Dərc edilib: 10-06-2016

https://www.nuh.az/7933-.html

Heydər Əliyev informasiya müharibəsinin fəlsəfəsini ortaya qoydu

10.06.2016 14:18:37

Siyasət

 

4 günlük aprel savaşı ilə bağlı  “Hərbi əməliyyat, yoxsa müasir müharibə?”  başlıqlı ötən yazımızda  qeyd etmişdik ki,  Azərbaycan xalqı ilk dəfə olaraq öz dövlətinə, öz ordusuna, öz prezidentinə inanaraq onun ətrafında sıx birləşdi. Və Azərbaycan ordusu müasir müharibə aparmaq qabiliyyətini ortaya qoyaraq  strateji  əhəmiyyətli  hərbi yüksəklikləri  erməni işğalçılarından azad elədi.

 

Ancaq çox təəssüf ki, 4 günlük  müharibə informasiya mübarizəsində  gecikdiyimizi, obrazlı desək, informasiya yüksəkliklərinin  hələ də ermənilərin əlində qalmaqda davam etdiyini  üzə çıxardı. 

 

Axı, indi ötən əsrin 88-90-cı illəri deyil ki, biz informasiya müharibəsində geri qalaq.

 

Yəqin çoxlarının yaxşı yadındadır ki, ötən əsrin 90-cı illərində, Azərbaycan demək olar ki, tamamilə informasiya blokadasına alınmışdı və az qala bütün dünya  cəfakeş  ermənilərin hüquqlarından, azərbaycanlıların ermənilərə etdiyi zülmlərdən  danışırdı. Bizim  haqq  səsimizi isə eşidən yox idi.

 

O vaxt  bunun ciddi səbəbləri var idi.

 

Məlumdur ki, ermənilər  ozamankı Mərkəzi Komitədə, Nazirlər Sovetində, xəbər agentliklərində və digər qurumlarda yüksək səviyyədə təmsil olunurdu. Digər tərəfdən  sovet məkanının dünyaya yeganə informasiya çıxış yolu Moskva idi. Yəni informasiya ancaq Moskva vasitəsilə dünyaya ötürülürdü, Moskva isə  “bizim göz yaşlarımıza inanmırdı”.

Bütün bunların üzərinə  dünyadakı  güclü erməni lobbisini gəldikdə Azərbaycanın o zamankı vəziyyətinin nə dərəcədə  dözülməz olduğunu təsəvvür etmək çox ağırdır. Biz hələ  dünya güclərinin maraqlarını demirik.


Axı, o dövrdən  25 ildən artıq vaxt keçib. Bu müddət ərzində  bizim müxtəlif ölkələrdə diasporamız formalaşıb, səfirliklərimiz fəaliyyət göstərir, Rusiyanın özündə kifayət qədər  tanınmış biznesmenlərimiz  var  və ən əsası Moskva artıq  dünyaya yeganə informasiya çıxış qapısı deyil....Bəs biz niyə informasiya müharibəsində gecikirik..?

Niyə ordumuzun qələbəsinə informasiya dəstəyini yetərincə verə bilmirik..?

Niyə ermənilərin saxta məlumatlarını ən tezi 2-3 gün sonra  təkzib etmək məcburiyyətində qalırıq..?

Bu suallar ətrafında ciddi düşünməyin zamanıdır...

Söhbət informasiya  müharibəsindən  düşmüşkən, məsələ  təkcə  problemin texniki  tərəfindən - xəbərlərin operativliyindən, canlı  reportajlardan, məlumatların verilməsində  gecikmədən, qarşı tərəfin informasiya mənbəyi olaraq  etibarsızlığına nail olmaqdan getmir.  Söhbət daha ciddi mətləbdən, informasiya müharibəsində - ideoloji-siyasi pozisiyanın  düzgün seçilməsindən gedir.

Məlumdur ki,  ermənilər  on illərdir  apardıqları informasiya savaşında Dağlıq Qarabağ məsələsini dünyaya  etnik-dini-milli konflikt, özlərini isə dini-etnik əzabkeş kimi  kimi təqdim etməyə çalışıb və bu istiqamətdə dünyanı az qala inandıra biliblər. Guya biz azərbaycanlılarla  ermənilərin birgə yaşaması mümkünsüzdür.

Yəni etnik-dini məsələ ermənilər üçün uzun illər ideoloji-siyasi silah olub.

Çox təəssüf ki, bizim bəzi yazarlar, sosial şəbəkə istifadəçiləri də  bilməyərəkdən  tez-tez erməni toruna düşür və istənilən məsələdə etnik tərəfi qabartmağa çalışır. 

Məsələn, son  vaxtlar  sosial şəbəkədə və ölkə mətbuatında  Eurovision Mahnı Yarışında  Camalanın qələbəsinə olan münasibət ciddi suallar doğurur. Daha dəqiq desək,  Camalanın anasının Qarabağ ermənisi olması  bizim bəzi qələm əhlinin qəzəbinə səbəb olub. Yəni müzakirələrdə  Camalanın  ETNİK  mənsubiyyəti  xüsusi olaraq qabardılır. Axı, Camalanın anasının erməni olmasından önəmli məsələ, onun oxuduqlarıdır. Camala  deportasiyaya məruz qalmış xalqların problemini dünyaya mahnı vasitəsilə çatdırır. Axı, 100 minlərlə azərbaycanlı da Ermənsitandan deportasiya olunub və s...

Bəs belə olan halda niyə bizim bəzi yazarlar erməni toruna düşərək etnik mənsubiyyəti bu qədər qabardır...?

Axı, Azərbaycan cəmiyyətinin tarixən  tolerant olmasını, müxtəlif  millət və din mənsublarının bu ərazidə sülh şəraitində yaşamasını hətta əcnəbi araşdırmaçılar da qeyd edir. Bəs  nə baş verir ki, bizim cəmiyyətin müəyyən  hissəsi, hətta  ziyalılarımız  etnik mənsubiyyətə bu qədər  önəm verir..?

Ümumiyyətlə,  tarixi təcrübə göstərir ki, uzun müddət qarşıdurma  vəziyyətində olan tərəflərdən biri o birinin xislətinə, metodlarına, “sılah”ına yiyələnir. Buna görə də biz özümüz də bilmədən tədricən  özümüzü  ermənilərə oxşatmaq, onların “sılah”ından istifadə etmək istəyirik. Ancaq unutmaq lazım deyil ki, hamı eyni “silah”dan eyni səviyyədə,  eyni bacarıqla istifadə edə bilməz. Birincisi və ən əsası ona görə ki, bu “silah” erməni xarakteri və xisləti üzərində qurulub. İkincisi, erməni tərəfi bu “silah”dan yüz ildən artıqdır  istifadə edir və bu “silah”ın bütün sirlərinə  yiyələnib.

Belə olan təqdirdə biz ermənilərin öz “silah”ı ilə onlara necə qalib gələ bilərik? Ona görə də gec də olsa, biz ermənilərin və dünyanın qarşısına “erməni silahı” ilə yox, öz silahımızla çıxmalı, enerjimizi və pulumuzu “erməniləri ifşa etməyə”  deyil, daha çox özümüzü Böyük Dünyaya bir sivil, mədəni millət kimi təqdim etməyə yönəltməliyik. Daha dəqiq desək, müasir dünyanın başa düşdüyü  dildə danışmağı bacarmalıyıq...bizim  yeganə  xilas  yolumuz budur...

 

Yeri gəlmişkən,  Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə əbəs yerə   etnik millətçiliyi deyil, məhz azərbaycançılıq ideyasını önə çəkmədi. Və Parisdə  müsahibəsində  gülə-gülə bildirdi ki, “Hazırda Bakı şəhərində 30 min erməni gəlinimiz var”.

Bu sivil  dünyaya və  uzaq gələcəyə  yönəlmiş  çox ciddi mesaş idi.

Mərhum prezident  dünyaya anlatmağa çalışırdı ki, bizim ermənilərlə birgə yaşamaq problemimiz yoxdur, yəni Qarabağ problemi  dini-milli-ETNİK  konflikt deyil, ermənilərin birbaşa ərazi-torpaq iddasıdır...Bununla da Heydər Əliyev hələ uzun illər davam edəcək Azərbaycan - Ermənistan informasiya savaşının  fəlsəfəsini ortaya qoydu, tutacağımız pozisiyanı  dəqiq müəyyən elədi. Savaşda pozisiyanın düzgün seçilməsi isə çox önəmlidir.

Bu uzaqgörən bir siyasət idi. Bu gün onun nəticəsi özünü tədricən  göstərir.  

 

Digər tərəfdən  artıq dünyada etnik-dini məsələlərdən ideoloji-siyasi silah kimi istifadə etməyin imkanları xeyli tükənib, bu reallıqdır.

Buna sübut kimi  4 günlük müharibədə  bir çox Avropa ölkələrinin ən azı neytral qalması bir daha onu göstərdi ki, problemlərin etnik müstəvidə həlli imkanları daralır. Erməniləri  panikaya salan səbəblərdən biri də  budur. Artıq  ermənilərin ideoloji-siyasi  silahı  effekt vermir.

Bütün bunları nəzərə alan  Azərbaycan prezidenti cənab İlham Əliyev  2016-cı ili  “Multikulturalizm ili” elan edərək dünyaya göstərdi ki, biz dini-irqi-etnik  fərqindən asılı olmayaraq hər millətlə birgə yaşaya bilərik  və yaşayırıq. Ancaq 1991-ci ildə ilk dəfə əlinə müstəqillik fürsəti düşən  Ermənistan demək olar ki, bütün xalqları  deportasiya edərək monoetnik dövlətə çevrildi.

 

Bütün bunların nəticəsi olaraq  bizim ziyalılar, düşüncə adamları  erməni toruna düşməməli  və dünyaya sübut etməliyik ki,  biz  öz maraqlarımızı dünya maraqları ilə uzalaşdırmağı və  dünya ilə birgə yaşamağı bacaran  millətik. Müasir dünyanın  yaşam fəlsəfəsi budur.

 

  NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli 

NUH informasiya agentliyi səhifəsindən çap edilib