Dərc edilib: 28-10-2016

https://www.nuh.az/8538-.html

Prezidentin komanda problemi

28.10.2016 18:12:21

Siyasət

 

 Heç bir dövlət başçısı rəhbərlik etdiyi ölkənin pis vəziyyətdə olmasını, əhalinin acınacaqlı durumunu istəməz. Bu aksiomadır. Bunun əksini düşünmək ən azı ağılsızlıqdır. Çünki dövlət başçısı da bilir ki, ölkədə yaxşı və pis nə varsa ictimai rəydə, eləcə də tarixdə onun adına yazılır.


Heç bir general məğlub ordunun komandanı, heç bir ailə başçısı kasıb ailənin böyüyü olmağı arzulamaz. Ancaq vəziyyəti yaxşılığa doğru dəyişməyə birincinin nə qədər imkanları var və ya yox, bu başqa problemdir. Çünki istək və imkan çox vaxt üst-üstə düşmür.

 

Bəzən bizim insanlar bütün problemlərin birinci şəxsin bircə sərəncamı, yəni nağıllardakı kimi sehrli çubuğu ilə həll olunacağını düşünürlər. Həqiqətdə isə belə deyil. Təkcə sıravi insanlar deyil, bəzən məmur ordusu da hər şeyin birinci şəxsdən asılı olduğunu düşünür və ya öz çirkin məqsədlərini ört-basdır etmək, özünü duruluğa çıxarmaq üçün belə bir rəy yaratmağa çalışır. ("Əşi, biz kimik, hər şey yuxarıdan asılıdır”) Bu isə sadəlövhlük deyil, məsuliyyətdən qaçmaq və bütün məsuliyyəti birinci şəxsin üzərinə atmaqdır. Ümumiyyətlə, idarəetmə komanda işidir. Çox təəssüf ki, bizdə məlum səbəblərdən fərdi fəaliyyət sahələrindən (şahmat və digər) fərqli olaraq, komanda şəklində tələb olunan sahələrdə uğur qazanmaq çox çətindir. (Futboldakı "uğur”larımızı gözünüzün qabağına gətirin) Bu işlərdə milli psixologiyamızın da rolu böyükdür.

Mən  kiməsə, hətta birinci şəxsə də vəkillik etməyi, ona  bəraət qazandırmağı qarşıma məqsəd qoymamışam. Ancaq problemin görünməyən tərəfini görməyə və göstərməyə çalışıram.

Ümumiyyətlə, bütün dövlətlərdə komanda məsələsi hakimiyyətlərin ən ağrılı yeridir.

Komandanın uğurla işləməsi və qarşıya qoyulan problemlərin uğurlu həlli birinci şəxslə bərabər onun etimad göstərdiyi komanda üzvlərinin işindən çox asılıdır. Bunun üçün komanda üzvləri öz şəxsi ambisiyalarını bir kənara qoyub “ümumi qələbə” uğrunda mübarizə aparmalıdır. Yəni “bir nəfər hamı üçün və hamı bir nəfər üçün” prinsipini əsas tutan komanda ruhu olmalıdır. Komandaya daxil olmaq artıq müəyyən şeylərdən imtina etmək, ümumi mənafe naminə öz şəxsi maraqlarını könüllü məhdudlaşdırmaq deməkdir. Çox təəssüf ki, bizdə həmişə belə olmur. Əksinə, komandaya daxil olanın iştahı daha da artır və özünü biznesmen, sahibkar kimi aparır. Komandanın əksər üzvü özü üçün çalışır, ictimai mənafe yaddan çıxır və sonda bütün məsuliyyət tarix qarşısında birinci şəxsin üzərində qalır. Əslində belə olmamalıdır. Əgər hər işi birinci şəxs görəcəksə və məsuliyyəti özü daşıyacaqsa, onda komandaya nə ehtiyac var? Adamın yadına “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” misalı düşür.

Birinci şəxs hər yerdə çiyninə düşən ağır məsuliyyəti ətrafı ilə bölüşmək istəyir. Çünki heç kim təkbaşına çiynində həmişə ağır yükü daşımaq istəməz. Ancaq bu ağır məsuliyyəti ləyaqətlə, vicdanla onunla bölüşmək istəyən varmı? Bax problem budur...

 

   NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli


NUH informasiya agentliyi səhifəsindən çap edilib