Dərc edilib: 25-04-2022

https://www.nuh.az/31684-.html

"Azərbaycan mənim üçün yadlaşıb, amma qəlbimdə" - Çingiz Hüseynov

25.04.2022 10:39:57

Cəmiyyət

Aprelin 20-də tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynovun 93 yaşı tamam oldu. Hazırda İsraildə yaşayan yazıçımızın Qaynarinfo-ya verdiyi müsahibəni təqdim edirik:
- Necəsiniz? Səhhətiniz necədir? O gün danışanda dediniz, gözlərinizdə problem yaranıb və bu, yazmağınıza mane olur.
 
- Bütün bədənimdə problemlər yaranıb. Bu da təbiidir. 93 yaşım var. Təkcə gözlərdə yox, ürəkdə də problem var. Gəzməkdə də çətinlik çəkirəm. Ancaq bu barədə çox danışmayaq. Çünki nikbin ruhumu saxlamaq istəyirəm. Xəstəlikdən danışanda nikbinlik azalır.
- Yenə İsraildə yaşayırsınız? Son illər ərzində heç Bakıya gəlmisinizmi? 

- İsrail mənə tamam yad ölkə idi. Ancaq 7-8 il ərzində doğmaya çevrilə bildi. Demirəm vətəndir, ancaq doğma ölkədir. O vaxt Sovet İttifaqını özümüzə vətən hesab edirdik, parça-parça oldu və bu dəqiqə Rusiya mənim üçün tamam yad yerdir. Təəssüf ki, ərazi kimi Azərbaycan da mənim üçün yadlaşıb. Ürəyimdə yox, qəlbimdə, canımda yox, həyatımda. Azərbaycan çox təəssüf ki, daha çox Rusiyadan nümunə götürür və nəticə etibarilə onun bir tayına çevrilir. Əlbəttə, Azərbaycan xalqı çox səbrlidir, sevinməyi, sevilməyi bacarır, həyatsevərdir, çalışır siyasətdən uzaq öz həyatını qursun. Bu həyatsevərlik onu həyatda saxlayır. Bütün bunlara baxmayaraq, xalqa dəstək verən, həyan olan yoxdur. Elçibəy dövrünə qədər, elə o dövrdə də Azərbaycana gəlib-gedirdim. Amma növbəti iqtidarın mənə münasibəti yaxşı deyildi. Bu da hələ sovet dövründə yazdığım əsərlərlə bağlı idi. Sonuncu dəfə 2006-cı ildə, qardaşımın vəfatında gəlmişəm Azərbaycana. Qardaşımın vəfatından sonra elə bil Azərbaycan bir az yadlaşdı mənə. Düzü, əvvəllər özüm gəlmək istəmirdim. Amma 80 yaşda infarkt keçirdim. Ondan sonra həkimlər məsləhət görmədilər harasa getməyi. 2013-cü ildə də çox böyük çətinliklə gəldim İsrailə. Bura gəlmək isə ömrümü uzatdı.
- Son romanınız Rusiya və Azərbaycandan bəhs edir. Romanın adı ilkin variantda "Qısa məsafənin uzun yolları" idi. 2015-ci ildə sizdən müsahibə götürəndə belə demişdiniz. Onu da demişdiniz ki, əsas olan bu əsəri tamamlamaq deyil, əsas olan əsərin Azərbaycan dilində orjinalını yaratmaqdır. Amma hələ ki bu əsər Azərbaycan dilində yoxdur.
- Hə, heyf ki çatdıra bilmədim, hələ ki bu əsərin Azərbaycan dilində orjinalı yoxdur. Adını da dəyişdim, elədim, "Köhlən atı nallamaq”. 7-8 il bu roman üzərində işləmişəm. Demək olmaz ki, tamamilə razıyam romandan. Ancaq ürəyimdən keçənləri, istədiklərimi yaza bildim bu əsərdə. Rusiya və Azərbaycandakı mənəvi problemlər, dərin böhran haqqındadır bu əsər.
- Rusiyadan söz düşmüşkən. Uzun illər burada yaşayıb-yaratmısınız. Bu dövlətin Ukraynaya hücumunu, şahidi olduğumuz bu müharibəni necə qiymətləndirirsiniz?
- Rusiya uçurumun astanasındadır. Bir addım da atsa, uçurumdan yuvarlanacaq. Rusiyanın başladığı müharibə heç bir məntiqə sığmır. Dövlətdən xəbəri olmayan bir adam, KQB işçisi hakim olub. Böyük mədəniyyəti, tarixi olan bir ölkədə istədiyini edir. Camaat da susur. Amma Putinin nüfuzu elə Rusiyanın özündə sürətlə düşür. Çünki yalan siyasətə çevrilib. Həqiqəti demək cinayət hesab olunur. Yalnız söyləmək ha, hələ hərəkət etməkdən danışmırıq. Düzü demək cinayət hesab olunur, buna görə insanları qazamata salırlar. Tarix boyu bəşəriyyət bənzər vəziyyətləri çox görüb, amma beləsini görməyib. Şahmatda qaydalar var, bu qaydaları pozmaq olmaz. Həyatda da qaydalar var, ona uyğun davranmalısan. Amma Putin təzə qaydalar icad edib. Deyir ki, gəlin, bu qaydalarla oynayaq. Əlbəttə, dünyada ideal ölkə yoxdur. İsrail də ideal ölkə deyil. Burda da çoxlu problemlər var. Amma İsraildə vicdan var, qanun, ədalət var.
- Rus ziyalıları nə deyir bəs? İzləyirsinizmi? Qane edirmi onların mövqeyi?
- Əsl ziyalılar xaricdə, ya da həbsdədir. Qalanları yüz faiz satılıblar. İblisin qulu olublar. Putin düşünənləri özündən uzaqlaşdırıb. Ordusu da yoxdur artıq, insanlar boş-boşuna vuruşmaq, qardaşlarını öldürmək istəmir.
- Çingiz müəllim, Azərbaycan 44 günlük müharibədə işğal altında olan torpaqlarını azad etdi. İndi sülh müqaviləsinin imzalanması üçün işlər görülür. Necə düşünürsünüz, sülh müqaviləsindən sonra azərbaycanlılarla ermənilərin birgəyaşayışı mümkün olacaqmı?
- Birgəyaşayış mümkün olmasa da, bu problemlə bağlı çox ciddi müzakirələrə ehtiyac var. Bu müzakirələr uzun müddətli olmalıdır. Burada Rusiyadan da çox şey asılıdır, ancaq bilmirik, bu dövlətin axırı necə olacaq. O cümlədən də Qarabağda yerləşdirilən sülhməramlıların. Üç-dörd saata həll edilməli olan məsələni yoluna qoymur bu dövlət. Amma hər halda az-çox biz qalib gəldik. Mən azərbaycanlılarla ermənilərin birgəyaşayış imkanlarını ərəblərlə yəhudilərin birgəyaşayış imkanları ilə müqayisə edərdim. Yəhudilərlə ərəblərin birgə yaşaması qəti mümkün deyil. Bu məsələlər 5-10 illə həll olunası deyil. Ermənistanın havadarı Rusiyadır, amma bu gün Rusiya öz başını itirib. Ona görə də ermənilər ağıllı tərpənməlidirlər, əslində, onlar elə də ağılsız millət deyil. Ermənilər bizimkilərlə dil tapmalıdırlar. Bunsuz mümkün deyil. Onlar Türkiyə ilə əlaqələrinin qurulmasında maraqlı olmalıdır. Türkiyədə nə qədər erməni yaşayır. Öz istisadiyyatlarını dirçəltməli, ekstremist şüarlardan əl çəkməlidirlər. Biz isə dünyaya göstərə bilməliyik ki, Azərbaycanda insanlar necə gözəl, firavan, azad yaşayırlar. İnanın, bunun münaqişənin gedişinə çox böyük təsiri olacaq.
- Rusca yazırsınız. Siz özünüz müsahibələrində demisiniz ki, Sovet İttifaqı dağılandan sonra rus dilini bilməyən böyük bir nəsil yetişib və onlar sizin əsərlərinizdən xəbərsizdirlər. Sizcə bu problemi necə həll etmək olar. Hansı addımlar atılmalıdır?
- 91-ci ilə qədər Rusiya, Moskva Sovet İttifaqının mərkəzi idi. Mən ittifaqın göbəyində yaşayırdım. Ona görə demək olmaz ki, mən 60 ildən çox Rusiyada yaşamışam. Mən orada yaşaya-yaşaya hərtərəfli Azərbaycana bağlı olmuşam. Elə işimlə də. Hər zaman Azərbaycanın problemləri ilə məşğul olmuşam, bu mövzuda yazmışam. Özü də qəribə bir vəziyyət yaranmışdı, rus dili Bakıda daha çox işlənirdi, nəinki Moskvada. Həm də mən Moskvaya Azərbaycan dilini bilən mütəxəssis kimi lazım idim. Təsəvvvür edin ki, Moskva hər dəfə məni öz dilimə qaytarırdı. Bu baxımdan Moskvaya çox minnətdaram. Mən Bakıda qalsaydım, öz dilimi itirəcəkdim. Azərbaycanda o vaxtlar rus dili hökmranlıq edirdi. Mən Bakıda rusdilli məktəbdə təhsil almışam. O vaxt rus məktəblərində Azərbaycan dilindən əsasən Qarabağ erməniləri dərs deyirdi. Bizə Azərbaycan dilindən dərs deyən müəllim məni qoymurdu sinifdə oturmağa. Deyirdi, get, koridorda gəziş, onsuz da sən Azərbaycan dilini çox gözəl bilirsən. Bilmirdim, nəyə görə belə edir. Bəlkə də qorxurdu ki, onda nəsə səhv tutaram. Mən Moskvada ilk yazılarımı da Azərbaycan dilində yazmışam. Ona görə mənim Azərbaycandan qopduğumu, ayrıldığımı demək yanlış olar. Əsərlərim hamısı Azərbaycanla bağlıdır, Azərbaycan haqqındadır. Onu da deyim ki, mən məcburən rus dilinə keçmişəm. Çünki mənim ən ciddi əsərlərimdən birini - "Məhəmməd, Mamed, Məmiş” əsərimi redaktor geri qaytardı və dedi ki, Çingiz müəllim, bu əsəri çap etmək mümkün deyil. Çünki mən həqiqəti yazmağa başlamışdım. O vaxta qədər Azərbaycan yazıçılarının əsərlərini rus dilinə tərcümə edirdim. "Məhəmməd, Mamed, Məmiş”i redaktor geri qaytarandan sona bu əsəri - öz yazdığımı rus dilinə çevirəsi oldum. Nizami Gəncəvi əsl Azərbaycan şairidir, amma fars dilində yazıb. İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatının ilk realist əsərini - "Rəşid bəy və Səadət xanım”ı fransızca yazıb. Azərbaycanda hazırda yaşayan üç rusdilli xalq yazçışı, şairi var. Mənim də əsərlərimi yavaş-yavaş tərcümə edirlər, inanıram ki, hər şey daha yaxşı olacaq.
- Çingiz müəllim, bilirəm ki, İsa Hüseynovun yaradıcılığını çox yüksək qiymətləndirirsiniz. Yadımdadır, demişdiniz ki: "Nobel" mükafatına layiq idi İsa, ümumiyyətlə, sonrakı nəsil, mənim özüm də İsadan qidalanmışiq, "törəmişik”. Mən Azərbaycan ədəbiyyatının 50-ci illərdən tutmuş ta bu günə qədərki enişli-yoxuşlu dövrünü İsa Hüseynov dövrü adlandırardım". Əkrəm Əylisli bizə müsahibəsində deyib ki, İsa Hüseynov dahi olmaq istəyirdi, dəli oldu. Bu fikirə münasibətiniz də maraqlı olardı.
- Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı tarixi yenidən yazılmalı, bəzi vacib nöqtələrə toxunulmalıdır. Hər halda İsa Hüseynov problemi maraqlı problemdir. Bunu araşdırmağa dəyər. Əkrəmin dediyi yaxşı aforizmdir. Amma məsələ bir az fərqlidir. Bax, bu məsələlər, yenidən işlənməli, yazılmalıdır.
Ağa Cəfərli
Qaynarinfo.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib