Dərc edilib: 14-06-2022

https://www.nuh.az/31768-.html

“Açıq şəkildə deyirdi ki, filankəsi azad et, ya da həbs elə”

14.06.2022 13:46:57

LIVE

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. 


“Qafqazinfo” xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə zərərçəkən və şahidlərin ifadələri dinlənilib. Zərərçəkmişlərdən biri Zaur Əliyevin şərlənərək həbs olunması epizodu üzrə qayınatası Mirbala Əliyev şahid kimi çıxış edib. O, 80 min manat qarşılığında kürəkənini həbsdən azad etdiklərini bildirib: “Mövlam Şıxəliyev, dünya malına bel bağlama. Bu gün siz burada oturmusuz. Qısa ömrünüzü dünya malına fəda elədiz. Bundan sonranızı düşünün, adamların qarşısında üzrxahlıq edin, haqlarını verin”.

Daha sonra Mövlam Şıxəliyev söz alıb: “Mən istintaq idarəsinin rəisi olsam da, faktiki olaraq kargüzarlıq və təşkilati işlərlə məşğul olmuşam. İstintaqa aid, müstəntiqlərin icraatında olan cinayət işlərinə aid bütün məsələlər Baş prokuror Zakir Qaralov və 1-ci müavini Rüstəm Usubova aid olub. İstintaq İdarəsinə material gələndə mənim müstəntiqlərim birbaşa onlara məruz edirdilər. Və ya Baş Prokurorluqdan nümayəndə gələrək həmin materialı İstintaq İdarəsində müzakirə edirdi. Bunun nəticəsi olaraq cinayət işi başlanması və ya rədd edilməsi, qətimkan tədbirinin dəyişdirilməsi qərarı qəbul edilirdi. Ən sonda bu haqda mən məlumatlandırılırdım”.

Fotoda: Mövlam Şıxəliyev

Bu məqamda zərərçəkən Zaur Əliyev Mövlam Şıxəliyevə sual verib: “Qeyri-iş günü MTN-ə dəvət olundum. Təhsin Ağayev məndən 200 min pul istədi. Pulu verə bilmədim. Həmin gün cinayət işinin başlanması və barəmdə həbs qətimkan tədbirinin seçilməsi baş verdi. Siz kargüzar idinizsə, bu necə oldu?”

Mövlam Şıxəliyev suala “Həmin gün mən işdə olmamışam, bu barədə məlumatsızam. Nə edibsə, Təhsin Ağayev edib”, - deyə cavab verib.

Proses zamanı hakim təqsirləndirilən şəxslərə müraciət edib, onlara verilən ittihama münasibət bildirmələrini istəyib. Təqsirləndirilən Sahib Ələkbərov söz alaraq ittihama belə münasibət bildirib: “İcraatımda olan hər bir cinayət işi üzrə Zakir Qaralov, Rüstəm Usubov və Mövlam Şıxəliyev qərar verən vəzifəli şəxslər idi. Baş prokuror Zakir Qaralov özü Rüstəm Usubova, milli təhlükəsizlik nazirinə (Eldar Mahmudovu nəzərdə tutur), Mövlam Şıxəliyevə müraciət edirdi. Açın, telefonlarıma baxın. Mövlam Şıxəliyev məni yanına çağırırdı, açıq şəkildə deyirdi ki, Rüstəm Usubovdan belə bir tapşırıq gəlib. Ya deyirdi ki, filankəsi azad et və ya da get filankəsi həbs elə. Göstəriş veriblər, mən də tapşırığı yerinə yetirmişəm. Mən heç kim idim. Baş prokuror başda olmaqda, Rüstəm Usubov, Mövlam Şıxəliyev icraatımda olan cinayət işlərinə müdaxilə edib, tapşırıq verirdilər. Mən də icra etməyə bilməzdim. İcra etməsəydim, özümü həbs edəcəkdilər”.

Proses iyunun 14-ə təxirə salınıb.

Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib