“Xalq üçün tiryək olan bir din yenisi ilə əvəz olunub” - Hacı Şahin
“Din siyasi alətə çevirilərək mahiyyətini itirdi”
VII əsrin ikinci yarısında baş verən Kərbəla hadisəsinin XXI əsrdə dünyanın hər yanında xüsusi ehtişamla qeyd olunması təbii olaraq maraq doğurur. Hər il Aşura ərəfəsində cəmiyyətimizdə bu mövzuda müzakirələrin gündəmə gəlməsi də bir qədər anlaşılandır. Lakin, bizi dünyadan fərqləndirən mühüm cəhət budur ki, İmam Hüseyn (ə) əzadarlığı bizim üçün bir yenilik deyil, dini ayin olmaqla yanaşı, həm də milli adətdir.
Dini ehkamlara əməl edənlər və etməyənlər, müsəlman olanlar və olmayanlar, yaşlılar və gənclər, qadınlar və kişilər, bir sözlə hər kəs ildə bir dəfə məscidə gedib İmam Hüseynə (ə) əza saxlamağı özünə mənəvi borc bilir. Bu da təsadüfi deyil. Milli kimliyimizin və dövlətçiliyimizn formalaşması tarixinin hər səhifəsinə Hüseyn adı həkk olunub. Bu tarix İmam Hüseyn (ə) ordusunda təmsil olunan yeganə qeyri-ərəb, qulami-türki kimi tarixə düşən əcdadımızdan başlayaraq Babəkdən, Xacə Nəsirəddindən, Nəsimidən, Qazan xandan, Əmir Teymurdan, Füzulidən, Şah İsmayıldan, Abbasqulu ağa Bakıxanovdan, Natəvandan, Seyid Əzimdən, Zərdabidən, Sabirdən ötürülərək, totalitar sovet rejiminin qadağalarını aşıb kimliyimizi qoruyaraq günümüzə Qarabağ şəhidləri timsalında gəlib çıxıb. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı bu tarixə və mənəvi irsə bir ehtiram nümayişidir eyni zamanda. Lakin bununla belə, Aşura əzadarlığı daha geniş – ümumbəşəri miqyasda bir mesaj verməkdədir. Bu mesaj nədən ibarətdir?

Tarixi bir sıra səbəblərə görə avropasentrik mövqedən öyrəndiyimiz üçün hər birimiz XVII əsrdə dinə qarşı intellektual bir inqilabın başladığını və bu inqilabın müasir dünyanı formalaşdırdığını düşünürük. Bəli, həqiqətən də etiraf etməliyik ki, sivilizasiyamızın yaranması və inkişafında dinin müstəsna rolu ilə yanaşı, əngəlləyici rolu da çox olub. Burada bütün günahı katolik kilsəsinin üzərinə ataraq hansısa bölücülüyə yol vermək, öz yaxamızı kənara çəkmək niyyətində deyilik. Mahiyyət etibarı ilə, İslam sivilizasiyasını intibaha çatdıran görkəmli simalar və onların nəaliyyətləri ehkamçı və kahinlik təfəkkürlü din xadimlərinin sayəsində elə tarix olaraq qaldı. Digər tərəfdən, bir qədər Modern paradiqmanın töhfələri və taridəki rolu barədə tənqidi yanaşma sərgiləmək istərdik. Məsələ orasındadır ki, Modern heç də ənənəvi düşüncənin inkarı üzərində qurulmayıb, əksinə ənənəvi dönəmin bir təkamül etmiş və saflaşmış formasıdır. Bəşər tarixinin əsas hissəsini ehtiva edən ənənəvi dönəm dinin total hökmranlığı ilə deyil, dinin immitasiyası ilə səciyyəvidir. Allahla insan arasında rabitə qurmalı, insanı yaradıcılığa və fədakarlığa yönəltməli olan din imperiyaların siyasi alətinə çevirilərək mahiyyətini itirdi. Burada xeyriyyəçilik donuna bürünmüş eqoizm, iman donu geyinmiş fanatizm, əxlaq cildinə girmiş adət, bir sözlə dəyər kimi başa düşülən antidəyərlər hökmranlıq edirdi. Modern bu ikiüzlü dünyanın maskasını yırtdı və yalançı ilahiliyi aradan apardı. Artıq eqoizmi, mənfəətpərəstliyi, fanatizmi və tamahı gizlətməyə ehtiyac yoxdur. Belə demək olarsa, Modern ənənəvi düşüncənin ikiüzlüyündən bezmiş tamahkarlığın təntənəsidir. Bəli, ard-arda mütləq monarxiyaların süqutunu, bazar iqtisadiyyatının, demokratik rejimlərin, insan azadlıqları və haqqlarının, elmi-texnoloji tərəqqinin təntənəsini gördük. Lakin mahiyyət etibarı ilə insan həyatında nə dəyişdi? İnsaniyyət qələbə çala bildimi? Bəli, azad şəkildə fikirlərimizi ifadə edə bilirik, lakin qüdrətli ölkələrdə fəaliyyət göstərən KİV-lərin formalaşdırdığı fikirləri özümüzünkü saymaqla. Bəli, artıq bəylərin torpaqlarında pulsuz əkin-biçinlə məşğul olmuruq, lakin sonsuz kreditlər vasitəsilə böyük kapitalın qullarına çevirilmişik. Bəli, artıq Allah naminə müharibələr etmirik, lakin demokratiya naminə milyonlarla insan qətlinin şahidi oluruq. Nəhayət, öz ibtidai haqlarımızı şahların xoşbəxtliyi üçün tapdaq altına atmırıq, lakin öz “haqqımız” üçün başqalarını tapdalamağa hazırıq. Ona görə də, Marsı fəth etsək də, süni intellekt yaratsaq da, elə eyni insan olaraq qalırıq. Nəticədə də, bütün nəaliyyətlərimiz öz əleyhimizə işləməyə başlayır. Son on illiklərdə bəşəriyyətin işıqlı gələcəyi barədə bir elmi və ya bədii əsərin ərsəyə gəldiyini görmüsünüzmü? Gələcəyə yönəlik təxəyyülümüz yalnız apokalipsislə, distopiya ilə məhdudlaşır. Düşünən beyinləri nihilizm və ümidsizlik vəhşəti bürüyür. Və bu acınacaqlı durumdan qurtulmaq cəhdi bizi əyləncə və məsxərə adlı bir uyuşdurucu asılısı edib. Xalq üçün tiryək olan bir din yenisi ilə əvəz olunub.
İmam Hüseyn (ə) əzadarlığının məhz belə bir dünyada geniş yayılması maraq doğurur. Bu sadəcə miqrantların özü ilə xarici ölkələrə daşıdığı bir adət deyil. İldən ilə biz əzadarlığın həm miqyasının, həm formatının necə dəyişdiyini görürük. Təbii ki, orta əsrlərin sınağından, yüzilliklərlə davam edən qadağalardan, antitəbliğat selindən çıxan bu adətin mövhumat və xurafat çirkabından amanda qalmasını gözləmək sadəlövhlük olardı. Əzadarlıq adı altında yaşadılan həmin o şəriətə və ağıla zidd hərəkətlərin ömrü də çox qısadır və tezliklə aradan gedəcək. Artıq marginal qruplar daxilində yaşayan o adətlər zamanın axarına duruş gətirə bilməyəcək. Çünki, Aşura bir məzhəbin ənənəliyindən çıxmaqdadır artıq. Bunun səbəbi nədədir?

Kərbəla hadisəsinin xronoloji tərəfini hamımız bilirik. Amma kiçik xatırlamaya ehtiyac var. Vətəndaş müharibəsi nəticəsində Peyğəmbər (s) nəsli ilə Əməvilər arasında imzalanmış müqavilə Müaviyə tərəfindən pozulur. Yezidin xəlifə təyin olunması ilə Əməvi monarxiyası qurulur. Əməvi sülaləsinin özəlliklərindən bir bu idi ki, onlar Bizans modelinə uyğun idarəçiliyin tərəfdarı idilər. Bu isə dinin siyasi alətə çevrilməsi, bununla da İslamın ənənəvi sami dinlərinə xas quru ehkamçılıq sürəti alması demək idi.
Burada maraqlı məqam ondan ibarətdir ki, Əməvilərin özlərinə rəqib bildikləri yalnız Əhli-Beyt (ə) deyildi. Hələ Osmanın dövründən öz zəfər anını gözləyən səhabələr “partiyası” da var idi. Bu “partiyanın” boz kardinalı Abdullah ibni Zübeyr idi. Yezid kimi səriştəsiz birisinin hakimiyyətə gəlməsi Abdullah üçün siyasi həyatın arxa planına atılmış səhabə “partiyasının” yenidən gündəmə gəlməsi və hakimiyyəti ələ keçirməsi üçün bir fürsət idi. Müasir dillə desək, Zübeyrilərlə Əməvilər siyasi İslamın fərqli qolları idi. Hər ikisi dini öz siyasi maraqları üçün istismar etməyə hazır idilər və etdilər də. Hər iki dəstənin dövlət quruculuğu din adına üsyandan, saysız-hesabsız fanatik ordusunun dəstəyindən başladı və sıradan bir orta əsr monarxiyasının qurulması ilə nəticələndi. Maraqlıdır ki, hər iki cəbhə müasir İŞİD-çilərin prototipi olan xəvariclərdən məharətlə istifadə edirdilər.
Bu durumda Əhli-Beytin (ə), xüsusilə də İmam Hüseynin (ə) mövqeyi fərqlənirdi. Əhli-Beytin (ə) zaman və məkanla məhdudlaşan siyasi müxalifətçilik səviyyəsinə enməsini düşünmək düzgün olmazdı. Yeziddən sonrakı xəlifələr müsəlmanları daha acınacaqlı duruma məhkum etsələr də, İmam Hüseyndən (ə) sonrakı məsum imamlar çoxsaylı tərəfdarlarına baxmayaraq hakimiyyət iddiası ilə qiyam etmədilər. Hətta İmam Hüseyn (ə) hərəkatını sırf siyasi qiyam adlandırmaq kökündən yanlışdır. Ən azı hadisələrin zahiri bunu deməyə əsas verir. İmam Hüseyn (ə) hələ Kufəyə çatmamışdan onu dəvət edənlərin dönük çıxdığından xəbərdar idi, lakin ailəsi ilə birlikdə Kufəyə hərəkət etdi. Kufə yolunda mənfəət üzündən ona dəstək vermək istəyənləri özündən uzaqlaşdırdı. Kufə yaxınlığında mühasirəyə alındıqda təklif etdi ki, Mədinəyə dönə, yaxud da xilafət torpaqlarını tərk edə bilər. Lakin, Yezid qoşunu buna da razı olmadı. Kərbəlada öz tərəfdarlarını başına toplayaraq “bunların işi mənimlədir, siz azadsınız, qayıda bilərsiniz” deyərək ölümə təkbaşına hazır olduğunu bildirdi. Nəhayət 72 nəfərlə 30 minlik qoşunun qarşısında durdu. Bütün bunları qiyamçı məntiqi ilə necə izah etmək olar?
“Kərbəla olmasaydı, “haqqın” yerinə “mənim haqqım” gələcəkdi”
İmam Hüseyn (ə) hərəkatının əsas hədəfi sonuncu Peyğəmbərin (ə) gətirdiyi dinin totalitar qəlibə salınmasına mane olmaq idi. Kərbəla olmasa idi artıq İslam dedikdə Allahla insan arasında rabitə yaradan və mənəvi yüksəlişə xidmət edən bir din deyil, ərəblərin imperiya ambisiyalarına xidmət edən ideologiya nəzərdə tutulacaqdı. Necə ki, bu gün bəzi əqidə sahibləri ali hədəf olaraq zor gücünə də olsa ümumdünya imperiyasının qurulmasını arzulayır. Belə bir dində hər hansı bir əxlaqi prinsiplərdən, azad düşüncədən, dözümlükdən söhbət belə gedə bilməzdi. Necə ki, bu gün boğazdan yuxarı şüarlar naminə xalqların müharibələrə, aclığa və səfalətə məhkum edildiyini görürük. Dinin mehvərini təşkil edən ilahi eşq və bu eşqin sayəsində insanlıq uğrunda fədakarlıq, daimi axtarış və yaradıcılıq antidəyərlərlə əvəz olunacaqdı. Ən mühümü “haqqın” yerinə “mənim haqqım” gələcəkdi. Belə olduqda din əvəzinə dinin imitasiyası yaşayacaqdı və istənilən cinayətə həmin “din” adından ilahi rəng qatmaq mümkün olacaqdı. Belə dində maddi maraqlar naminə edilən zorakılıq cihad, sosial statusu vurğulamaq üçün edilən xeyriyyəçilik fədakarlılıq, konservativlik və ənənəvilik əxlaq, cəmiyyəti durğunluğa sürükləyən kahinlik elm kimi qavranılacaqdı. Əslində, tarixi Kərbəla hadisəsindən sonrakı dönəmdə bu “dinin” ayaqda qaldığını görürük. Tarix boyu din adına edilən cinayətlərin və bəşəriyyətə qarşı xəyanətlərə həmin “İslam” da öz töhfəsini verdi və hələ də verməkdədir. Üstəlik həmin “din” öz allahsız mahiyətinin nəhayətinə çatıb insan xoşbəxtliyinə qənim kəsilməkdədir. İmam Hüseyn (ə) “Babam peyğəmbərin (s) ümmətini islah etmək üçün çıxıram” dedikdə bunları nəzərdə tuturdu. Və “Allah bizi şəhid olaraq görmək istəyir” deməklə dinin imitasiyasının yaşayacağını əvvəlcədən xəbər vermişdi. Lakin, həmin “din” müqabilində bir toxum səpmək gərək idi. İmam (ə) bunu məharətlə etdi.
.jpg)
Kərbəlada həqiqətin immitasiyası ilə həqiqətin özü qarşı-qarşıya gəldi. İnsanın fitrəti və nəfsi ilə səsləşən iki reallıq, HAQQ və MƏNİM HAQQIM üz-üzə gəldi. Hər iki cəbhə də hara kimi gedə biləcəyəni Kərbəlada nümayiş etdirdi. Kərbəla tarixin alt qatlarının faş olunmasıdır. Biri öz haqlığını sübut etmək üçün ən amansız zorakılığa hazırdırsa, başqası haqq uğrunda fədakarlığın doğurduğu ən amansız məzlumluğa. Kərbəlada insaniyyət pərdəsinə bürünməkdən yorulan tamahkarlıq var gücü ilə püskürdü. Tamahkarlıq üzərində qurulan bəşəri sivilizasiya bütün bərbəzəklərini kənara ataraq özünü olduğu kimi göstərdi. Və bu düzənin insan qarşısında yeganə seçim olmadığını Kərbəla (ə) ilə yanaşı əzadarlıq məclisləri də göstərir. Bu məclislər qələbə marşı ilə dünyada yürüyən, bir simadan digər simaya düşən, başqalarının həyat gücü ilə qidalanan yırtıcı düzən daxilində ümid qığılcımlarıdır. Yəni, Hüseyn cismən şəhid olsa da, onun amalları diridir. Mayası mənfəətlə yoğrulmuş müasir dünyada insanlar kiməsə yana bilirlərsə, eqoizmin cəngindən qurtulub yalnız öz haqlarına yox, haqqın özünə sahib çıxa bilirlərsə, demək gələcəyə inam var. Bu baxımdan əzadarlıq ümidsizlik, bədbinlik deyil, mənəvi qüdrət və nikbinlik toxumu səpir. Yəni, gələcəyə ümidli olanlar, zor dininə inanmayanlar, tamahkarlıq əxlaqını qəbul etməyənlər var və günü gündən artır. Yəni, məyusluq bataqlığında insanlıq eşqinə ümid sönməyib və çoxalmaqdadır. Gələcəyin işığını həmin qığılcımlar yandıracaq.
Hacı Şahin Həsənli, xüsusi olaraq “Qafqazinfo” üçün
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 2026 01:21
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 2026 13:10
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 2026 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 2026 10:21
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 2026 23:30
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
