Dərc edilib: 10-06-2016

https://www.nuh.az/7340-.html

Amerikalılar və balaban

10.06.2016 14:02:59

Cəmiyyət

 

     Kamran Məhərrəmli

 

Azərbaycanda balaban, Özbəkistanda bulamon, Türkiyədə ney, Ermənistanda duduk, Qırğızıstanda qamış zırna...adlanan musiqi aləti son vaxtlar yaman “moda” minib. İnanmırsınızsa, İncəsənət Gimnaziyasının müəllimi,  balabançı  Babaxan müəllimin dediklərinə qulaq asın: “Balaban “bala” və “ban” sözlərinin birləşməsindən əmələ gəlib, “həzin səs” mənasını verir. Sovet dövründə 13 yaşına qədər uşağı şagirdliyə götürmürdük. O dövrün öz qanunları vardı. İndi bütün sahələrdə inkişaf var, kompüter əsrində yaşayırıq. İndi 8 yaşından uşaqları şagirdliyə götürürük”.

Mətləbə elə “13 yaş” məsələsindən başlayaq. Necə yəni “sovet dövrünün öz qanunları vardı”?

Dünyaya Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Rəşid Behbudov, Arif Məlikov  kimi böyük musiqiçilər bəxş etmiş sovet musiqi məktəbinin mütəxəssisləri bəlkə Rəqsanəni, Toliki,  Səməd Səmədovu  yetişdirmiş  “müstəqil manıs”lardan az bilirdi?

Sovet  dövründə “13 yaş məsələsi” göydən düşə bilməzdi. Bunun mütəxəssislər tərəfindən çox ciddi əsaslandırılan səbəbləri olmalı idi. Əks təqdirdə 13 yox, 10, yaxud 15 olardı. Sovet dövründə şagirdlərin oxuduğu mahnıların mətninə çox ciddi fikir verirdilər. İndi isə 8-9 yaşında  körpə qızları lüt-üryan ekranlara çıxardıb “Yaarım, yarım”, “Bir busə ver”   oxutdururlar.

Budur “indiki dövrün qanunları?”

Budur “bütün sahələrdə inkişaf?”

İndiki dövrün əsas qanunu puldur. Pulunu ver 8 yaşlı uşağa balaban çaldır. Yeri gəlmişkən, bu yaxınlarda  telekanallardan birində 25-26 yaşlarında saqqallı bir peysər müğənninin 3-4 yaşında qızcığazı bərk-bərk bağrına basıb, “Şirindir, yarım hamıdan şirindir” oxumasını görəndə düşündüm ki, yəqin ölkəmizdə pedofiliyanı leqallaşdırıblar.

Bəlkə budur bizim üçün inkişaf, kompüter əsri? Kompüterin arxasıda oturub danabaş da olmaq olar. Nə isə, keçək amerikanların balaban çalmaq məsələsinə.

Müsahibənin sonunda hörmətli  Babaxan müəllim məni lap təəccübləndirdi. Sən demə, Babaxan müəllimin tələbələrindən biri Amerikanın İllinoys universitetinin məzunu Nataşa xanımdır. Amerikalı xanım balaban çalmağı öyrənmək üçün öz vətənində 140 min dollarlıq qrant udub. Nataşa xanım Bakıda 140 min dolları xərcləyib balaban çalmağı əməlli-başlı öyrənib. Babaxan müəllimin dediyinə görə, Nataşa xanım hazırda Amerikada balabandan elmi iş müdafiə edib elmi dərəcə-professor adı alan yeganə mütəxəssisdir. Və ömrünün sonuna kimi  dövlətdən hər ay 7 min dollar pul alacaq. Vallah, müsahibənin bu yerinə çatanda lap dəhşətə gəldim. Bir dövlət ki, balaban çalmağı öyrənmək üçün 140 min dollar qrant ayıra, balaban çalana ayda 7 min dollar maaş verə, o dövlətin qabağında dayanmaq olar ??

Bu gün ölkəmizdə  insanlar aclıqla ölüm-dirim mübarizəsi aparır, amma deputatlarımız Amerikaya müharibə elan edir...

Deyirəm, əhalinin yarıdan çoxu züy tutmağın, nəinki balaban, hətta zurna çalmağın əsl ustasıdır. Hamısı da işsiz-gücsüz, bekar-avara. Göndərək getsinlər amerikalılara zurna çalmağı, züy tutmağı öyrətsinlər. Bu yolla həm krizisdən çıxarıq, həm də amerikanlara zurna çalmağı öyrədərik...

 

     NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib