Dərc edilib: 12-01-2017

https://www.nuh.az/9203-.html

"Bu, Beynəlxalq Bank üçün son şansdır" - Samir Əliyev

12.01.2017 13:00:59

İqtisadiyyat

“Beynəlxalq Banka yeni menecerlər təyin olunub. Onları böhran menecerləri da adlandırmaq olar. Bəzilərini şəxsən, bəzilərini qiyabi tanıyıram. İşlərinin peşəkarlarıdırlar”.

Bunu iqtisadçı-ekspert Samir Əliyev Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı gözləntilərindən danışarkən deyib. 
İqtisadçı qeyd edib ki, həmin menecerlər bank sektorunun problemlərini kifayət qədər dərindən bilən şəxslərdir: “Müzakirələrdə bank işçilərinə xas olan texniki yox, strateji yanaşmalarının şahidi olmuşam. 
Fikir mübadiləsi aparmışıq. Üst-üstə düşən məqamlar da olub, düşməyən də. Etiraf edim ki, onlarla müzakirələrdən daim həzz almışam, bir çox suallara onlarla müzakirələrdə cavab tapmışam. 
Batmaqda olan çürümüş bir gəmini təmir edib əvvəl dənizə, sonra okeana buraxmaq hədəfi ambisiyalı olduğu kimi də çətindir. Hərdən adama elə gəlir, bu, mümkünsüzdür.
ABB-nın xilası bank sektorunun xilası deməkdir. Kimlərinsə məsuliyyətsiz idarəetməsinin fəsadlarını əvvəl bank sektoru ödədi, sonra dövlət büdcəsi. İndi də yeni menecerlər xilas etməlidir.
Menecerlərin qarşısında çətin tapşırıq durur: pozulmuş valyuta mövqeyi bərpa edilməli, xarici öhdәliklәr qaytarılmalı, zərərli aktivlər sağlamlaşdırılmalı və s. Bankın problemləri çoxdur. 
Bank sektorunun xilası Beynəlxalq Bankın xilasından asılı olduğu kimi Beynəlxalq Bankın xilası da hökumətin dəstəyindən asılıdır. Bu, Beynəlxalq Bankın xilası üçün son şansdır. Bank çöksə, bütün maliyyə sistemi çökəcək. Ona görə böhran menecerlərinin üzərinə böyük məsuliyyət düşür”.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib