Dərc edilib: 15-06-2016

https://www.nuh.az/7964-.html

Ukrayna hadisələri və... siyasi liderin rolu

15.06.2016 17:34:36

Siyasət

NUH.az-ın  baş redaktoru   Kamran MƏHƏRRƏMLİ 

 

( Bu yazı  bu ilin yanvarında yazılıb. Ancaq 1993-cü ilin iyun ayında baş verənlərlə bağlı qızğın və ziddiyyətli  müzakirələri görəndə yenidən paylaşmaq qərarına gəldim)

 

 

Ukraynada  baş verənlər  demək olar ki, bütün sivil dünyanın diqqət mərkəzindədir. Ukraynadakı hadisələrdən bütün dünya, əsasən də Azərbaycan kimi dövlətlər ciddi nəticə çıxarmalıdır. Çünki gələcək dünyanın  düzəni və qaydaları Ukraynadakı  proseslərin necə bitəcəyindən  çox asılıdır.

 

Bunları nəzərə alaraq ölkəmizin yaxın tarixi ilə hazırda Ukraynada baş verənlər arasında müqayisə aparmaq yerinə düşər.   Ukraynada ötən ilin axırında başlayıb bugünədək  davam edən və hələ də bitməyən qanlı siyasi  proseslər  müəyyən mənada 1993-cü ilin  Azərbaycanını yada salır. Bir-birindən 20 il məsafədə olan  bu iki ağır  dövr arasında  xeyli oxşarlıqlar  var.

 

Gəlin, 1993-cü ildə Azərbaycanda və bu  gün Ukraynada baş verən siyasi proseslərin qısa xronologiyasına nəzər salaq.  

 

1993-cü ildə  Azərbaycanda  hərbi birləşmənin hökumətə tabe olmaması səbəbindən ölkədə siyasi  böhran yarandı və nəticədə prezident  Əbülfəz  Elçibəy və onun komandası hakimiyyətdən getməyə məcbur oldu. Hakimiyyətə  Heydər  Əliyev gəldi. Ukraynada isə ötən ilin axırında oxşar proseslər başladı. Ölkə başçısı Viktor Yanukoviçin  Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsi  prosesin başlanması üçün bir  təkan  oldu. Və bu ölkədə də siyasi böhran baş verdi. Dövlət başçısı V.Yanukoviç  Rusiyaya qaçdı. Hakimiyyətə  yeni qüvvələr gəldi. ( Yeri gəlmişkən, onu da qeyd edək ki, əslində  “hərbi hissə” məsələsi də,   “assosiasiya sazişi” də əsas səbəb deyildi, yəni problemin görünən tərəfi idi....)

 

İndi isə hər iki ölkədə hakimiyyət dəyişikliyindən sonrakı mənzərəyə  qısa nəzər salaq.

 

–1993-cü ildə  Azərbaycanda yenicə ( yenidən yox, çünki o vaxtadək  H.Əliyev müstəqil Azərbaycanın başçısı deyil, SSRİ-nin tərkibindəki  Az.SSR-in birinci katibi olub, yəni müstəqil dövləti  idarə etmək təcrübəsi yox idi ) hakimiyyətə gələn H.Əliyev  işğal olunmuş Dağlıq Qarabağ  və  hər gün az qala bir rayonun işğal olunması, vahid ordunun olmaması, müxtəlif  silahlı birləşmələr problemi ilə üz-üzə qaldı...

 

 

– Müharibə edən ölkədə hərbi sursat, təcrübəli hərbçilər  yox dərəcəsində idi,

 

 

– Elçibəy hakimiyyətinə tabe olmayan hərbçilər bir  çox bölgələrdə  yerli hakimiyyət  strukturlarını devirərək öz nümayəndələrini rayonlara başçı təyin etmişdilər,

 

 

– Bu gün-sabah ermənilərin ölkənin ikinci paytaxtı Gəncəyə girəcəyi barədə fikirlər səslənirdi,

 

 

– Ölkənin cənubunda separatçılar  Talış-Muğan Respublikasının müstəqilliyini elan edərək, referenduma hazırlaşırdılar, şimal istiqamətdən isə Sadval  kartı işə salınmışdı,

 

 

– Ölkənin xəzinəsi demək olar ki, boş idi,

 

 

– Rusiya sərhədləri bağlayıb iqtisadi sanksiyalar tətbiq edirdi, ölkədə ərzaq  qıtlığı yaranmışdı,

 

 

– Qonşu İran İslam Respublikası isə demək olar ki, hər gün dövlət sərhədlərimizi açıq-aşkar pozurdu, təxribatçılıq işləri ilə məşğul olurdu. O zamankı  Türkiyənin  hadisələrə təsir imkanı çox məhdud idi.

 

 

_ Qərb, ABŞ isə gözləmə mövqeyində idi,

 

 

– ƏN ƏSASI, bugünkü Ukraynadan fərqli olaraq 1993-cü ildə Azərbaycanın faktiki olaraq müttəfiqi yox idi, heç bir beynəlxalq qurum siyasi, hərbi, maliyyə, iqtisadi dəstək vermirdi,

 

 

– Belə demək mümkündürsə, Azərbaycan çox faciəli durumda təkbaşına qalmışdı.

 

Ancaq bütün bunlara və DİGƏR PROBLEMLƏRƏ  baxmayaraq  Azərbaycan 1993-cü ildə heç bir beynəlxalq siyasi dəstək və maliyyə yardımı almadan az vaxtda,

təxminən 4-5 aydan sonra çox  mürəkkəb və qəliz situasiyadan çıxa bildi, həm də mümkün qədər  az itkilərlə.

Və ölkədə uzunmüddətli sabitlik yarandı.  Sabitlik olmadan isə inkişafdan danışmaq tam mənasızdır. Ukraynada da siyasi böhrandan sonra hakimiyyətə yeni qüvvələr gəldi.

 

 

Ancaq onların durumu  1993-cü ildə hakimiyyətə gələn H.Əliyevin üz-üzə qaldığı vəziyyətdən xeyli yüngüldür, hətta müqayisə olunmazdır. Düzdür, Ukraynada hakimiyyətə gələn yeni siyasi qüvvələr də  Krımın, sonradan Donetsk, Luqansk və digər  vilayətlərin  separatçılar tərəfindən işğalı, az  qala Ukraynanın mövcud olub-olmaması  faktı ilə üz-üzə qaldılar.

 

Lakin 1993-cü ilin  Azərbaycanından fərqli olaraq  bu gün Ukraynanı  sivil dünya, bütün Qərb ölkələri, beynəlxalq qurumlar dəstəkləyir,

hakimiyyətə gələn yeni qüvvələrə hər mənada (siyasi, maddi, informasiya, hərbi)  dəstək verirlər.  Beynəlxalq Bank, Beynəlxalq Valyuta Fondu,

beynəlxalq ictimaiyyət Ukraynaya öz köməyini  əsirgəmir. Yəni 1993-ün Azərbaycanı ilə 2014-ün Ukraynasını müqayisə edəndə birincinin vəziyyəti  daha ağır idi.

 

Həm də nəzərə almalıyıq ki, bugünkü Ukrayna ilə müqayisədə o zamankı  Azərbaycan çox zəif bir dövlət idi. Eyni zamanda 1993-cü ilin güclə ayaqüstə durmağa çalışan  2 yaşlı Azərbaycanı ilə 2014-cü ilin 23 yaşlı  Ukraynasını göz önünə gətirin.

 

Həm də, unutmayaq ki, 1993-cü ilin Azərbaycanından fərqli olaraq Ukrayna həm keçmiş SSRİ-nin, həm də bugünkü Rusiyanın hərbi-sənaye kompleksinin nüvəsini təşkil edir, çoxsaylı  təcrübəli  hərbçiləri  var.  Bütün bu sadaladıqlarımıza,  hərtərəfli yardımlara baxmayaraq Ukraynada vəziyyət  hələ də sabitləşmir və yaxın vaxtlarda bu ölkənin normal məcraya düşəcəyi də sual altındadır.

 

Ortaya suallar çıxır.Bəs bu qədər  dəstək ola-ola Ukraynada vəziyyət niyə sabitləşmir?  Ölkə hər gün itkilər verir...Unutmayaq ki, hazırda Ukraynanın 3 canlı keçmiş prezidenti var və hər üçü də politoloq kimi bəyanat verməklə, siyasi şərhlə kifayətlənirlər. Heç biri  də qabağa çıxıb məsuliyyətin altına girmək istəmir. Ancaq 1993-cü ildə H.Əliyev  bunu bacardı. Ölkənin taleyi ilə bağlı bütün məsuliyyəti  öz üzərinə götürərək, heç bir  dəstək olmadan  az vaxtda və mümkün  qədər  az itkilərlə dövləti  çətin və mürəkkəb situasiyadan çıxara bildi.  

 

 

Ukraynada  isə  oxşar  situasiyada siyasi təcrübəsi olan və ən əsası ölkənin taleyi üçün məsuliyyəti öz üzərinə götürməyi  bacaran, qətiyyətli  lider  tapılmadı.

 

 Əgər  Qərbin  maksimum dəstəyi  olmasaydı, bu gün Ukraynanın hətta dövlət kimi mövcudluğundan danışmaq olmazdı. Ukrayna tam mənada Qərbin hesabına öz dövlət mövcudluğunu hələlik  qoruya bilir.

 

1993-cü ildə isə  H.Əliyev  oxşar, lakin daha ağır  situasiya ilə üz-üzə qalanda  bunların heç biri yox idi...amma ölkəni üzləşdiyi  qəzadan çıxarda  bildi.

Ümumiyyətlə,  avtoyarışlarda  avtopilotların məharəti və bacarığı düz yolda deyil, məhz  təhlükəli  döngələrdə özünü  göstərir: balansı qorumaq, qəzaya uğramamaq,

həm də geri qalmamaq...Siyasi liderin də bacarığı  təhlükəli  siyasi dönəmlərdə özünü göstərir.

 

Yəni siyasi liderin işi cəmiyyəti ən təhlükəli siyasi dönəmlərdən sağ-salamat keçirməkdir. 1993-cü ildə H.Əliyev bunu bacardı.

 

Bu gün də Azərbaycan yenidən mürəkkəb  situasiya ilə üz-üzədir, çətin seçim, belə demək mümkündürsə siyasi dönəm  qarşısındadır..Əksər  siyasilər  deyir ki,

artıq  zaman yetişib, Azərbaycan konkret seçimini etməlidir: ya Rusiyanın yanında olmalıyıq, ya da Qərbə, ABŞ-a sığınmalıyıq.

Hətta bəziləri daha uzağa  gedərək  NATO  qoşunlarını ölkəmizdə görmək istəyir. Guya əks təqdirdə Azərbaycan məhvə məhkumdur.  

Yəni siyasilərin, politoloqların çoxu təkidlə  ölkə başçısı İlham Əliyevdən balanslı siyasətdən imtina etməyi,

dövlət adlı gəminin sükanını qəti olaraq üzü Qərbə, ABŞ-a doğru yönəltməyi, siyasi kursu dəqiqləşdirməyi tələb edirlər.

Görəsən, bunu tələb edənlər  dəqiq siyasi kursun yaratdığı fəsadları görmür? Axı, keçmiş  Yuqoslaviyanın, Gürcüstanın, Ukraynanın aqibəti göz önündədir...

Bir neçə il öncə rus qoşunları qonşu Gürcüstanın paytaxtına yaxınlaşırdı. Axı, belə bir vəziyyət yaranarsa,  Qərbin Gürcüstana, Ukraynaya verdiyi dəstəyi

bizə verəcəyi də böyük sual altındadır...Siyasi kursu qəti olaraq dəyişdirməyin nəticəsi olaraq Gürcüstan ərazisinin xeyli hissəsini itirdi.

 

Eləcə də Ukraynada baş verənlərdən, Ukraynanın başına gələnlərdən  biz ciddi nəticə çıxartmalıyıq.  

 

Bu gün Ukraynanın  bir  hissəsi  olan Krımı geri qaytarmaqdan söhbət  getmir,  Luqansk, Donetsk və digər vilayətlər  işğal olunub. Az qala Ukrayna dövlətinin mövcudluğu sual altındadır...Və prosesin sonda harada dayanacağı, nə ilə bitəcəyi bilinmir...

Görəsən  İlham Əliyevdən  dəqiqi siyasi kurs,  “ya ABŞ, ya da Rusiya”  tələb edənlər bu vəziyyəti  görmür..?

 

Bəziləri deyir ki,  Rusiya sonda uduzacaq...sonda Rusiya parçalanacaq, dağılacaq...

 

Kimin  udacağı-uduzacağı, hansı ölkənin dağılacağı  bizim üçün ikinci dərəcəli məsələdir, əsas olan odur ki, bu prosesdə Azərbaycan uduzmasın, dövlətimiz dağılmasın.  

 

Ona görə də Azərbaycan böyük güclərin toqquşmasından mümkün  qədər uzaq dayanmalı, özünü qorumalıdır...

 

Sonda kimin udub-uduzacağı bizi düşündürməməli, konfliktin son nəticəsini bilmədən alətə  çevrilmək, ölkəni  fəlakətə salmaq olmaz.

Bunu deyənlər Türkiyədə baş verənləri görmür..?

 

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi mühüm bir vəzifəni daşıyan Səməd Seyidov deyir ki,  Avropa Şurası siyasi səhnədən silinəcək.

 

Bizə  bu tipli  yersiz bəyanatlar lazımdırmı..? Avropa Şurası  siyasi səhnədən silinəcək, ya silinməyəcək...bunun bizim üçün  bu gün hansı əhəmiyyəti ola bilər?

 

Az-çox savadı olanlar bilir ki, bütün yaranan qurumlar əbədi deyil və nə vaxtsa dağılacaq.

Əsas odur ki, biz  bu dağıntının altında qalmayaq. Həm də cavabı gələcəkdə olan sual bizi bu gün niyə narahat etməlidir?

Belə suallar əslində daha çox böyük  dövlətləri narahat etməlidir.  Və bizim siyasətçilər  nəhayət  Azərbaycanın bu günkü dünyada yerini dəqiqləşdirməli

və bizə dəxli olmayan  suallar ətrafında canfəşanlıq etməməlidir...Bizi sonda kimin udub-uduzacağı deyil, bir ölkə olaraq uduzmamağımız düşündürməlidir...

 

Və sonu görmək bizə nəsib olmalıdır..Əgər bu qarşıdurma bizim sonumuza çıxacaqsa, sonu görmək bizə nəsib olmayacaqsa, kimin udmasının-uduzmasının bizim üçün nə fərqi?

 

Ölkə rəhbərinin də əsas missiyası  ölkəni məhz  belə təhlükəli dönəmlərdən az itki ilə keçirib, son nəticəni görməyə aparmaqdır...

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib