Dərc edilib: 05-05-2022

https://www.nuh.az/31730-.html

Əlimərdan bəy Topçubaşının özü ilə eyni gündə doğulan nəticəsi... - Fotolar

05.05.2022 07:50:32

Reportaj

Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk sədri, Xarici işlər naziri, Milli müstəqilliyimiz və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşının anadan olmasının 160-cı ilidir. 

Əlimərdan bəy Topçubaşının böyük qızı Sara Kürdəmirdən (Topçubaşı) 2 nəvəsi olub, Zərifə və Gülnarə Kürdəmir. Hər ikisi də vəfat edib.


Gülnarə Kürdəmir və nəvəsi Aleks Brasak

Qafqazinfo” xəbər verir ki, “HafizTimes” bir neçə ay öncə vəfat edən Gülnarə Kürdəmirin Almaniyada yaşayan nəvəsi Aleks (Aleksandr) Brasakı tapıb, həmsöhbət olmağa çalışıb.

Aleksin anası Nilufer Sander Gülnarə Kürdəmirin qızıdır. Qeyd edək ki, Aleks Brasak Əlimərdan bəy Topçubaşı ilə eyni gündə, yəni mayın 4-də anadan olub.

- Babam Əlimərdan bəylə eyni gündə doğulduğumuzu anam mənə dedi. Çox sevindim, həm də çox təəccübləndim. Əlimərdan bəy böyük şəxsiyyət olub. Həmişə anam, nənəm ondan bəhs edərdilər. Onunla eyni gündə, mayın 4-də doğulmaq mənim üçün xoşbəxtlikdir. Amma mən Brazilyada dünyaya göz açmışam (1976-ci ildə). Həmin vaxt valideynlərim orada yaşayıb.

- Əlimərdan bəy Topçubaşı barədə nələr bilirsiniz?

- O, mənim çox sevdiyim nənəm Gülnarə Kürdəmirin babası olub. Bu yaxınlarda nənəm də vəfat etdi. Onun evində Əlimərdan bəyin çoxlu şəkilləri vardı.

Əlimərdan bəy, nəvələri: Gülnarə və Zərifə Kürdəmir. 1930-cu il, Paris

Nənəm onu çox sevərdi. Mən də ilk dəfə onun haqqında nənəmdən eşitmişəm. Azərbaycan üçün böyük işlər görüb, dövlət qurub. Mən də Əlimərdan bəylə fəxr edirəm. Onun ailəsinin davamçısı olmaq qürurvericidir.

- Sizinlə bağlı bilmək istərik. Harada yaşayırsınız? Nə işlə məşğul olursunuz?

- Mən Almaniyada yaşayıram. Televiziyada çalışıram. Səs üzrə mütəxəssisəm. İşimlə əlaqədar olaraq çox tez-tez xarici ölkələrə səfərlər edirəm. Bir oğlum var.

Nilufer Sander: “Mən də heç vaxt Azərbaycanda olmamışam. Amma Azərbaycandan bir neçə dostum var. Yayda Bodrumda işlədiyim gümüş zərgərlik mağazasına azərbaycanlı müştərilər də gələrdilər. Dərhal onlarla danışardım, nənəmin azərbaycanlı olduğunu söylərdim. Atası Əlimərdan bəy Topçubaşıdan söhbət açardım. Hamı Əlimərdan bəy Topçubaşını tanıyar, ondan  heyranlıq və hörmətlə bəhs edərdilər. Deyirdilər ki, Azərbaycandakı məktəblərdə Əlimərdan bəy Topçubaşı ilə bağlı dərslər keçirilir. Mən də xoşbəxt olardım”.

Gülnarə Kürdəmir və qızı Nilufer Sander

- Sonda oxucularımıza nə demək istərdiniz?

-Salam və sevgimi göndərirəm.

Nilufer Sander və oğlu Aleks Brasak

NUH informasiya agentliyi səhifəsindən çap edilib