Dərc edilib: 26-07-2016

https://www.nuh.az/8155-.html

Silah zavodunda dəhşətli partlayış: 21 yaralı var - FOTO/VİDEO

26.07.2016 19:22:17

Hadisə

Bu dəqiqələrdə musavat.com-a daxil olan məlumata görə, Şirvan şəhərində güclü partlayışla müşaiət olunan yanğın baş verib.

Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.

 

Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.

Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə çalışacağıq, həm də olaya aid video və foto görüntülər yayacağıq.

Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.

Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdı.

*  *  *

Ölkə.az-a daxil olan məlumata görə, güclü partlayış nəticəsində ölən və yaralananların olduğu deyilir. Məlumata görə, partlayışdan sonra ərazidə yanğın başlayıb. Hətta partlayışın gücündən Şirvan şəhərindəki binalarda silkələnmə də müşahidə olunub.

*  *  *

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib. Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan şəxslərin daşınması üçün ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları cəlb olunub.

Bu barədə “Report”un bölgə müxbirinə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib. 

Səhiyyə Nazirliyindən isə “Report”a bildirilib ki, Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

*  *  *

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan 20 nəfər gətirilib.

Yaralılardan birinin vəziyyəti ağırdır. Beş nəfər isə ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Xəstəxanadan o da bildirilib ki, partlayış baş verən əraziyə gedən və gələn yollar tıxac olduğundan “Təcili yardım” maşınlarının hərəkətində ciddi problem yaranıb.

*  *  *

Şirvan rayonunda baş vermiş hadisədə ilə əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Mərkəzi Rayon Xəstəxanasına gedib.
 
Səhiyyə Nazirliyindən Qaynarinfo.Az-a verilən məlumata görə, indiyə kimi Şirvan Mərkəzi Rayon Xəstəxanasına 21 nəfər xəsarət alan şəxs gətirilib. Xəsarət alanlara yüksək səviyyədə zəruri tibbi yardım göstərilir.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib