Dərc edilib: 23-01-2016

https://www.nuh.az/7120-.html

Rüfət Səfərov azadlığa çıxdı

23.01.2016 13:32:00

Cəmiyyət

 

Musavat.com  xəbər verir ki,  dünən Binəqədi rayon Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı verilən vəsatətə baxılıb.  

 

Məhkəmə onların vəsatətini təmin edərək R.Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. R.Səfərov məhkəmə zalından azadlığa buraxılıb.

“Ədalət bərqərar oldu”.

 

Bunu musavat.com-a açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov dedi. Onun sözlərinə görə, qərar onlarçün gözlənilməz olduğu qədər də sevindirici olub. Müsahibimiz dedi ki, məhkəmə onların vəsatətini təmin edərək R.Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib: “Həbs-qətimkan tədbiri ilə bağlı verilmiş qərardan apelyasiya şikayətimiz əsasında Apelyasiya Məhkəməsində proses olmalıydı. Yaxşı ki, Binəqədi rayon Məhkəməsindəki prosesdə məsələ həll olundu və digər prosesə ehtiyac qalmadı. Bu, bizimçün gözlənilməz olsa da, təqdirəlayiq haldır. Prosessual məcəllənin tələblərinə riayət olundu”.B.Bayramov R.Səfərovun onunla birgə olduğunu desə də, bundan sonra mediaya danışmayacağını vurğuladı: “Bilirsiniz ki, Rüfət Səfərov ağır maddə ilə ittiham olunub və hazırda təqdirləndirilən şəxs statusundadır, ev dustağıdır. Bu baxımdan onun mediaya danışmasını məqbul hesab etmirik”.Vəkil dedi ki, cinayət işinin istintaqının gözləyirlər. Onun sözlərinə görə, mövqelərini ortaya qoyacaqlar və R.Səfərovun bəraət alması üçün hüquq müstəvisində mübarizələrini davam etdirəcəklər: “Bu məsələ qurtarandan sonra Rüfət Səfərov gələcək planları barədə danışacaq. İndiki mərhələdə isə hər hansı açıqlama verməsi statusuna görə uyğun deyil”.R.Səfərovun valideynləri - Eldar Sabiroğlu və Tahirə Səfərova prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya müraciət ediblər. Onlar övladlarının həbsdən buraxılmasına görə minnətdarlıqlarını bildiriblər:“Möhtərəm Prezident, hörmətli Mehriban xanım!Oğlumuz Rüfət Səfərovun məlum işi ilə əlaqədar çox üzüntü keçirdik. Ailəmizin həyəcan və əzabını sözlə ifadə etmək çətindir. Allah kimsəyə, heç bir valideynə belə ağır günü göstərməsin. Ancaq yenə ümidlə yaşayırdıq.Möhtərəm prezident! Şükürlər olsun ki, bu ümidimizi puça çıxarmadınız. Siz gənc bir insanın həyatını dəmir barmaqlıqlar arasında davam etdirməsinin önünü kəsdiniz. Bu günədək yüzlərlə vətəndaşımızı həbsxana divarları arasından xilas edərək onların azadlığa qovuşması üçün göstərmiş olduğunuz böyük humanizmin və bir şəxsiyyət kimi nümayış etdirdiyiniz rəhmidilliyin yüksək dəyər və qiymətə söykəndiyini etiraf etməyə bilmirik. Sonsuz inamla qeyd etmək istərdik ki, bundan sonra da bu cür xeyrxahlığınız gözləri yolda qalan ata-analarımızı sevindirəcək və ailələrə xosbəxtlik nəsib edəcəkdir. İnsanın hiss və duyğulardan kənar yaşamasının nə qədər çətin olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu mənada Rüfətin yanına -Bakı İstintaq Təcridxanasına gedərkən qapı ağzında toplaşmış kədər və qussədolu gözlərə baxmaq, pəncərədən boylanan həbsxana “sakinlərinin” həsrətli baxışlarını görmək bir sızıltı kimi içimizi göynətdi. Daxili bir inam bizdə əminlik yaradır ki, Rüfəti azad dünyaya çıxardığınız kimi həmin təcdirxana qarşısında gözü yaşla dolu olan ana və bacılarımıza da bizə bəxş etdiyiniz sevinci onlara da qismət edəcəksiniz.Bir daha bu sevinci ailəmizə yaşatdığınıza görə Sizə və xanımınız Mehriban Əliyevaya dərin təşəkkur və minnətdarlığımızı bildiririk. Cənab Prezident böyük ürək sahibi olduğunuzu övladımız Rüfətin qismində bir daha göstərdiniz. Çox sağ olun!"Günün sonunda isə R.Səfərov facebook statusunda aşağıdakıları yazıb: “Azadlıqda xoş görüşdük. Əziz bacı və qardaşlarım! Vicdan və ədalət hissini göz ardı etməyən insanlar! Azad media təmsilciləri! Vətəndaş cəmiyyətinin ləyaqətli kəsləri! Mən Rufət Səfərov olaraq verdiyiniz dəstəyə görə sidq-ürəkdən minnətdarlıq edirəm. Mənə dəstək verənləri əmin edirəm ki, şərəflə doğuldum, şərəflə yaşayıram, şərəflə də öləcəyəm! Bu qədər!”Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib