Dərc edilib: 07-08-2022

https://www.nuh.az/31930-.html

Real ATOM TƏHLÜKƏSİ: Xirosimadan 1000 dəfə güclü olacaq-Zaporejy

07.08.2022 16:11:05

LIVE

Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin yeddinci ayında ölkənin cənubunda yerləşən Zaporojye Atom Elektrik Stansiyası ətrafında toqquşmalar şiddətlənib. Reaktorların vurulması böyük nüvə fəlakətinə səbəb ola bilər. 


Musavat.com xəbər verir ki, Avropada bir nömrəli, dünyada isə onuncu yerdə olan Zaporojye AES iki gündür ki, artilleriya atəşinə tutulur.

Altı blokdan ibarət olan atom elektrik stansiyasında transformator mərkəzlərindən birinin ötən gün atəşə tutulması nəticəsində bir reaktor bölməsi sıradan çıxıb. Elektrik stansiyasının reaktorları qəsdən və ya təsadüfən vurularsa, Xirosimaya atılan atom bombasından 1000 dəfə güclü radiasiya effekti yaradan fəlakət baş verə bilər.

QARŞILIQLI İTTİHAMLAR



Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Enerqodar şəhərində yerləşən Atom Elektrik Stansiyasını Dnepr çayının qarşı sahilindən artilleriya atəşinə tutduğunu iddia edib. Bildirilib ki, atılan 20 mərmidən 3-ü elektrik stansiyasının ərazisinə düşüb və AES üçün hidrogen istehsal edən müəssisə yararsız hala gəlib.

Rusiya Xarici İşlər Nazirliyi Avropada baş verə biləcək nüvə fəlakətinə görə Ukrayna administrasiyasının məsuliyyət daşıyacağını bəyan edib.

Ukrayna administrasiyası isə AES-də baş verənlərə görə Rusiya tərəfini günahlandırır. Mart ayında rus əsgərləri tərəfindən zəbt edilən elektrik stansiyasından müharibədə qalxan kimi istifadə edildiyini deyən Zaparojye fövqəladə vəziyyət qubernatoru Aleksandr Staruh rusların atom elektrik stansiyasını hədəfə aldığını bildirib.

“Dünən gecə onlar bizim mövqelərimizi vurmaq əvəzinə, elektrik stansiyasının 4-cü bloka hidrogen aparan boru xəttinə zərbə endirdilər. Bloka qoşulmuş yüksək gərginlikli xətlər vurulduqdan sonra ehtiyat tədbiri olaraq reaktor söndürülüb” - o bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya Zaporojye atom elektrik stansiyası ətrafında gərginliyi artıraraq bütün Avropa qitəsini və dünyanın yarısını təhlükə qarşısında qoyur.

REAL FƏLAKƏT TƏHLÜKƏSİ

Hadisələrlə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) də məlumat verilib. Agentliyin baş direktoru Rafael Mariano Qrossi bildirib ki, vəziyyət nüvə fəlakətinin real riskindən xəbər verir.

“Agentlik təcili olaraq elektrik stansiyasına baxış üçün müşahidə qrupu göndərməyə hazırlaşır” - Qrossi deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş də hadisələrə münasibət bildirib. O dünyada nüvə fəlakətinə səbəb ola biləcək böhranların artdığını ifadə edib.

Quterreş 6 avqust 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosima şəhərinə atom bombası atdığını, on minlərlə insanın bir anda həyatını itirdiyi xatırladaraq qeyd edib ki, dünya bu vəziyyətdən dərs çıxarmalıdır.

Nigar Cəfərli,
Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib