Dərc edilib: 19-01-2023

https://www.nuh.az/33657-.html

33 il əvvəl, bu gün, Bakı...

19.01.2023 15:28:07

Cəmiyyət

İndiki kimi quru soyuqlar keçirdi, yerdə qar yox idi, havadan qəm qoxusu gəlirdi. Əynim nazik deyildi, amma həmin gün getdiyim hər yerdə üşüyürdüm, tezliklə nə isə pis hadisələr olacağını, amma bunun həm də qaçılmaz olduğunu dərk etdikcə adamın ruhu sarsılırdı, canını qoymağa yer tapa bilmirdin. 

Bakının müxtəlif yerlərdə adamlar toplaşmışdı, ocaq yandırılan yerlər də vardı... Sanki pis ruhları qovmaq, yaxına buraxmamaq üçün yandırılan ocaqlar kimi. Bir tərəfdə də “qan-qan” deyən adamlar vardı, kimlər idi bilirsiz...  

Universitetdə(BDU) ya 17-si, ya da 18-i sonuncu smestr imtahının vermişdim, amma qış tətili üçün Şuşaya getmək  əzab kimi görünürdü. Ağdam-Şuşa yolu bağlı idi, qatarla Ağdama gedib, oradan vertolyotla getməyə ümid vardı. 

Qarabağ o yanvarda deyəsən, yaddan çıxmışdı, hakimiyyət davası başlamışdı. Bir neçə ay əvvəl məni “AXC üzvü” kimi qələmə vermək istəyən SSRİ tarixi müəlliməsinə verdiyim cavab auditoriyada hamını təəccübləndirməşdi. “Oradakılar  də elə Vəzirovun  tayıdır” kimi bir şey demişdim qəzəblə.... 

Günortadan sonra daha şəhərdə qalmadım, evə qayıtmağa qərar verdim. “XI Qızıl Ordu” metrosundan çıxdım, şər qarışırdı, heykəlin yanı ətrafdında xeyli adam toplaşmışdı, burada ləngimədiyimi xatırlayıram. 

Əbədi müqəddəslik ünvanı – Şəhidlər xiyabanı

Ağır addımlarla Alatavaya tərəf dikləndim, Vərəm dispanserinin qarşısında bir neçə adam dayanmışdı, şəhərdən gələnlərdən nələr baş verdiyini öyrənmək üçün vurnuxurdular. Mənzərə ürəyimi daha da sıxdı, addımlarımı yeyinlətdim... 

Evə girdim, bitkin olduğumu indi daha çox hiss etdim və üzərimdəkiləri çıxarıb çarpayının üstünə uzandım. Televizorda yanlış xatırlamıramsa, hansısa hind filminin sonları gedirdi... Gözümü tavana zillədim və gözlərimi yumdum...

Nə qədər zaman ötdü, bilmirəm. Gözümü açanda televizor dızıldayırdı. Antennası çıxanda adətən belə edərdi. Xeyli qurdaladım, bir azdan isə məlum oldu ki, həyətdə heç kimin televizoru göstərmir. Kimsə bir azdan köhnə radio gətirdi, atışma başlayanda xalqın küçlərə çıxması çağırışını da oradan eşitdim...Kim idi görəsən?    

Evdən çıxmağıma doğmalar imkan vermədi, bizim ev tərəfdən atışma və güllə səsləri isə səhərədək susmadı.

Martyrs'_Lane_5.jpg (1.51 MB)

Hava işıqlaşan kimi küçəyə çıxdım. “Salyan kazarması” tərəfdən hələ də güllə səsləri gəlirdi. “Respublika xəstəxanası”nın yanından keçib üzüaşağı piyada ta “Beşmərtəbə”yə- “1001 xırdavat” dükanın yanına kimi birtəhər gəldim. Çox erkən olmasına baxmayaraq, Şuşaya zəng edim, “burda ara qarışıb, şəhərə ordu girib, amma hamımız  yaxşıyıq” dedim. Rayonlar və şəhərlərası danışıq məntəqəsinin yanında bir qadının ağladığnı heç vaxt unutmadım. Deyirdi ki, oğlu gecədən çıxıb qayıtmayıb, həm də ruhu xəstədir. Bu, 20 Yanvar faiciəsinə ağlayan bəlkə də ilk ana, şəhidlər üçün ilk göz yaşları idi...

Şuşaya zəngim qısa oldu. Bakıya ordu girdiyini, amma hamımız yaxşı olduğunu dedim, baxmayaraq ki, imtahanlarını hələ verib qurtarmayan və BDU-nun yataqxanasında qalan qardaşımdan(Hikmət Sabiroğlu) bərk narahat idim. Oradan birbaşa universitetə gəldim. 

BDU-nun qarşısında qardaşımı tapdım, rəngi qaralmışdı. Xırıltı səslə “camaatı qırdılar” dediyini indiki kimi xatırlayılram. Gecə nələr yaşadığını hələ çox sonralar biləcəkdim. Sonuncu imtahanı verdikdən sonra qatarla Bakıdan çıxdıq.  Bakı-Ağdam qatarında keçirdiyimiz gecə  cəhənnəm kimi gəlib keçdi. Soyuq qatarla, ağır əhval-ruhiyyədə Ağdama çatdıq. 

images.jpg (10 KB)

Ağdam artıq şəhidlərə ağlayırdı. Ağdam belə bir müsibəti bir də Xocalı qırğını baş verəndə yaşayacaqdı...

Ağdam-Şuşa yolu bir neçə gün sonra açıldı. Hərbçilərin müşahidəsi ilə Şuşaya çatdıq. Burda bir başqa yanvar bizi gözləyərdi. Hadisələrdən və bizdən bir neçə gün xəbər çıxmamasından keçirdiyi ağır stress bir neçə gün sonra atamı yatağa yıxdı. Atamızın yastağı başında qaldıq...

Həmin yanvarda Bakıya nə zaman qayıtdığımı nə qədər edirəmsə, xatırlamıram...

Nazim SABİROĞLU, 
Musavat. com

NUH informasiya agentliyi səhifəsindən çap edilib