Həsənağa Turabov şəxsiyyətini qoruyan kişi idi - XATİRƏ
Cəmiyyət24 mart 2020 12:04
Bu gün, 24 mart tarixi Azərbaycanın görkəmli aktyoru, mərhum xalq artisti Həsənağa Turabovun doğum günüdür.
Qaynarinfo-nun məlumatına görə, Həsənağa Turabov 1938-ci il martın 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.
H.Turabov 2003-cü ildə vəfat edib. O, "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Həsənağa Turabov Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.
Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir.
"Qanlı zəmi" filminin isə rejissoru olub. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olub.
Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
Mərhum aktyor barədə onun tələbə yoldaşı və dostu olmuş kinorejissor, ssenarist Əbdül Mahmudov Modern.az-la xatirələrini bölüşüb.
"Aktyor olmaq üçün gedib o institutda vaxt itirmək lazım deyil”
"Həsənağa Turabov Bakıda Zərgərpalan məhəlləsində doğulub, boya-başa çatıb və orta məktəbi də orada qurtarıb. Orta məktəbi qurtarandan sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə, böyük professor Mehdi Məmmədovun sinfinə daxil olub. Biz Turabovla o teatr mühitində çox yaxınlıq, dostluq etmişik. O məndən 5-6 yaş böyük idi. Onlar institutu qurtaran ili biz qəbul olunmuşuq. O dövr üçün bu teatr, kino mühiti çox dar çərçivədə olan bir məkan idi. İstər teatra, istərsə də instituta kim ayağını qapıdan içəri qoyurdusa, 5-10 gündən sonra hamı bir-biriylə qaynayıb qarışırdı. Çünki oranın qəribə ab-havası var idi. Biz də Həsənağa Turabovla o cür bir-birimizi tanıyırdıq.
Həsənağa Turabov tələbəlik illərində orta səviyyəli bir tələbə olub. O, özü də həmişə danışırdı. Deyirdi, "mən hiss edirdim ki, aktyor olmaq üçün heç gedib o institutda vaxt itirmək lazım deyil”. Çünki Həsən Turabov orada oxuya-oxuya Akademik Milli Dram Teatrında ikinci, üçüncü dərəcəli rollar oynayırdı. Əsas vaxtını teatrdakı işinə sərf etdiyi üçün institutda göz qabağında olan tələbələrdən olmayıb. Bu adam artıq teatrın içində idi, o bilirdi teatr mühiti nədir, aktyor sənəti nədir. Çünki o vaxt teatrda çalışan Mövsüm Sənani, Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağaddaş Qurbanov, Hökümə Qurbanova, Leyla Bədirbəyli canlı məktəb idilər. İnsititut heç kəsə istedad vermir, böyük artist etmir, sadəcə savad, diplom verir və imkan yaradır. Sonra hər şey insanın özündən asılıdır.
Bizim rejissor sənətində klassik romantik teatr məktəbi Adil İsgəndərovla başlamışdı. Sonra ikinci mərhələdə həmin bu teatrın müasir realistik teatr məktəbi Tofiq Kazımovla başlamışdı və Həsənağa Turabov da Tofiq Kazımovun ən istəkli aktyorlarından idi. O, bütün repertuarını demək olar ki, Həsənağa Turabovun üstündə qururdu. Realistik teatrımızda realistik aktyor məktəbinin banilərindən biri və birincisi Həsənağa Turabov idi. Hətta klassik əsərlərdə də onun üçün o pafos yad idi. Turabov heç vaxt təbiilikdən, realistik oyun məktəbindən kənara çıxmırdı. Və böyük Tofiq Kazımovun müəllimliyi altında Həsənağa Turabovun gətirdiyi realistik aktyor məktəbinin sonradan davamçıları yetişdi. Bu gün də bir neçə aktyor məktəbi, realistik ifa məktəbi yetişdi ki, onun da başında bütün məsuliyyətimlə deyirəm ki, Həsənağa Turabov dururdu”.
"O vaxt kinostudiyada azərbaycanlılar yox dərəcəsində idi”
"Həsənağa Turabovla yaxın dostluğumuz kinostudiyadan başladı. Biz 1966-cı ildə Mirzağa Əliyev adına Teatr İnstitutunu, dahi sənətkarımız Adil İsgəndərovun sinfini qurtardıq. Bu o vaxta təsadüf etdi ki, Adil İsgəndərov Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasına baş direktor təyin olundu. Adil müəllimin də arzusu, bütün milli-mənəvi, vətənpərvərlik ruhlu milli kinomuzu yaratmaq idi. O, milli romantik teatr məktəbinin nəhəng və əvəzolunmaz banilərindən idi. Adil müəllim həmin ab-havanı kinostudiyaya gətirirdi. Təbii ki, bundan ötrü kinostudiyaya müasir ruhlu, dili, mənəviyyatı, əxlaqı, adət-ənənəni, mədəniyyətimizi, tariximizi bilən təpədən dırnağa kimi azərbaycanlı uşaqlar lazım idi. Bu da o vaxt kinostudiyada yox dərəcəsində idi. Olan 3-4 nəfər də qaynayıb qarışmışdı, hamı rus dilində danışırdı, rusbaşlı olmuşdu, kinostudiyanın bütün işləri demək olar ki, birmənalı şəkildə rus dilində idi və onu idarə edənlər də yəhudilər, ermənilər, rus mənşəli, qarışıq olan şəxslərdi. Hətta o vaxt baş rolların böyük əksəriyyətinə onları çəkirdilər. Ssenarist, operator, aktyor kimi dəvət olunurdular. Adil müəllimin gəlişi ilə bu işlərə çox amansızcasına "dur!” deyildi. O, çox böyük işlər gördü. Amma çox təəssüflər olsun ki, özü də elə həmin işlərin qurbanı oldu. Çünki o vaxt Sovet hökuməti, Sovet ideologiyası idi. Və təbii ki, bu nəhəng Sovet kino ideologiyası içində balaca bir müsəlman ölkəsi, türk ölkəsi nə idi ki, burada bir Adil İsgəndərov at oynatsın, meydan sulasın. Sözsüz ki, ermənilər, yəhudilər, rus mənşəli adamlar, südü bizdən, qanı onlardan olanlar bu işin başında durdular. 10 illik mübarizədən sonra nəhayət ki, Adil müəllimin o gözəl başlatdığı iş özünün işdən çıxarılması ilə nəticələnsə də, artıq həm aktyor, rejissor, ssenarist, operator, rəssamlıq məktəbi, həm də texniki personajlar baxımından oturuşmuş bir məktəb qoymuşdu. Yəni kinoya lazım olan bütün sənət növlərindən bizim çox dəyərli, çox məşhur kadrlar yetişmişdi. Rəssamlıq sahəsində Kamil Nəcəfzadə, Elbəy Rzaquliyev, Fikrət Bağırov, operatorluqda Rasim İsmayılov, Toğrul Nərimanbəyov, ssenaristlikdə Yusif Səmədoğlu, İsi Məlikzadə, Fərman Kərimzadə, Eyvaz Borçalı, Ramiz Rövşən, rejissor məktəbində Kamil Rüstəmbəyov, Arif Babayev, o cümlədən içində milli ruhu olan Tofiq Tağızadə, Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Kamil Mahmudbəyov kimi adamlar artıq çox aktiv şəkildə öz milli kinomuzu milli kadrlarımızla işləməyə başladılar. Bunun nəticəsi olaraq o vaxt "Axırıncı aşırım”, "Dəli Kür”, "Yeddi oğul istərəm”, "Bizim Cəbiş müəllim” kimi filmlər yarandı. Burada Həsənağa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərov, Səməndər Rzayev, Rasim Balayev, Əliabbas Qədirov, Həmidə Ömərova kimi aktyorlar rol aldı. O böyük bir mərhələ, məktəb idi. Ümumiyyətlə, XIX əsrin axırı XX əsrin əvvəlindən Azərbaycanın bütün sahələrində başlayan intibah dövrü bizim qızıl bir dövrümüz idi. Və çox təəssüflər olsun ki, bu gün onu itirmişik. Biz bunu etiraf etməliyik. Hərçənd mən deyirəm, bəzi adamların xoşuna gəlmir. Deyirəm, biz yaxşıdan niyə narahatıq ki, gəlin pisimiz haqqında düşünək, onları yoluna qoyaq.
Azərbaycan kinosunun tarixində ilk dəfə olaraq Teatr İnstitutunu qurtarıb rəsmi dövlət təyinatı ilə və sözsüz ki, Adil müəllimin diqqəti, qayğısı ilə, biz 5 nəfər (Xamis Muradov, Elxan Qasımov, Fikrət Əliyev, Tofiq Məmmədov və mən) milli kadrların hazırlanması məqsədi ilə kinostudiyaya gəldik. O vaxt bizə "qızıl beşlik” deyirdilər. Və kinostudiyada bizə düşmən olan kənar millətlər adımızı "xunveybin”, yəni mədəni inqilabçılar qoymuşdular. O vaxt da bu söz çox pis hallanırdı. Mao Tsedunun vaxtında Çində yaranan belə bir qrup vardı. Bu vaxt artıq Oqtay Mirqasımov, Eldar Quliyev kimi gənc rejissorlarımız fəaliyyətə başlamışdı. Artıq göstəriş belə idi ki, ssenari Moskvada təsdiq olunub gəlibsə, ora mütləq bir Azərbaycanlı müəllif əlavə olunmalı idi, yəni təmiz müəlliflikdən başqa orada bir azərbaycanlı soyadı olmalı idi (bu Adil müəllimin istəyi idi). Ssenari hazır olandan sonra mütləq filmi azərbaycanlı rejissor çəkməli idi və şərt də belə idi ki, baş rollarda azərbaycanlılar oynamalı idi. İstisna hal kimi baş rol rus, ingilis, fransız və s. rolu idi. Adil müəllim dedi ki, "ondan ötəri bizim Rus Dram Teatrımız, Gənc Tamaşaçılar Teatrımızın rus bölməsi var”. Orada işləyən başqa millət olsa da, milli kadr idi. O vaxt dəvət edirdik, çəkilirdilər. Və bu dönəmdə Həsənağa Turabovun sözsüz ki, kinoda artıq yeri var idi. Hansı bir filmdə mən ikinci rejissor kimi, ya assent kimi işləyirdimsə, birinci növbədə Şahmar Ələkbərovu, Həsənağa Turabovu, Həsən Məmmədovu axtarıb tapıb dəvət edirdik, Adil müəllim də baxıb bəyənirdi və çəkilirdilər.
Bizim Həsənağa Turabovla kinoda başlayan böyük dostluğumuz sonra ailəvi dostluğa keçdi. O mənim bütün elçiliyimə, toyuma ağsaqqallıq etdi. Onun balalarının da xeyir işinin hamısını mən etdim. Eyni zamanda ikimiz bir yerdə bir neçə filmlər işlədik: "Qaçaq Nəbi”, "Gecə qatarında qətl” və s.
Həsənağa Turabov çox xarakterik aktyor idi. Həm də onda çox qəribə bir yumor var idi. Komediya aləminə yatımlı adam idi, o ciddiyyatın üstündə onda çox gözəl yumor da var idi. Turabovun ən çox sevdiyim rollarından biri "Dantenin yubileyi” filmində yaratdığı Kəbirlinski obrazı idi ("Dantenin yubileyi” filmində az istedadlı lakin sənətə qəlbən bağlı olan qocaman teatr aktyorundan bəhs edilir). Bütün ruhu, həyatı ilə bizim teatr, kino sənətində fanatik aktyorlar var. Yəni bunlar fanatikdirlər, heç böyük bir iş görməsələr də, 50, 100 il teatr, kino ilə nəfəs alıblar və elə də ölüb gediblər. Sənətə, teatra, aktyorluğa xəyanət etməyiblər. Yüzlərlər belə adamlar var, onlardan onunun adını mən çəkə bilərəm ki, bütün peşəkar kino, teatr mühiti məhz həmin insanları çox istəyirdik və onlara xüsusi diqqət, qayğı göstərirdik. Həsənağa Turabov sonradan özü çox dəyərli, layiqli bir dövlət adamı oldu, rəhbər vəzifələrdə işlədi, bu işlərə rəhbərlik etdi deyə, o fanatik adamların qədrini, qiymətini çox yaxşı bilirdi. Həmişə ondan danışanda kövrəlirdi. Yadımıza Daş Məcid, Əli dayı, Ağbaş Kazım və s. düşürdü. Həsənağa Turabov Kəbirlinski obrazı ilə elə bil ki, bunların hamısının ümumiləşdirilmiş obrazını yaratmışdı. Çünki o insanları, o psixologiyanı daxildən bilir, tanıyırdı”.
"Həsənağa Turabov oğlunun xiffətini çəkirdi”
"Həsənağa Turabov şəxsiyyətini qoruyan adam idi. Onun yanında özümüzü çox rahat hiss edirdik. 40-70-cı illərdə göz qabağında olan müğənnilər, aktrisalar xalq arasında çox ciddi qəbul olunmurdu. Buna qismən də olsa imkan verənlər oldu. Çünki aktyorlar çox sərbəst idilər, ailə onlar üçün bir o qədər maraqlı deyildi. Onlar üçün ən əsası yaradıcılıq, kino, daha rahat həyat idi. Üzr istəyirəm, axı bir az zəncirlər qırılanda, adam azad olanda əvvəl bilmir neyləsin. Bax, elə bir mərhələdə mən sizə bütün səmimiyyətimlə, məsuliyyətimlə deyirəm ki, Azərbaycanın teatr və kino mədəniyyəti aləmində barmaqla sayılası 4-5 nəfər kişi vardı ki, bunlar həm gözəl aktyor, gözəl sənətkar, həm də çox böyük şəxsiyyət və ailə başçıları idi. Onların biri və birincisi Həsənağa Turabov, Şahmar Ələkbərov, Həsən Məmmədov, Rasim Balayevidi. Həsən Turabov - biz ona əsasən "Həsən” deyirdik - bu sahədə də böyük göstəricilərə malik, artıq oturuşmuş, formalaşmış, qonaq qabağına yüksək səviyyədə çıxarılmağa layiq olan bir sənətkar idi.
Əvvəla, Turabov çox qayğıkeş, diqqətli, özünə çox böyük hörmət edən, şəxsiyyətini qoruyan bir adam idi. Biz onunla rayonlara, başqa respublikalara çəkilişlərə gedəndə, ali məktəblərə, təsərrüfatlara, böyük idarə və təşkilatlara görüşlərə gedəndə, hara gedirdiksə, Turabov orada ağsaqqal, aparıcı idi. Hamımız onun yanında özümüzü çox rahat hiss edirdik. Bilirdik ki, Həsənağa Turabov olan yerdə artıq bizə ikinci dərəcəli və pis mənada artist kimi, bizlə görüşlərə, çəkilişlərə gedən qızlara pis gözlə baxmaq mümkün olan şey deyildi. Həsənağa Turabov həddindən artıq ağır təbiətli bir kişi idi. Çox qəribə idi ki, cavan yaşından belə idi. Bu adam 25-30 yaşında elə bil ki, bir ağsaqqal idi. Həqiqətən xarakteri elə idi. Eyni zamanda həddindən artıq səxavətli, əliaçıq adam idi. Kinostudiyanın öz mühiti var. Orada gün ərzində çəkiliş arası, çəkilişdən sonra, gözəl uğur qazanandan sonra gedib yeyib-içirdik. Kinostudiyanın yaxaınlığında bufetlər var idi, və yaxud imkanımız çox olanda şəhərə düşüb daha böyük restoranlarda yeyib- içirdik. O vaxt insanlarda çox böyük pul yox idi. İndiki kimi gen-bol yeməkxana, kafe, restoranlar da yox idi. Təkəm-seyrək idi. Uşaqlar 3-5 nəfər yığılırdıq, bir də görürdün, kimsə deyir ki, "bağışlayın, mənim imkanım yoxdur, gedə bilmirəm”. Turabov o saat: "xeyir ola, nədir ki? Qələt eləmə. Sənin hesabın məndə. Gəl, otur maşına, gedək”. Bax, belə qəribə diqqətcil, qayğıkeş insan idi.
Həsənağa Turabovun iki oğul, bir qız övladı var idi. Onun böyük oğlu Daşqın polisdə işləyirdi. Cinayətkarları zərəsizləşdirəndə güllə dəymişdi, ölmüşdü. Turabovun xəstələnməsinin səbəbi bu idi. Oğlunun çox böyük xiffətini çəkirdi. Özü də çox istəyirdi, böyük oğlu idi. İkinci oğlu Yalçın maşallah, hazırda durur, polis sistemində, pasport (şəxsiyyət vəsiqəsi) qeydiyyatı sahəsində işləyir. Qızı Sevinc də bizim gözəl bir müəlliməmizdir. Yoldaşı ingilis dili müəlliməsi Solmaz xanım da balalarının, nəvələrinin üstündədir”.
Oxşar xəbərlər
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Əməkdar artist vəfat etdi
12 aprel 2024 21:21
- Prezident Sankt-Peterburqun qubernatorunu qəbul etdi - Yenilənib - Fotolar
3 aprel 2024 13:36
- Türkiyədə seçkidə dava - 1 ölü, 11 yaralı
31 mart 2024 17:54
- Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı bir əsri ötən dəhşətli faciənin hekayəsi (VİDEO)
31 mart 2024 12:37
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya