Dərc edilib: 31-07-2022

https://www.nuh.az/31864-.html

Yeltsin mənə istənilən vəzifəni təklif edib, amma o, sərxoş və xain olub

31.07.2022 12:49:09

Maqazin

"Xüsusi əməliyyat istilaçıların deyil, fatehlərin əməliyyatıdır..."
 
"Rusiyada "Yeltsin mərkəzi"nin fəaliyyət göstərməsi nə dərəcədə aktualdır?.."
 
"Yeltsin məndən bir mərtəbə yuxarıda yaşayıb, mən həyatım boyu belə sərxoş və xain rəhbər görməmişəm..."
 
"Siz ölkəmizə, tariximizə, ata-babalarımızın bütün nailiyyətlərinə xəyanət etmisiniz..."
 
"Yeltsin mərkəzinə hər il 12 milyard vəsait xərclənir..."
 
"Xüsusi əməllyyat əclafların, alçaqların bizi nüvə silahı ilə təhdid etməyə cəhd göstərdiyi zamanda yeganə mümkün qərardır..."
 
Rusiyanın Solneçnoqorsk şəhərində Senej gölü ətrafında keçirilən "Mahiyyətlərin ərazisi" siyasi-gənclik forumunda iştirak edənlər Yekaterinburqdakı "Yeltsin mərkəzi" məsələsinə toxunublar.
 
Bu forum məruzəçilərin və auditoriyanın xüsusi tərkibi ilə fərqlənir.
 
"Rosmolodyoj" dövlət təşkilatının təşkil etdiyi belə forumlarda sovet dövrünün klassik komsomol-funksioner atmosferi hökm sürür. 
 
Həm məruzəçilər, həm də zalda əyləşənlər Putin rejiminə və cari ideoloji istiqamətlərə istisnsız olaraq loyallığını nümayiş etdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
 
Forumun sonuncu iclasında Rusiya Federasiyasi Kommunist Partiyasından (RFKP) gənc deputat Denis Kuroçkin səhnədə əyləşən siyasətçilərə səciyyəvi sual ünvanlayıb: "Son zamanlar biz vətənpərvərlik haqqında çox eşidirik. Mən Yekaterinburqda yaşayıram, bu şəhərdə "Yeltsin mərkəzi" deyilən müəssisə var. Orada Rusiya üçün dost olmayan dövlətlərin səfirlərilə görüşlər keçirilir, LGBT həftəsi təşkil edilir, başqa tədbirlər də olub. Tariximizə açıq-aşkar qara yaxan üzdəniraq "Memorial" təşkilatı tədbirlər keçirir. Necə düşünürsünüz, bu gün belə mərkəzlərin movcud olması aktualdırmı və onlar gənclik mühitində vətənpərvərliyi nə dərədə inkişaf etdirməyə imkan verir?".
 
Bu zaman səhnədə RFKP-nin sədri Gennadi Züqanov, "Vahid Rusiya" partiyası parlament fraksiyasının rəhbəri Vladimir Vasilyev, "Ədalətli Rusiya-həqiqət uğrunda" blokunun həmsədri Sergey Mironov, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Leonid Slutski və "Yeni insanlar" fraksiyasının sədr müavini Sardana Avksentyeva əyləşiblər.
 
Gennadi Züqanov bu sualı cavablandırıb. RFKP sədri, nədənsə, bu zaman "Yeltsin mərkəz"inin fəaliyyətindən deyil, Rusiyanın mərhum ilk prezidentinin şəxsiyyətindən başlayıb.
 
"Qarşınızda Yeltsinin yanında yaşayanlardan biri əyləşib. O, məndən bir mərtəbə yuxarıda yaşayıb. Mən onun Sverdlovskda işlədiyi zaman Ural rayonunun inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirmişəm, atom sənayesinin saxlanılmasına kömək etmişəm. O, Moskvaya köçəndən və bu postu tutandan sonra mən də Moskvaya kuratorluq etmişəm. Mənə bunu demək yersiz olsa da və mən xəcalət hissi keçirsəm də, amma öz həyatım boyu belə sərxoş və xain rəhbər görməmişəm. O, şəxsən mənə istənilən vəzifəni təklif edib. Mən ona demişəm: "Mən bunu qəbul etmək əvəzinə özümü güllələyərdim...Siz ölkəyə xəyanət etmisiniz, tariximizə xəyanət etmisiniz. Siz mənim ata-babalarımın bütün nailiyyətlərinə xəyanət etmisiniz. Mənim bütün nəslim öz vətən uğrunda vuruşub, mən isə üç il Almaniyada sovet qoşunlarının qrupunda, xüsusi kəşfiyyatda xidmət etmişəm", - Züqanov Boris Yeltsin haqqında xatirələrini bölüşüb.
 
Daha sonra o, "amerikalılarının xüsusi olaraq yaratdığı" "Yeltsin mərkəzi" mövzusuna keçib. Züqanov deyib ki, bu mərkəzə "hər il 12 milyard vəsait xərcləyirlər", amma hansı valyuta ilə və kimin bunu etdiyini dəqiqləşdirməyib. O, "yüz faiz amerikalıların yaratdığı insan mərkəzinin mövcud olmasını "milli rüsvayçılıq" adlandırıb.
 
Digər natiqlər də özünəməxsus çıxışları ilə yadda qalıb. Belə ki, RLDP  lideri iştirakçılara müraciətlə deyib: "Bu gün xüsusi əməliyyat istilaçıların deyil, fatehlərin əməliyyatıdır, rus dilini, sağlam düşüncəni qorumaq, bu ərazini nasizm və faşizmdən xilas etmək əməliyyatıdır. Və əlbəttə ki, bu, əclafların, alçaqların bizi nüvə müharibəsi ilə təhdid etməyə cəhd göstərdiyi zaman yeganə mümkün qərardır".
 
"Poetik soyadı" olan bu siyasətçi nədən Rusiya qoşunları "rus dilinu və sağlam düşüncəni" yad ölkədə qorumaq qərarına gəlib, Ukraynada "faşizm və nasizm"in əlamətləri hansılardır, bu ölkənin malik olmadığı nüvə silahı ilə necə təhdid edə biləcəyini izah etməyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib