Dərc edilib: 21-11-2022

https://www.nuh.az/32794-.html

Soyadına görə Leninə, üzünə görə Brejnevə oxşayan 1-ci katib Qaqarinlə..

21.11.2022 13:43:27

Cəmiyyət

Onun həm soyadı, həm də xarici görünüşü siyasi karyerasında böyük rol oynayıb. 1961-ci ildə Riqa şəhər partiya komitəsinin ikinci katib işləyən Voldemar Leinin namizədliyi Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinə ikinci katib vəzifəsinə irəli sürüləndə Kremlə söhbətə çağrılıb. Nikita Xruşov Leinin şəxsi işinə nəzər saldıqdan sonra üzünü ona tutub:

- Voldemar Lein... Valideynləriniz bir az da düzəliş etsəydi Vladimir Lenin olacaqdınız. Sizin haqqınızda yoldaşlar da müsbət fikirdədirlər. Biz sizə etimad göstəririk. Çalışın bu etimadı doğruldun...

Beləliklə, Voldemar Lein Xruşovun razılığı ilə Latviyada ikinci şəxsə çevrilib. Məhz bu hadisədən sonra riqalı həmkarlarının bəziləri ona “yoldaş Lenin” deyə müraciət ediblər.

Вольдемар_Петрович_Леин.jpg (70 KB)

1963-cü ildə Lein ikinci bir sürprizlə qarşılaşıb. Həmin ilin oktyabrın 9-da Yuri Qaqarinin Kubaya səfəri planlaşdırılıb. Plana uyğun olaraq kosmonavt həyat yoldaşı ilə birgə xüsusi reyslə “İl-18” təyyarəsində Havanaya uçub. Amma onlar mənzil başına çatmamış dispetçerlərin hava şəraiti ilə bağlı xəbərdarlığından sonra Riqanın “Rumbula” aeroportuna məcburi eniş ediblər. Aviasiyada məcburi enişlər bir o qədər də qeyri-adi hal sayılmadığından riqalılar “İl-18”-i adi rejim qaydasında qəbul ediblər. Ancaq təyyarə eniş etdikdən sonra Yuri Qaqarinin trapda görünməsi bütün şəhəri ayağa qaldırıb. Kosmonavtın gəlişi haqqında dərhal respublika rəhbərliyinə məlumat verilib. Şəhərin ayrı-ayrı hissələrindən aeroporta axın başlayıb, pionerlər, fəal komsomolçular, sıravi sakinlər kosmonavtı gül-çiçəklə qarşılayıblar. Qaqarin özü də əvvəlcədən planlaşdırılmamış bu səfərdə belə izdihamın yaranacağına inanmayıb.

Aeroporta ilk gələnlərdən biri də Voldemar Lein olub. O, Latviyanın rəsmi siması kimi Qaqarini salamlayıb. Həmin dəqiqələrdə yerli müxbirlər də fürsəti əldən verməyiblər. Jurnalistlərdən biri isə daha çevik tərpənib. O, kadrları fotoaparatın lentinə köçürərək elə həmin saatlarda Riqa-Moskva reysi ilə mərkəzi qəzetlərə göndərib. Artıq səhərisi gün bir sıra mərkəzi qəzetlərin birinci səhifəsində “Yuri Qaqarin Riqada” başlığı altında informasiyalar gedib. Həmin informasiyalara aeroportdan çəkilmiş fotolar da yerləşdirilib. Ancaq fotoların altında şəkilaltı sözlər yazılmayıb. Yəqin ki, redaksiyalar buna ehtiyac olmadığını düşünüblər. Çünki Qaqarini bütün dünya tanıyıb.

1365697104_20130411191824.png (419 KB)

Redaksiyaların bü cür düşündüyü öz yerində, amma həmin fotolar Kremldə bir çaşqınlıq yaradıb.
Belə ki, oktyabrın 10-da Nikita Xruşov Ural bölgəsində səfərdə olub. Köməkçilərindən biri səhər saatlarında ona məlumat verib ki, Qaqarin Riqada səfərdədir. Həmin köməkçiyə isə bu məlumatı Moskvadakı tanışlarından biri telefonla deyib. Səhər saatlarında isə yeni qəzetlər Xruşovun olduğu məkana hələ gəlib çatmayıb. Bu məlumat sovet liderini təəccübləndirib. O, əvvəlcədən məlumatlı olub ki, Qaqarin Kubaya, oradan isə Meksikaya getməlidir:

- Necə yəni Riqadadır. O, Kubada olmalıdır.

Köməkçi məlumata kiçik bir əlavə də edib:

- Bəli, Nikita Sergeyeviş, Riqadadır, o, Leonid Brejnevlə birlikdə gedib. Qəzetlərdə şəkilləri də var.
Xruşov dərhal Brejnevlə rabitə əlaqəsi yaratmağı göstəriş verib və qəzəbini də gizlətməyib. Brejnev telefonda çox sakit səslə Xruşovu salamlayıb. Xruşovun ona ilk sualı isə belə olub:

- Nə vaxt qayıtmısınız?

Sualı anlamayan Brejnev suala sualla cavab verib:

- Haradan, Nikita Sergeyeviç?

- Riqadan.

- Mən Moskvadayam, dünən də, bu gün də iş başındayam, kabinetimdəyəm.

- Bəs qəzetlərdəki şəkillər nədir? Bu günün qəzetlərinə baxmamasınız?

9.jpg (142 KB)

 

- Qəzetlər mənim qarşımdadır. Yəqin Qaqarinlə olan şəkli nəzərdə tutursunuz. Bununla bağlı mənə bir neçə nəfər də zəng edib. Yəqin qəzetləri hələ almamısınız. Görsəydiniz, bilərdiniz ki, Qaqarinin yanındakı mən yox, Leindir. Axı mənim heç vaxt elə baş geyimim olmayıb.

Xruşov məsələni anladıqdan sonra dəstəyi yerə qoyub. Həmin səfərdə iştirak edən SSRİ Nazirlər Sovetinin işlər idarəsini müdir müavini (sonralar müdiri) Mixail Smirtyukov öz xatirələrində hadisə haqqında aşağıdakıları yazıb:

“Qaqarinin Riqada olmasını mən də bilirdim. Moskva ilə tez-tez əlaqə saxlayırdım və bu haqda mənə Nazirlər Sovetindəki əməkdaşlar demişdilər. Kosmonavtın Riqaya məcburi enişi haqqında Xruşova da məlumat hazırlamışdılar. Amma Xruşovun bir xasiyyəti var idi. Səfərlərdə olanda o, Moskvaya özünə lazım olanda zəng vururdu. Yəni kiminsə onu narahat etməyə, kobud ifadə etsək, cürət etmirdi. Xruşov əsasən müdafiə naziri Rodion Malinovskiyə istənilən vaxt ona zəng vurmaq səlahiyyəti vermişdi. Biz səhər saatlarında Xruşova Qaqarinin Riqada olması ilə bağlı məlumat verəcəkdik. Amma köməkçi bizdən qabaq onu məlumatlandırmışdı. Xruşov üçün Qaqarinin Riqada məcburi eniş etməsi təəccüblü deyildi, təəcüblü və onu qəzəbləndirən o idi ki, Brejnov ondan icazəsiz Riqaya “uçmuşdu”. Nəhayət, Brejnevlə danışandan sonra onu qəzəbi çəkildi və mətbuatın qarasınca danışmağa başladı...”

39.jpg (100 KB)

Yaranmış bu çaşqınlıqdan Lein də xəbər tutub və o, Moskvaya növbəti səfərlərinin birində Brejnevə üzrxahlıq edib. Brejnev isə bu üzrxahlığa zarafatla cavab verib:

- Siz baş geyiminizi dəyişməyin, bizi fərqləndirən cəhət yalnız papaqlarımızdır.1970-ci ildə, artıq Brejnev hakimiyyətdə olanda SSRİ qida sənayesi naziri vəzifəsinə namizədlər müzakirə ediləndə baş katib Siyasi Büronun iclasında Leinin namizədliyini irəli sürüb və fikrini belə əsaslandırıb:
“Bu nazirlikdə biz tez-tez neqativ hallarla qarşılaşmışıq. Mən ümid edirəm ki, Voldemar Lein bu problemləri aradan qaldıracaq. Lein partiyamızın banisi Lenin kimi əsl kommunist və vicdanlı bir adamdır...”

Beləliklə, Lein 1970-ci ildə SSRİ qida sənayesi naziri təyin edilib və siyasi elitada Brejnevin ən yaxın adamlarından biri kimi tanınıb. O, bu vəzifədə nazirlik bir qurum kimi ləğv olunana, 1985-ci ilə qədər işləyib.

lein_vp-1128x1536.jpg (206 KB)

Qeyd edək ki, milliyyətcə latış olan Lein 1920-ci ildə Udmurtiyada anadan olub. Hələ uşaq olarkən ailə Donetskə köçüb. Lein Donetsk Sənayə İnstitutunda və Mərkəzi Komitə yanında Ali Partiya Məktəbində təhsil alıb. İlk əmək fəaliyyətinə Riqadakı “Layma” konditer fabrikində başlayıb. Sonrakı fəaliyyətini partiya orqanlarında davam etdirib.

Soyadı Leninə, özü isə Brejnevə bənzəyən Voldemar Lein 1987-ci ildə, 66 yaşında vəfat edib. O, Moskvada, Troekurovsk qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib