Dərc edilib: 03-09-2022

https://www.nuh.az/32097-.html

Xətai rayon sakinlərinin nazir Kəmaləddin Heydərova müraciəti

03.09.2022 14:38:45

Cəmiyyət

Xətai rayon sakinlərinin  nazir Kəmaləddin Heydərova müraciəti

Cənab Nazir !

 

Biz Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11 ünvanda yaşayan  sakinlər  xeyli müddətdir ki, Sizə və tabeçiliyinizdəki qurumlara müraciət etməkdən yorulub-bezmişik. Bu müddət ərzində DAŞDAN SƏS ÇIXIB, sizin nümayəndələrdən  səs çıxmayıb. Daha doğrusu, sizin nümayəndələriniz   GÖRÜNTÜ  üçün gəlib-getsə də, onların  fəaliyyətinin sakinlər üçün heç bir nəticəsi olmayıb, hətta yaşadığımız  binalarda adi bir ODSÖNDÜRƏN  balon da quraşdırılmasına nail olmayıblar. Ona görə də Sizin dəyərli vaxtınızı alaraq  yenidən şəxsən Sizə müraciət etməyə məcburuq.

Cənab nazir !

Özünüzü   bir anlıq  BİZİM YERİMİZDƏ hiss eləyin.

Gecə yatanda da təlaş, qorxu, səksəkə  içərisində yatırıq ki, birdən yaşadığımız  binada yanğın olar, insan fələfatı olar, uşaqlarımız  yanar və s.

Cənab nazir !

Belə hallar azmı olub..?

Hörmətli Kəmaləddin müəllim !

Sizə əbəs yerə FÖVQƏLNAZİR demirlər. Bu təkcə Sizin rəhbərlik etdiyiniz qurumun adı ilə bağlı deyil, daha çox sizin sözübütövlüyünüz, dürüsüt insan olmağınız və sadə insanlar arasında HÖRMƏT və NÜFUZUNUZLA bağlıdır.

Cənab nazir !

Siz illər öncə boş yerdə bir qurum – Fövqəladə Hallar Nazirliyi yarada bildiniz.

Azərbaycan cəmiyyəti Sizi dövlətə, dövlətçiliyə, cənab Prezidentə sadiq, həm də millətinə daxilən bağlı bir dövlət adamı kimi tanıyır. Sizin həm də unikal TƏŞKİLATÇILIQ bacarığınız var.

Cənab nazir !

Axı bizim YANĞIN TƏHLÜKƏSİZLİYİ ilə bağlı tələb etdiyimiz və sizin nümayəndələrin dəfələrlə yazılı olaraq TƏSDİQ EYDİYİ problemlərin aradan qaldırılması üçün dövlət vəsaitinə ehtiyac yoxdur. Yalnız “KAT-2020” MTK-ya ciddi tapşırıq  verməyiniz, konkret müddət göstərməyiniz və ortada konkret nəticənin olması yetərlidir.

Cənab nazir !

Sizin nümayəndələrin hər dəfə gələrək MTK-nı 300-400 manat cərimə etməsi ilə TƏHLÜKƏ-PROBLEM aradan qalxmır. Hətta yazılan cərimələr də icra olunmur, sadəcə, kağız üzərində qalır.  

Həm də 300-400 manat  cərimə yanğını söndürmür, sadəcə, Sizin nümayəndələr  cərimə etməklə özlərini gələcək sorğu-sualdan, məsuliyyətdən sığortalayırlar.

Onu da bildirək ki, “KAT-2020” MTK-nın bu qanunsuz əməlləri Siz nazir olmazdan əvvəl  mövcud olub və  əbəs yerə deyil ki, Siz 15 ildir  haqqında bəhs etdiymiz  yaşayış kompleksini təhvil almırdınız. Deməli, ciddi problemlər  var imiş, yəni bu problemlər sonradan yaranmayıb, əvvəldən mövcud olub  və Sizin nümayəndələr bu problemlər  MTK  tərəfindən aradan qaldırılmadan yaşayış kompleksini qəbul ediblər.

Hörmətli Kəmaləddin müəllim !

Nəzərə alın ki, 2 ha sahədə yerləşən və 10 binadan ibarət yaşayış kompleksinin ərazisində uşaq bağçaları, məktəb yaşına qədər uşaqların kolleci, uşaqların idman meydançası, klinikalar  yerləşir, sakinlərin əksəriyyəti gənc ziyalı ailələrdir, hətta sakinlər arasında xeyli sayda xarici ölkə vətəndaşları da var.

Yaşayış kompleksinin ərazisindəki binaların zirzəmilərində yerləşən parkovka-avtomobil dayanacaqları heç bir yanğın təhlükəsizliyi qaydalarına uyğun deyil və ciddi təhlükə mənbəyidir.

Cənab nazir !

FHN-nin nümayəndələri  2021-ci ildə İqtisadiyyat Nazirliyinin rəsmi icazəsi ilə  4 dəfə araşdırma aparıb, təxirəsalınmaz tədbirlər planı hazırlayıblar, cərimələr yazıblar, Xətai RİH-nə tapşırıq veriblər, 2021-ci ilin dekabr ayında isə parkovkaların fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar çıxarıblar, plomlayıblar,  Xətai rayon Elektrik  Təchizatı İdarəsinə məlumat verərək elektrik şəbəkəsindən  ayırıblar. 

Lakin  24 saat keçmədən  MTK  plombları qıraraq , elektrik enerjisini  bərpa edərək  zirzəmilərdəki parkovkaların əvvəlki fəaliyyətini bərpa ediblər.

 

Cənab nazir !

Müraciətimizin sonunda FHN DYNX-nin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət mayoru Mircavad Seyidovun imzaladığı rəsmi sənədi nəzərinizə çatdırırıq:

“Müayinə zamanı KAT-2020 yaşayış kompleksindəki binaların dəhlizlərində və digər zəruri sahələrində yanğın xəbərverici  siqnalizasiya qurğusu quraşdırılmadığı, zirzəmi sahəsində yerləşən avtodayanacaq sahələrinin avtomatik  yanğınsöndürmə qurğusu  ilə təmin edilmədiyi müəyyən edilmişdir”.

Cənab nazir !

Bu  biz  sakinlərin deyil, Sizin idarə rəisinin imzaladığı rəsmi sənəddir.

Bizə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur.

Ehtiyac olan yeganə odur ki, Siz konkret göstəriş verəsiniz və problem aradan qaldırılsın.

Və bizim ailələrimiz də  Sizə dua edərək evimizdə təhlükəsiz yaşayaq.

Dərin hörmətlə, Xətai rayonu, S.Vəzirov 11 ünvanda yaşayan sakinlər. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib