Dərc edilib: 31-12-2016

https://www.nuh.az/9075-.html

Federasiyaların saytları: Kim yatmış, kim oyaq?

31.12.2016 17:43:30

İdman

Hansısa idman xəbərləri haqda səhih məlumat əldə etmək istəyəndə dərhal federasiyaların saytına nəzər salmalı olursan. Çünki ən rəsmi və düzgün informasiyaları federasiyaların saytları çatdırmaq hüququna malikdir.


Lakin bəzən bunun əksini görürük. Federasiyaların saytları aylarla susur, informasiya mətbuatda "boyatlaşandan" sonra rəsmi açıqlama verir. Hazırda ilin son ayının - dekabrın olduğunu nəzərə alsaq, federasiyaların saytının susqunluğunu hardasa anlamaq olar. Ancaq illik hesabatların da bol olduğu bir məqamda qurum saytları heç olmasa Yeni İlə son 1 həftə qalmışa kimi işləməlidir.

Qaynarinfo.Az xəbər verir ki, sport7.az saytı bununla bağlı araşdırma aparıb. Görək Olimpiya təmayüllü federasiya saytlarından hansı bayrama tez çıxıb, hansısa son günlərədək iş başında olub. Beləliklə, başlayaq:

1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (affa.az) - Kim nə deyir desin, futbolda nəticələrimiz o qədər də qənaətbəxş olmasa da, bu idman növünə maraq ölkəmizdə 1 nömrədir. Bu üzdən AFFA da son günlərə kimi işləyib desək, yanılmarıq. Məsələn, son xəbər bu həftənin çərşənbə axşamı qoyulub. "Türkmənistan millisi Bakıda təlim-məşq toplanışındadır (fotoreportaj)" başlıqlı xəbər şəxsən mənə çoxdan bəlli olduğundan, bu xəbəri "boyat" sayıram. Ancaq ümumilikdə götürsək, AFFA-nın saytı ən yaxşı işləyən qurum saytlarındandır. Qurumun "feysbuk" səhifəsi də aktivdir. Millimizin üzvü Namiq Ələsgərovun "Neftçi"yə keçməsi dekabrın 28-də bilməyənlər üçün çatdırılıb.

2. Voleybol Federasiyası (avf.az) - Federasiyada prezident postunda Nəqliyyat Naziri Ziya Məmmədovu Cavid Qurbanov əvəzləsə də, saytın fəaliyyəti 3-4 ildir ki, ömrünü başa vurub. Halbuki gələn il voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. O zaman bu nə qeyri-peşəkarlıq? Düzdür, bununla belə federasiyanın mətbuat katibi, sabiq voleybolçu Şəfəq Kərimova aktiv şəkildə jurnalistləri "inboks" vasitəsilə məlumatlandırmağa çalışır. Onun işlətdiyi federasiyanın "feysbuk" səhifəsi isə sonuncu dəfə dekabrın 28-i gecə saatlarında "Lokomotiv" - "Telekom" oyunundan fotoları yerləşdirib.

3. Həndbol Federasiyası (handball.az) - Bu federasiyaya daxil olan adam o dəqiqə hiss edir ki, qurumun rəhbər postlarında oturanlardan tutmuş mətbuat katibliyinə kimi hamısı rusdillidir. Saytda "Azərbaycan Həndbol Federasiyası" və "Baş səhifə" sözlərindən başqa, Azərbaycan dilində başqa bizə doğma söz tapmazsan. Saytın Azərbaycan bölməsi boşdur, bu heç. Rus bölməsində isə son xəbər ötən ilin fevralın 16-da ABU-nun Serbiyanın "Knyaz Miloş" komandasını məğlub etməsi haqda gedib. Yəni, sayt olmamış kimi bir şeydir. ABU-nun saytı federasiyanınkından daha yaxşı işləyir. Görünür, Həndbol Federasiyasında Heydər Babayevin Saleh Məmmədovla əvəzlənməsi də hələlik peşəkarlıq yönündə bir nəticə verməyib. Bəlkə rəhbərlik İslamiadadan sonra saytı qaydasına salmağı fikirləşib? Kim bilir?!

4. Basketbol Federasiyası (basketball.az) - Bu federasiyanın saytı ən yaxşı işləyənlər arasındadır. Dünən saat 13:41-də Ukraynada çıxış edən millimizin üzvü Amil Həmzəyevin cari mövsümkü çıxışından hazırlanmış icmal bu sayta yerləşdirilib.

5. Güləş Federasiyası (awf-az.org) - Ən yaxşı işləyən saytlarımızdan biridir desək, yalan danışmış olmarıq. Axı, niyə də pis işləməlidir ki?! Olimpiadada güləşdən həmişə medalla qayıtmışıq. Son xəbər də dekabrın 27-də "Buta Palace"da ilin yekunlarına dair tədbirdən bəhs edir. Federasiyanın "feysbuk" səhifəsi də çox aktivdir. Burda sayta qoyulması zəruri bilinməyən rəsmi açıqlamalara da rast gəlmək olar. 

6. Boks Federasiyası (abf.az) - Bu saytda da son xəbər dekabrın 27-də gedib. Federasiyanın mətbuat katibinin həmin gün 23:48-də qoyduğu xəbər Azərbaycan boksu ilə bağlı il ərzində qazanılan nailiyyətlərdən bəhs edir.

7. Cüdo Federasiyası (judo.az) - Bu federasiyaya Rövnəq Abdullayev prezident təyin olunduqdan sonra cüdoda nəticələrimizdə irəliləyişlər hiss olunmaqdadır. Maddiyyat yaxşı olan yerdə inkişaf da olar. Bu inkişaf sayta da sıçrayıb. Sayt dünən "Neftçi" İdman Klubunun federasiya ilə birgə təşkil etdiyi ilin yekunlarına dair mərasimdən bu gün xəbər yerləşdirib. Yəni, sayt əvvəlkinə baxanda aktivləşib.

8. Atıcılıq Federasiyası (shooting-fed.gov.az) - Bu saytda sonuncu xəbər düz 4 il əvvəl gedib. Belə olan halda nədən danışasan? Yalnız "feysbuk" səhifəsi nisbətən aktivdir. Orda da son vaxtlar informasiyalar yox, marketinq maraqlarını əks etdirən elanlar yerləşdirilir.

9. Gimnastika Federasiyası (agf.az) - Gimnastika Federasiyasının saytı da aktiv şəkildə yenilənir. İlin son xəbəri dünən hazırlanıb. Həmin xəbərdə Azərbaycan gimnastikası ilə bağlı ilin yekunlarından bəhs olunur.

10. Taekvondo Federasiyası (taekwondo.az) - Olimpiadada yeganə qızıl medalımızı qazandıran və Bakıdakı dünya çempionatında çempion olan Azərbaycan taekvondosunun saytı da oxucuları intizarda qoymur. Çərşənbə günü nazirlik tərəfindən taekvondo məşqçi və idmançılarına fəxri adların verilməsindən bəhs edən xəbər yerləşdirilib.

11. Ağır Atletika Federasiyası (aaaf.az) - Dekabr ayı bu sayt üçün zəngin keçib. Axı, bu ay federasiyada Hesabat-Seçki Konfransı keçirilib və Cahangir Əsgərov yenidən prezident seçilib. Bununla belə, federasiyanın saytında son xəbər bununla bağlı deyil. Burda da nazirliyin ağır atletika mütəxəssislərinə əməkdar məşqçi adının verilməsindən bəhs edən xəbər sonuncudur. Saytla bağlı yeganə iradımız budur ki, xəbərlərin qoyulma tarixi bilinmir. Ümid edirik ki, yeni mətbuat katibi tezliklə bu xırda nüansı nəzərə alacaq. Qurumun "feysbuk" səhifəsi də aktivdir. Bu xəbər dünən paylaşılıb.

12. Qılıncoynatma Federasiyası - Bu federasiyanın bineyi-qədimdən nə saytı, nə də mətbuat katibi olmayıb. Baxmayaraq ki, qılıncoynatma Olimpiya təmayüllü idman növüdür. Federasiyanın başında Nazim İbrahimov kimi federasiya işçilərinə 20 aydır maaş verə bilməyən prezident dayanıbsa, nəyi qoyub nəyi axtarırıq ki?!

13. Atletika Federasiyası - Bu federasiyada da sayt yoxdur. Ancaq Qılıncoynatma Federasiyasından fərqli olaraq "feysbuk" səhifəsi var. Digəl ki, sonuncu xəbər Olimpiadadan əvvələ - iyula gedib çıxır. Avropa çempionumuz Nazim Babayevin AZƏRTAC-a Olimpiadaya hazırlıqla bağlı verdiyi videomüsahibə artıq çoxdan "boyat" olub.

14. Milli Avarçəkmə Federasiyası (amaf.az) - Avarçəkmədən Olimpiadada medalla qayıtsaq da, federasiyanın saytında bu nədənsə əks olunmayıb. Ümumiyyətlə, saytda sonuncu xəbər aprelin 12-də gedib. O da məhz Olimpiadada bizə medal qazandıran İnna Osipenko-Radomskayadan götürülüb. Bununla belə, federasiyanın "feysbuk" səhifəsi nisbətən aktivdir. Xəbərdə noyabrda Bakıda keçirilmiş Beynəlxalq Kanoe Federasiyasına prezident seçkilərindən bəhs olunur.

15. Tennis Federasiyası - Saytı yoxdur. Bəli, Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi federasiyanın saytı yoxdur.

16. Stolüstü Tennis Federasiyası (astf.az) - Bəlkə də inanmayacaqsınız. Ancaq ölkəmizdə stolüstü tennis ənənələrinin güclü olmadığını nəzərə alsaq, bu federasiyanın mətbuat katibi pis işləmir. Dekabrın 23-də Milli Olimpiya Komitəsinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş gənclər üzrə Avropa çempionatında 4 medal qazanan tennisçilərimizi mükafatlandırmasından bəhs edən xəbər saytda əks olunub. Qurumun "feysbuk" səhifəsi də aktivdir. 

17. Badminton Federasiyası - Təhsil naziri Mikayıl Cabbarovun prezidenti olduğu federasiyanın saytı yoxdur. "Feysbuk" səhifəsi isə var. Ancaq bu səhifə sanki Dünya Badminton Federasiyasının səhifəsini xatırladır. Çünki sonuncu dəfə Azərbaycan badmintonuna dair xəbər noyabrda qoyulub.

18. Üzgüçülük Federasiyası (asf.az) - Gəncədən olan millət vəkili Xanlar Fətiyevin 4 ildir ki rəhbəri olduğu federasiyanın saytı da işləmir. Bu üzdən hər hansısa yarış haqda məlumat almaq müşkül məsələdir.

19. Yelkənli İdman Federasiyası (sailing.az) - Bu qurumun mətbuat katibi Nərmin Seyidova KİV-ə qarşı mehribandır. Ancaq bütün KİV nümayəndələrinə qarşı yox... 22 dekabrda federasiyanın ilin yekunlarına dair keçirdiyi tədbir və eyni zamanda media nümayəndələrinin yelkənli qayıq idman növü üzrə müsabiqələrinin yekunları açıqlanıb. Bundan 2 gün sonra mətbuat xidməti rekord.az saytından xəbəri saytına yerləşdirib. Qurumun "feysbuk" səhifəsi isə dünən federasiyanın 2016/17 üçün məşq və yarış təqvimini yerləşdirib.

20. Kamandan Oxatma Federasiyası - Saytsız qalan federasiyalardan biridir.

21. Velosiped İdmanı Federasiyası (avif.az) - Fəal işləkli federasiya saytlarından biridir. "Synergy Baku" komandasının ilin yekunlarında ən yaxşı seçilməsinə dair xəbər dekabrın 27-də yerləşdirilib. Saytı kimi, "feysbuk" səhifəsi də aktivdir.  

22. Atçılıq Federasiyası (araf.az) - Sayt yenilənir. 10 günə yeni saytla hüzurumuza gəlməlidirlər. Bunun üçün sayğac da quraşdırılıb. Gözləyək...

23. Milli Karate Federasiyası (karate.az) - Bu federasiyanın saytı da çox işləkdir. Üstəlik, bu qurumun mətbuat xidməti 2 gün əvvəldən xalqımızın Yeni İl Bayramını təbrik etməyə çalışıb. Yəni, təbrik dünən qoyulub. Saytda gedən xəbərlər müntəzəm olaraq "feysbuk" səhifəsində də əks olunur.

24. Qolf Federasiyası (aqf.az) - Saytın serveri çöküb. Ziya Məmmədovun oğlu Anar Məmmədovun başçılıq etdiyi federasiyanın Olimpiya təmayüllü olmasını unutmayaq. Elə "feysbuk" səhifəsi də passivdir. Sonuncu dəfə noyabrda Xəzər TV-nin çəkiliş qrupunun serial çəkilişi ilə bağlı gəlməsindən fotolar yerləşdirilib.

25. Reqbi Federasiyası (rugby.az) - Bu federasiyada sonuncu xəbər oktyabrın 19-da qoyulub. Reqbi üzrə açıq Bakı turnirinə dair xəbər.

26. Hava və Ekstremal İdman Növləri Federasiyası (fairex.az) - İdman dırmanması üzrə 2020 Olimpiadasına idmançı göndərə biləcək federasiyanın saytı işləkdir. Dekabrın 23-də idman dırmanması üzrə ölkə çempionatının keçirilməsi haqda xəbər yerləşdirilib. Xəbərdə turnirin Əsasnaməsi əks olunub.

27. Otüstü Hokkey Federasiyası (azhf.az) - Olimpiya idman növünə aid olsa da, Vergilər naziri Fazil Məmmədovun prezidenti olduğu federasiya faktiki olaraq fəaliyyət göstərmir. Elə bu onun saytından da əks olunur. Sayt işləmir.

28. Qış İdman Növləri Federasiyası - Saytının olmamasından heç kimin xəbəri yoxdur. Olmaz da. Federasiya prezidenti İsgəndər Xəlilov Rusiyada yaşayanda, qurumun rəsmi ünvanı kimi nazirlik göstəriləndə, saytı da olmaz, başqa şeyi də...

P.S. Yazı dünən qeydə alınıb.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib