Dərc edilib: 23-11-2022

https://www.nuh.az/32819-.html

İranda etirazçı qadınların kütləvi zorlanması davam edir –Dünya mediası

23.11.2022 11:35:33

Reportaj

 İranda etiraz aksiyalaında iştirak edən qadınları və gənc qızları həbsxanalarda cinsi təcavüz edilib.

Bu cür hadisələrin şahidləri və qurbanları ölkədə fəaliyyət göstərən xarici media orqanlarına məlumat veriblər.

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. Bu müddət ərzində 415-dən çox etirazçı həlak olub, daha çox insan yaralanıb. 15 minə yaxın adam həbs edilib. Onların bir çoxu hələ də həbsxanalarda və polis bölmələrində pis rəftara məruz qalırlar. CNN jurnalistləri saxlanılanlardan biri, aksiyalarda iştirak edən 20 yaşlı qızla danışıb. O, polis bölmələrində cinsi zorakılıqdan bəhs edib.

Kürd əsilli Xana (CNN-in məlumatına görə, təhlükəsizlik məqsədilə adı dəyişdirilib) adlı qız saxlanıldıqdan sonra İranın şimal-qərbindəki Urmiya şəhərində polis bölməsinə aparılıb. O, cinsi zorakılığın şahidi və qurbanı olduğunu bildirib. Eyni zamanda o, təcridxanada cəmi bir gün keçirib.

Xananın saxlandığı ərəfədə onun anasına Mahabad şəhərindəki həbsxana müdiriyyətinin yüksək rütbəli əməkdaşı olan tanışı telefonla zəng edib. O, qadını “heç bir halda” qızlarını evdən buraxmağa çağırıb ki, onlar etirazlarda iştirak etdiklərinə görə saxlanılmasınlar, çünki İran həbsxanalarında qadınlarla “çox pis rəftar” edilir.

Xəbərdarlığa baxmayaraq, Xana etirazlara qoşulub və bir çox digər qadınlar kimi hicabını açıq şəkildə yandırıb. Polis ona bildirib ki, guya bu an müşahidə kamerasına düşüb və bununla da onun saxlanmasına zəmin yaradılıb.

Onunla birlikdə daha 30-40 qadın, həmçinin polis əməkdaşları tərəfindən şiddətli döyülən 13-14 yaşlı yeniyetmələr polis bölməsinə aparılıb. "Ancaq cinsi istismara məruz qalan qızların vəziyyəti daha pis idi" , - Xana deyib.

Kamera yoldaşları ona təcridxanada baş verən zorlamalar barədə danışıblar və Xana özü də saxlanılan yeniyetmələrdən birinin polisin dindirmə otağına aparılan bacısının müdafiəsinə qalxdığının şahidi olub. Polis yeniyetmənidəyənəklə döyüb, bacısı isə qonşu otağa aparılıb və oradan onun qışqırığı eşidilib. Xana qızın zorlandığına əmindir.

Xana özü də zorakılığa məruz qalıb. O, bildirib ki, polis məmuru onu dindirmə otağına bağlayıb və orada cinsi əlaqə qarşılığında onu buraxacağını deyərək təcavüz edib. CNN nəşri bildirir ki, müsahibə zamanı qızın boynunda qançır izi görünüb.

Xananın sözlərinə görə, insanların İran həbsxanalarında və təcridxanalarında baş verənlərdən o qədər də xəbəri yoxdur, çünki polis qadınları qorxudur: “Onları hədəlirlər ki, başlarına gələnləri deməsinlər, bunu onlara kimin etdiyini danışmasınlar”.

Xananı həbsdən atası xilas edib və o, İrandan qaça bilib. O, əmisinin ailəsi ilə bir qrup kürd qaçaqmalçısının ardınca bir neçə gün dağ yollarında gedib. CNN-in məlumatına görə, İran sərhədçiləri qeyri-qanuni olaraq ölkəni tərk etməyə cəhd edənlərə atəş açır.

Baş verən hər şeyə baxmayaraq, Xana başqalarından daha şanslı olduğuna əmindir. CNN yazır ki, bir çox məhbus “İranın qarışıq həbsxana sistemində” yoxa çıxır: "Cinsi zorakılığa məruz qalan və sonra başqa şəhərlərə aparılan qızlar var idi”. Hüquq müdafiəçiləri CNN-ə bildiriblər ki, son illər İranda yüzlərlə insan izsiz yoxa çıxıb.

İtkin düşənlərdən biri də 20 yaşlı Armita Abbasidir. Etirazlar başlayandan bəri o, sosial mediada hökumət əleyhinə yazılar dərc edib. Bununla belə, onun küçə etirazlarında birbaşa iştirak edib-etmədiyi məlum deyil. Lakin polis qızı bu etirazlara rəhbərlik etməkdə ittiham edərək saxlayıb. Səlahiyyətlilər bildirir ki, polis Abbasinin mənzilində axtarış apararkən guya 10 ədəd “Molotov kokteyli” aşkar edib.

Oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasini düz bağırsağından aldığı ağır xəsarətlə Tehranın Kərəc qəsəbəsindəki xəstəxanaya aparıblar. Qızın başı qırxılıb. Həkimlər onun çox qorxduğunu və titrədiyini bildiriblər. 

Polis xəstəxana işçilərinin Armita ilə danışmasına mane olub və həkimləri zorlamanın onun həbsindən əvvəl baş verdiyini sənədləşdirməyə məcbur edib. Bu hadisə ictimailəşəndə polis qızı xəstəxanadan çıxarıb. İndi onun harada olduğu bilinmir.

https://meduza.io/feature/2022/11/22/v-iranskih-tyurmah-nasiluyut-zhenschin-zaderzhannyh-za-uchastie-v-protestah

Musavat.com


NUH informasiya agentliyi səhifəsindən çap edilib