Dərc edilib: 08-06-2022

http://www.nuh.az/31744-.html

Özünü “yandıran” biznesmenin qardaşı....

08.06.2022 10:36:05

LIVE

Xəbər verdiyimiz kimi, ötən il noyabrın 25-də Sabirabad rayonunun Bulduq kəndi ərazisində avtomobilində yanmış sümüklərinin tapıldığı bildirilən və bir neçə gün əvvəl paytaxtda sağ-salamat tutulan MTK direktoru Rafət Qəniyev məhkəmə qarşısına çıxarılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək barəsində 1 ay 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

 

Böyük səs-küyə səbəb olan və cəmiyyətdə müzakirə edilən bu hadisə R.Qəniyevin elə öz ailə üzvülərini də şok edib. Ailə ötən ilin noyabrın 25-də analarının məzarı yanında dəfn etdiyi sümüklərin ona məxsus olmadığını və Rafətin bacı-qardaşlarını da aldatdığını öyrəniblər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AzVision.az-a Rafətin qardaşı Elnur Qəniyev danışıb.

“Biz ailədə 4 övlad - iki bacı, iki qardaşıq. Məndən başqa hamısı Bakıda yaşayır. Anam rəhmətə gedib. Atam isə illərdir ki, Rusiyadadır. Ötən il qardaşımın maşında yanma xəbərini eşitdim. Müstəntiq mənə sellofanda sümüklər göstərdi və dedi ki, maşından çıxarılıb, aparıb dəfn edin. Biz də aparıb anamın qəbrinin yanında dəfn etdik. 3-4 gün bundan qabaq isə həbs xəbəri yayılandan sonra bilmişəm ki, qardaşım sağdır.

Rafətin iki oğlu var. Ailəsinin onun sağ olmasından ilk vaxtlar xəbəri olmayıb. Müstəntiqin dediyinə görə, sonradan xəbərlər tutublar. Ancaq bacılarımın da, mənim də həbs xəbəri yayılana kimi hansısa məlumatımız olmayıb. Mən hələ qardaşımı görməmişəm. Müstəntiqin dediyinə görə, başqa-başqa yerlərdə kirayə qalırmış.

Əsl sahibkar, dələduz isə Bəxtiyar adlı şəxsdir. Mənim qardaşım orada fəhlə işləyirdi. Bəxtiyar ona müxtəlif vədlər verərək aldadıb və şirkəti qardaşımın adına keçirib”.

Elnur Qəniyev deyir ki, Rafət Salyan rayonunun Sarvan kəndində qeydiyyatda olduğu üçün borcla bağlı məktublar onun evinə gəlirmiş.

“Mən də qardaşıma zəng edirdim. O isə deyirdi ki, boş şeydir, cır və at. Çünki Bəxtiyar ona deyirdi ki, “qorxma, mənlikdir, özüm həll edəcəyəm”. Mən isə cırıb atmırdım, indiyə kimi saxlamışam.

Rafət necə sahibkar ola bilərdi ki, kirayə qalırdı. Bəxtiyarın onu hansı yollarla aldatdığı haqda məlumatım yoxdur. Qardaşım elə bir adam idi ki, heç kimə heç nə demirdi. Onun heç bir təhsili yoxdur. Məktəbi güclə bitirib. Kəmsavad adam necə oldu ki, birdən-birə MTK direktoru oldu?”

Qardaşının sözlərinə görə Bəxtiyar adlı şəxs ilk dəfə Rafətə VAZ- 2107 markalı maşın bağışlayıb.

“Rafət bizə dedi ki, müdirin oğlunundur. Müdir maaşından hər ay az-az çıxaraq pulunu götürəcək. Sonra onu “Mercedes” markalı maşınla əvəzlədi. Ondan sonra “KİA”nın köhnə, ən sonda isə təzə modelini Rafətə aldı. Biz hiss edirdik ki, nəsə yolunda olmayan bir şeylər baş verir. Deyirdik ki, birdən səni aldadar. Deyirdi, yox, o elə adam deyil.

Xəbəri eşidəndən sonra inanmadım, müstəntiqə zəng etdim. Dedim, belə deyirlər. Mənim qardaşım sağ idi ki? Dedi, hə.

İndi həmin Bəxtiyar Bakıdadır. Hər şeyi boynundan atır, deyir, hər şeyi Rafət edib. Qardaşımın yanına gedib, olanları öz dilindən eşitmək istəyirəm”.

Xatırladaq ki, 25 noyabr 2021-ci ildə Sabirabad rayon prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub. Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.

Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.

Sabirabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.

Məlumata görə, Rafət Qəniyev Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən tutulub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib