindən yeganə arqumenti nüvə silahıdır. Lakin Qərbin də nüvə bombaları var və sadəcə olaraq Putinə və "düyməni basa bilənlərə” izah edilməlidir ki, nüvə silahından hər hansı istifadə tammiqyaslı cavab tədbirləri görəcək. Kuba raket böhranı zamanı Nikita Xruşşovla sərt ritorika işə yaradı və indi də işləyəcək, çünki bu, Putinin anladığı yeganə dildir. Qərb siyasətinin ruslara köməyi ondan ibarət olmalıdır ki, prezident Co Baydenin "Allah xatirinə, bu adam hakimiyyətdə qala bilməz” müdrik sözlərini reallığa çevirsin. Mənbə: "Project Syndicate" Tərcümə: Nizami Bağırov Qaynarinfo

NUH informasiya agentliyi səhifəsindən çap edilib