Dərc edilib: 25-06-2022

https://www.nuh.az/31801-.html

“Qaçaq səfir” Kiyevə qayıtmaq istəmir

25.06.2022 10:54:22

Reportaj

Yarım milyona yaxın azərbaycanlını müharibənin ilk günlərində Kiyevin mərkəzində taleyin ümidinə buraxıb qaçan səfir ora hansı üzlə qayıda bilər?

Bakıda xalq artisti Brilliant Dadaşovanın “Ürəklə sizinlə” adlı konsert proqramı baş tutub. Konsert proqramına çoxdandır görünməyən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova da qatılıb. Bu haqda Bizimmedia.az xəbər yayıb.

Sayt yazır ki, Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur. Üstəlik, savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılır. Səfir hələ də Ukraynadakı vəzifəsinə qayıtmayıb.

Məlumat üçün bildirək ki, Elmira Axundova 2 ildir ki, Ukraynada səfir postunu tutur. Bu müddətdə onun adı nəinki ölkəmizin nüfuzunu qaldıracaq hadisələrdə hallanıb, əksinə, o, barəsində yayılan xoşagəlməz informasiyalarla yadda qalıb. Məsələn, 44 günlük Vətən müharibəsindən dərhal sonra Savik Şusterin Ukraynada populyar olan “Svoboda Slova” verilişinə onlayn qatılan Elmira Axundova Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu danmağa çalışıb. Aparıcının “Bu gün Azərbaycanın əsas müttəfiqi Türkiyədir, Türkiyə həm də Zaqafqaziyada çox ciddi faktordur” replikasına səfir “ola bilər” deyərək, çox qısa formada cavab verib. Aparıcı Elmira Axundovanın ifadəsinə təəccübünü gizlətməyərək, onun “ola bilər” sözlərini bir neçə dəfə təkrar edib. Bununla yanaşı, səfir Ermənistanın kapitulyasiya etməsinə görə Azərbaycan dövlətinə, Azərbaycan Ordusuna deyil, Rusiyaya (?!) minnətdarlığını bildirib.

Rusiyada anadan olan səfir “bizə hansısa Türkiyə kömək etməyib” kimi fikir də işlədib.  Elmira Axundova 5 dəqiqə 20 saniyəlik çıxışı zamanı Qarabağ müharibəsindən Azərbaycanı qələbə ilə çıxaran Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adını belə çəkməyə lüzum görməyib.

Elmira Axundova Ukraynadan qaçandan sonra Azərbaycanda adı qarışan dələduzluq işində izlərini itirməyə girişib. Belə ki, özünün və oğlunun adı hallanan dələduzluq işində zərərçəkənlərdən cərimələrin alınması üçün hərəkətə keçib. Hazırda Elmira Axundova məhkəmə icraçılarının vasitəsilə dələduzluq işində zərərçəkənlərdən pul almağa çalışır. Halbuki həmin iş üzrə araşdırma aparılarsa, Elmira Axundovanın, oğlu Həbib Axundovun cinayət işindəki səs yazıları incələnib hüquqi qiymət verilərsə, onların özləri “konsert”ə getməli olarlar.

Əslində Rusiya doğumlu Elmira Axundovanın Rusiyanın işğal etməyə çalışdığı Ukraynaya dönməsi Azərbaycanın milli maraqlarına uyğun deyil. Ukraynada olduğu 2 ilə yaxın müddətdə Elmira Axundova efirlərdə ölkəmizin adına xələl gətirməkdən, bahalı avtomobillərə görə gündəmə gəlməkdən, Kiyevin mərkəzində yol hərəkəti qaydasını kobud şəkildə pozmaqdan, kommersiya məsələlərinə görə mətbuatın diqqətini cəlb etməkdən başqa nəyəsə nail olmayıb. Bir də ki, yarım milyona yaxın azərbaycanlını müharibənin ilk günlərində Kiyevin mərkəzində taleyin ümidinə buraxıb qaçan səfir ora hansı üzlə qayıda bilər?

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib