Dərc edilib: 11-01-2017

https://www.nuh.az/9198-.html

Əməkdaşımız DYP-də xoşagəlməz faktlarla rastlaşdı -FOTOREPORTAJ

11.01.2017 15:41:54

Cəmiyyət

İmtahan-Qeydiyyat şöbəsində yaşananlara diqqət artırılmalıdır

 

Baş Dövlət Yol Polisi ilə bağlı mütəmadi tənqidi fikirlər səslənir. Bəzən edilən tənqidlər haqlı olsa da, bəzən yalan dolu olmaqla şər-böhtan xarakteri daşıyır. Amma bu yazıda biz sizə həqiqəti və şahidi olduqlarımızı çatdıracağıq. Və ümid edirik ki, baş verənlərdən hörmətli general Ramiz Zeynalovun xəbəri yoxdu. Ən azından bir misal olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsində yaşananlardan məlumatlı olsa, imkan verməz ki, rəhbəri olduğu qurumun adına kimlərsə qazanc əldə etmək məqsədilə xələl gətirsin. Amma təəssüf ki, bu belədir. Və Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsində sözün həqiqi mənasında xoşagəlməz hallar yaşanır.

Beləliklə, bu gün (11 yanvar 2017)  “Kivnews.com” İnformasiya Portalının əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsində oldu. Səbəb isə, bir nəfər vətəndaşın hüquqlarının pozulmasıdır. Beləliklə, vətəndaş Səbuhi Məmmədov (ad şərtidir) özünə məxsus avtomobilinin rəngini dəyişdirdiyindən nəqliyyat vasitəsinin texniki pasportunda bu qeydləri etdirmək istəyir. Bunun üçün də, Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinə yaxınlaşdıqda ona süni əngəllər yardılmışdır. Belə olduğu halada o, “Kivnews.com” saytının əməkdaşı ilə Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsinə yaxınlaşmaq məcburiyyətində qalıb. Ki, bir mətbuat orqanı əməkdaşı baş verənləri gözləri ilə görsün və bunu işıqlandırsın. Çünki bu kimi problemlərlə çoxları rastlaşır və çıxılmaz durumda qalırlar.

“Kivnews.com” olaraq xatırladaq ki, bir müddət əvvəl Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirmişdi ki, avtomobilin rəngi dəyişdirilərkən onun həm qeydiyyat şəhadətnaməsində, həm də texniki uçot kartında qeydiyyat, yəni dəyişiklik aparılmalıdır. Bu dəyişiklik isə avtomobilin rəngləndiyi təmir müəssisəsinin verdiyi arayış əsasında aparılır.
Arayışda avtomobilin əvvəlki və indiki rəngləri barədə məlumat verilir və rənglənmənin burda aparıldığı göstərilir: "Həmin arayış nəqliyyat vasitəsi ilə birlikdə təqdim olunmalıdır, yəni arayışla birlikdə avtomobilə də baxış keçirilir". Bundan sonra avtomobilin uçot göstəriciləri üzrə həm qeydiyyat şəhadətnaməsində, həm də reyestrdə müvafiq qeydiyyat aparılır: "Bu o məqsədlə edilir ki, sabah bir hadisə baş verəndə belə rəngli avtomobillərin siyahısında barəsində danışılan maşın da olsun".
K.Əliyevin sözlərinə görə, bu proses üçün ümumilikdə 25 manat tələb olunur: "Qeydiyyat haqqı 10 manatdır, əgər həmin şəxs qeydiyyat şəhadətnaməsinin də dəyişdirilməsini istəyərsə, buna görə əlavə 15 manat ödəməlidir". Bundan başqa, əgər bu əməliyyat zamanı məlum olsa ki, avtomobilin sahibi həmin il üçün yol vergisini ödəməyib, onda yol vergisini də ödəməli olacaq.
"Bundan başqa prosedur və ödəmələr yoxdur" – deyən DYP nümayəndəsinin sözlərinə görə, bütün prosedur bir gün ərzində başa çatmalıdır. 

Bəli, DYP rəsmisinin dediyi kimi, Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsində problemlə üzləşən Səbuhi Məmmədov da avtomobilinin rəngləndiyi təmir müəssisəsindən arayış almış və orada zəruri qeydlərin göstərilməsini təmin etmişdir. Amma di gəl ki, Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsində nə arayışa baxan var, nə də avtomobilin sənədlərinə yaxın duran…

 

3-cü və 1-ci otaqlar vətəndaşları razı salırmı?

 

Əməkdaşımızın iştirakı ilə  Səbuhi Məmmədov özünə məxsus nəqliyyat vasitəsini 2 saylı “boksa” daxil edərək avtomobilinin mühərrik və ban nömrələrinin uyğunluğunu yoxlatdırdıqdan sonra 3-cü otağa yaxınlaşmalı olduğumuzu bildirdilər. Qeyd edək ki, 3-cü otqaqda bir neçə nəfərə yxınlaşaraq sənədləri yazdırmaq prosedoru həyata keçirilir. Əməkdaşımız 3-cü otqada olarkən vətəndaşlardan hər görülən işə görə 10 manatdan rüşvət alındığının şahidi olub. Alınan pula görə isə, heç bir qəbz verilmir. Qeyd edək ki, 3-cü otağa daxil olub sənədləri yazdırmaq 20 manata başa gəlir. Bundan sonra 1-ci otağa yaxınlaşmaq tələb olunur. Nəzərinizə çatdıraq ki, 1-ci otağa İlqar müəllim nəzarət edir. Bu otağa daxil olub sənədlərinə imza atdırıb çıxanlarla söhbət zamanı məlum oldu ki, adi məsələlər üçün 1-ci otaqda imza xərci 10 manatdır.

Nə isə, sözümüz onda deyil. Əməkdaşımız  Səbuhi Məmmədovla birlikdə 3-cü otağa daxil olaraq sənədlərini qeydə aldırmaq istədikdə onlara birbaşa 1-ci otağa yaxınlaşmalı olduqlarını bildiriblər. Qeyd ediblər ki, avtomobilin rənginin dəyişdirilməsinə nəzarəti 1-ci otaqda oturan polis mayoru İlqar müəllim edir. Bu dəfə İlqar müəllimin qəbuluna əməkdaşımızın özü daxil olub. Çünki ətrafdakı insanlarla söhbət zamanı rəngi dəyişdirilmiş avtomobilin qeydiyyat və qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsinin qanunla mümkünsüzlüyünü bildiriblər. Ona görə də, əməkdaşımız  1-ci otağa sənədlərlə birlikdə özü daxil olur. Və orada İlqar müəllim avtomobilin texniki pasportuna, avtomobilinin rəngləndiyi təmir müəssisəsindən alınmış arayışa diqqət etdikdən sonra bir qədər fikirləşərək, rəngsazın sertifikatının gətirilməsini tələb edib. Möhürlü (VEÖN göstərilməklə), imzalı arayış olduğu halda sertifikata hansı ehtiyacın olduğu isə əsaslandırılmayıb. Əslində, İlqar müəllimin sertifikat deyərək sənəd tələb etməsinin səbəbi bizə məlum idi. Lakin onun xırdalığına getməyə ehtiyac yox idi…

 

“Dədə-baba” qaydası ilə problemin həll variantı

 

Əməkdaşımız qanunsuzluqla üzləşdiyini Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimova çatdırmağa çalışsa da, Müşfiq Rəhimovun sürücüsü Aydın müəllim rəisin məzuniyyətdə olduğunu bildirməklə (əslində Müşfiq Rəhimovun xidməti avtomobili idarənin qarşısında idi, digər əməkdaşlar isə rəisin otağında olduğunu bildirdilər) vətəndaşın şikayətini dinləməkdən boyun qaçırdılar.

Bütün bunların fonunda avtomobilin rənginin dəyişdirilməsi ilə bağlı məsələ həll olundu. Amma “DƏDƏ-BABA” qaydası ilə.

Şöbə rəisi Müşfiq Rəhimov həqiqətən də, rəsmi olaraq məzuniyyətdə ola bilər. Amma o, məzuniyyətdə olmadığı halda belə rəhbəri olduğu Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsində sözün əsl mənasında xoşagəlməz hallar yaşanır. Bu işlərdən isə, təbii ki, Müşfiq Rəhimovun xəbəri olmamış deyil.

Amma Dövlət Yol Polisi İdarəsinin rəisi, poilis general-mayoru Ramiz Zeynalov yəqin xəbərsizdir. Çünki, hörmətli Ramiz müəllimin necə tələbkar, işini sevən birisi olduğunu çox gözəl bilirik. İnanırıq imkan verməz ki, Müşfiq Rəhimov kimi vəzifə sahiblərinin tabeliyində çalışan işçilər DYP-nin adına ləkə gətirsinlər.

Növbəti sayımızda:

  • Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinin qarşısında fəliyyət göstərən ştatlı və ştatsız işçilər nəyə xidmət edir?
  • Onlar sürücülərlə hansı sövdələşməyə gedirlər?
  • Hansı  qüvvənin sayəsində avtomobillə bağlı sənədləri tez həll etmək olar?
  • Əməkdaşımız yaşanan problemi kiminlə və necə həll etdi?

Kivnews.com

Cabir Əliyev

dypdyp2 img_20170111_121432

dyp-3

 

dyp1

NUH informasiya agentliyi səhifəsindən çap edilib