Dərc edilib: 15-02-2023

https://www.nuh.az/33934-.html

Prezidentin təyin etdiyi yeni rektor kimdir? - Dosye

15.02.2023 16:52:00

Mədəniyyət

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq rəssamı Natiq Kamal oğlu Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” yeni rektorun dosyesini təqdim edir.

Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakıda anadan olub.

1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Məktəbi "Fərqlənmə diplomu" ilə bitirib. 1978-1983-cü illərdə təhsilini V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində davam etdirib. Natiq Əliyev 1980-1983-cü illərdə Lenin təqaüdçüsü olub. O, 2005-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adına layiq görülüb, 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

N.Əliyev Ümummilli lideri Heydər Əliyevin Kiyev (2004), Belqrad (2011), Tiflis (2007), Həştərxan (2010) şəhərlərində ucaldılmış abidələrinin, Xocalı soyqırımı qurbanlarının xatirəsinə Sarayevo (2012), Mexiko (2012), Ankara (2013), Qızılca-hamam (2014) şəhərlərində ucaldılmış abidələrin və bir çox digər əsərlərin müəllifidir.

Heykəltəraşın yaratdığı əsərlər içərisində Şamaxı torpağının bəxş etdiyi dühalar da böyük yer tutur. Memar Zivər bəy Əhmədbəyovun (Bakı, 2011) abidəsi, Fələki Şirvani, Əfzələddin Xaqani, İzəddin Şirvani, İmadəddin Nəsimi, Şirvanşah I İbrahim, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Sultanməcid Qənizadə, Mirzə Məhəmmədhəsənin Şamaxı şəhərində ucaldılmış büstləri N.Əliyevin əsərləridir.

Qeyd edək ki, N.Əliyev bu təyinatadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri olub.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib