Dərc edilib: 01-02-2016

https://www.nuh.az/7166-.html

Vətəndaşlar bələdiyyədən çox şey umur

01.02.2016 18:22:50

Cəmiyyət

Üfüqdə isə hələ ki, bir işartı görünmür

 

Bələdiyyələrin statusu ilə bağlı Bələdiyyə haqqında qanunda aydın şəkildə deyilir:  “Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu Qanunla (“Bələdiyyə haqqında Qanun”) səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər”.

Diqqətlə nəzər yetirsək görərik ki, Qanunun bu maddəsində müstəqil yerli özünüidarəetmə qurumunun cəmiyyətdəki yeri və rolu aydın şəkildə öz əksini tapıb. Həmçinin Qanunda bələdiyyələrimizə beynəlxalq standartlara uyğun səlahiyyətlər və fəaliyyət azadlığı nəzərdə tutulub. Bu gün çox təəssüf hissilə qeyd etməliyik ki, bu məsələ məhz nəzərdə tutmaqdan o yana getməyib. Bələdiyyələrin müstəqil fəaliyyətindən danışmaq ümumiyyətlə absurddur. Bələdiyyələrin böyük əksəriyyəti faktiki olaraq öz mülkiyyəti və büdcəsinin sahibi deyil. Yerli əhəmiyyətli məsələləri müstəqil şəkildə həll etməkdən tamamilə məhrumdur. Bütövlükdə yerli icra hakimiyyətindən asılı vəziyyətdədir. Hətta əyalətlərimizdə elə bələdiyyələr var ki, öz büdcələrindən rayonun şəriksiz sahibi olan icra hakimiyyəti başçısının icazəsi olmadan bir manat belə götürüb xərcləyə bilməz.

Bu xoşagəlməz məsələləri biz havadan götürüb şərh etmirik, uzun müddət bələdiyyə sahəsində çalışarkən etdiyimiz müşahidələr əsasında deyirik. Konkret bir misal. Bir neçə il əvvəl abunə məsələsi ilə əlaqədar Bərdə rayonuna ezamiyyətimiz zamanı bələdiyyələrin öz doğma qəzetlərinə abunə yazılmalarına törədilən əngəllərin canlı şahidi olduq. Bələdiyyə sədrləri bildirdilər ki, onlar bələdiyyələrin problemlərini qaldıran, maarifləndirmə missiyasını geniş miqyasda həyata keçirən sahə qəzetinə həvəslə abunə yazılmaq istəyirlər. Lakin Rayon İcra Hakimiyyəti tərəfindən bələdiyyələrə göndərilən siyahıda adları göstərilmiş qəzetlərə yazılmağa məcbur olurlar. Çünki bu, yuxarıdan gələn göstərişdir və ona sözsüz əməl olunmalıdır. Əks halda bələdiyyə sədrləri müxtəlif növ təzyiqlərə məruz qala və hətta onların fəaliyyətinə xitam verilə bilər. Ona görə də heç kəs bu problemlə üz-üzə qalmaq istəmir.

Qısası, bələdiyyə sədrləri öz doğma qəzetlərinə abunə yazılmağın çarəsini tapmaq üçün bizə Rayon İcra Hakimiyyətinə müraciət edib ordan icazə almağı məsləhət gördülər. Biz belə də etdik. Rayon İcra Hakimiyyətinə gedib müvafiq şöbədə çətinliklə də olsa icazəni almağa müvəffəq olduq. Bundan sonra rayon bələdiyyələri abunə olmaq məqsədilə qəzetimizin ünvanına vəsait köçürməyə başladılar.

Vəsait həm də qanunla verilən səlahiyyətləri həyata keçirmək üçün mühüm məsələdir. Pulsuz bələdiyyəni isə ərazidə heç kəs saya salmır. Ölkədə kasıb bələdiyyələr isə saysız-hesabsızdır. Onlar yalnız ildə bir dəfə cüzi dövlət yardımı almaqla problemlərini həll etməyə çalışırlar. Həmin dövlət yardımı isə Rayon İcra Hakimiyyətlərinin göndərdiyi siyahıda adı çəkilən mətbuat orqanlarının abunə pulunu ödəməyə zorla çatır.

Bələdiyyələr qanunla öz ərazilərində olan bələdiyyə torpaqlarını müstəqil şəkildə tenderə çıxarıb satmaq səlahiyyətinə malikdirlər. Bu səlahiyyət isə yalnız kağız üzərində mövcuddur. Heç bir bələdiyyə sədri Rayon İcra Hakimiyyətinin icazəsi olmadan bir qarış torpaq sata bilməz. Əvəzində isə istər qanuni, istərsə də qeyri-qanuni satılan torpaq satışı sənədlərinə bələdiyyə möhürü vurulur və bələdiyyə sədrinin qolu qoyulur. Bununla da bələdiyyə sədrləri gözə görünməyən (əslində hamı hər şeyi görür və bilir) əl vasitəsilə özləri üçün gələcək problemlərin bünövrəsini qoyurlar. Hər ilin sonunda Bələdiyyə İş Mərkəzi xeyli sayda qanunsuz satılmış torpaqlar barədə hesabat hazırlayıb müvafiq orqanlara təqdim edirlər. Həmin hesabatlarda eyni zamanda nə qədər bələdiyyə sədri haqqında istintaq orqanlarına təqdimat göndərildiyi öz əksini tapır. Yəni istənilən halda çanaq bələdiyyənin başında sınır. Qanunla xüsusi səlahiyyət sahibi olan bələdiyyələrin fəaliyyətlərini müstəqil surətdə həyata keçirə bilməmələri bir yana, həm də vaxtaşırı aparılan yoxlamalar nəticəsində aciz durumda müdafiəsiz qalmaları hər kəsə bəlli faktdır. Onları qanunsuz fəaliyyətə təhrik edənlər isə heç bir məsuliyyət daşımırlar.

İşi “dolaşığa” düşən bələdiyyə sədrlərinin müdafiəsini bəlkə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi təmin etməlidir? Mən bilmirəm indiyədək belə bir hadisə baş verib, ya yox. Bu qurumun ancaq bir vəzifəsi var: bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək. Yəni, İş Mərkəzi müdafiə işilə deyil, inzibati nəzarət yolu ilə ölçü götürmək vəzifəsini yerinə yetirir. O da bəzi qurumlar kimi öz başını salamat saxlayıb mövcudluğunu qorumağa çalışır.

Məhz bu sahibsizliyin nəticəsidir ki, müstəqil yerli özünüidarəetmə qurumunu başında hərə bir cür dəlləklik edir. Bir çox hallarda nəinki rayon İcra Hakimiyyəti, hətta yerli icra nümayəndələri də bələdiyyənin işinə qarışır, istədiyini diktə edərək onu təzyiq, təsir altında saxlayırlar. Yəni münasibətlər qarşılıqlı məsləhətləşmələr, işbirliyi yaratmaqdan kənara çıxır. Hər kəs bələdiyyədən yeni-yeni ideyalar, layihələr, təşəbbüskarlıq tələb edir. Belə bir şəraitdə isə bələdiyyə hər hansı bir təşəbbüsünü sərbəst şəkildə reallaşdıra bilmir.

Bir sözlə, qanunla müstəqil adlandırılan bir qurum öz statusundan çox-çox uzaqdır, səlahiyyətlərindən lazımınca yararlana bilmir. Belə müstəqilliyi yəqin ki, heç bir qurum arzu eləməz. Di gəl, vergilərini, rüsumlarını ala bilməyən, büdcəsi boş qalan bələdiyyəyə hamı hər tərəfdən “ver, ver” deyir. Görəsən, elə bir zaman gələcəkmi ki, dövlət və vətəndaşlar bələdiyyə büdcəsini doldurmaq barədə fikirləşəcək? Şübhəsiz, belə bir mexanizmin qurulması qanunda köklü islahatlar aparmaqdan keçir. Bələdiyyədən çox şey uman vətəndaşlar ümidlə yaşayır. Üfüqdə isə hələ ki, bir işartı görünmür.

 

      Amil AVOĞLU

NUH informasiya agentliyi səhifəsindən çap edilib