“Ziya Bünyadovun əvəzinə bir müxalifət liderini öldürəcəkdik, amma...”
Ömürlük məhbus Nizami Nağıyev: “İndi belə düşünürəm ki, Heydər Əliyevdən küskün olublar, ona inamsızlıq yaratmaq istəyiblər”
1997-ci il fevralın 21-də böyük alim akademik Ziya Bünyadov qətlə yetirilib. Akademikin qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq.
Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. O, 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.
İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.
Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz...
Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın əynindəki nimdaş gödəkçənin qolları arasından qandal parıldayır...
Bu odur - ömürlük məhbus Nizami Adil oğlu Nağıyev. Yaşadığı binanın blokunda akademik Ziya Bünyadova bıçaqla xəsarət yetirən Bakı sakini, Azərbaycan vətəndaşı. Onunla həbsxanada görüşən “Yeni Müsavat”ın müxbirinə hər şeyi anladır...
Blokda qadınların olması qatilə cinayəti törətməyə mane olub
- Hadisə yerinə gedəndən sonra nə baş verdi?
- Qətli 2-3 gün əvvəl törətməli idik. Qalib binanın tinində dayandı. Tariyelgil də kənarda dayanıb onun gəlməsi haqda telefonla Qalibə məlumat verməli idilər. Mən maşından düşüb gedib bloka girdim. Gördüm ki, orada 2 qadın dayanıb söhbət edir. Çıxdım, gördüm həyətdə də adamlar var. Qalib də dedi ki, gəl gedək. Başa düşdük ki, alınmayacaq, qayıdıb getdik. Son 4 günü hər gün səhərlər konspirativ evə yığışırdıq. Fevralın 20-də də yığışdıq, bir də danışdıq, dağılışdıq.
“Sonradan Tariyeldən eşitmişdim ki, əvvəlcə bir müxalifət liderini də aradan götürmək planı olub. Amma düşünüblər ki, bunu eləsək, küçəyə heç kim çıxmayacaq” |
- Orada televizor vardı?
- Yox, yox idi. Olsa da kim idi televizora baxan? Heç evdə də baxmırdım. Ramanada heç fərli işıq var idi ki, televizora da baxaq?
“Onun adını ilk gündən bizə Aydın deyirdilər”
- Yəni həmin illərdə Ziya Bünyadovun çıxışlarını televizorda ara-sıra verirdilər. O, xalqın adamı idi, xalqın içində olurdu. Onu ən azı televizordan baxıb tanıya bilərdiz. Parlamentdə odlu-alovlı çıxış edən deputatlardan idi...
- Onun barəsində heç eşitməmişdim. Sovet İttifaqı Qəhrəmanı, deputat, akademik olmasını bilmirdim. Evdə tapılmırdım axı televizora da baxım. Qəzet də oxumurdum ki, belə bir adamın olmasını bilim. Evə gedəndə də tövləyə girib heyvanlarla, parniklə məşğul olurdum. Çox vaxt Türkiyəyə, Rusiyaya gedirdim. Evdə tapılmırdım. Bütün bu işləri Tariyel bilirdi. Elə demişdilər ki, alimdir, İslam dininə qarşıdır. Mənə onun kimliyi haqda axıra yaxın demişdilər. Onun adını ilk gündən bizə Aydın deyirdilər.
![]()
Nizami Nağıyev atası Adil Nağıyevlə
“Nifrət, nifrət, yenə də nifrət oyadırdılar”
- Neçə yaşınız vardı dəstəyə qoşulanda?
- 28 yaşında qoşuldum, 33 yaşımda da bu hadisə baş verdi. O vaxt heç ağlıma da gəlməzdi ki, belə bir hadisə ola bilər. İçimdə o qədər inam var idi ki, ay cənnətə gedəcəyik, kafirləri qıracağıq.
- Sizlərə bunları təlimlərdə aşılamışdılar?
- Hə, “zampolit” kimi biri gəlirdi. “Zampolit” deyildi, molla idi, o, dindən elə danışırdı ki, təsir altına düşürdük. Kor-koranə din təəssübkeşi olmuşduq. Hədislər, rəvayətlər danışırdı, deyirdi ki, kafirləri öldürmək lazımdır. Kafirlərə nifrət yaradırdı, əsasən də sionist, masson söhbətləri eləyirdi. Nifrət, nifrət, yenə də nifrət oyadırdılar. Biz də cahil adamlar idik.
“Burada bildim ki, bunlar yalanmış, Ziya Bünyadovun...”
Nizami Nağıyev söhbətin bu yerində kövrəlir, səsi boğulur. Doluxsunan gözlərini kənara çevirib zorla eşidiləcək səslə deyir ki, gec də olsa hansı bir əməlin altına imza atdığını anlayıb. Həbsə düşəndən sonra Ziya Bünyadovla bağlı qəzetlərdə, jurnallarda yazılanları oxuyub, onun barəsindəki verilişlərə baxıb:
- Bizə tamam başqa bir adam təsvir etmişdilər. Deyirdilər adı Aydındır, özü də alimdir. Bizə hadisəni törətməyimizdən 2 gün əvvəl onun əsl adını dedilər. Dedilər ki, adı Ziyadır, familiyası Bünyadovdur. Amma onda da bilmədik ki, Ziya Bünyadov sıradan bir alim, akademik deyil. Bizə deyirdilər ki, onun həyat yoldaşı yəhudidir. Burada bildim ki, bunlar yalanmış, Ziya Bünyadovun yoldaşı Tahirə xanım Yusif Vəzir Çəmənzəminlinin qohumudur. Tariyel bizi aldadıb. Onun özünün dayısı arvadı cuhud idi, özü gedib “cuhud”un bişirdiyi yeməyi yeyir, onun evində qalırdı. Əslində belə götürəndə bizimlə “cuhud”lar da əmioğluyuq. İbrahim əleyhissalamın dayılarıdır. Biz İsmayıl əleyhissalamın balalarıyıq. Əmiuşaqlarımızdırlar. Hər millətin yaxşısı da, pisi də var.
Dəstə başçısının əvvəlcə bir müxalifət liderini öldürmək planı olubmuş...
-Ziya Bünyadovu öldürməklə nəyə nail olmaq istəyirdilər? Bu haqda düşünmüsüz?
- İndi belə düşünürəm ki, Heydər Əliyevdən küskün olublar, ona inamsızlıq yaratmaq istəyiblər. Ölkədə çaxnaşma yaratmaq istəyiblər. Başqa nə ola bilər? Oturublar, seçiblər. Sonradan Tariyeldən eşitmişdim ki, əvvəlcə bir müxalifət liderini də aradan götürmək planı olub. Amma düşünüblər ki, bunu eləsək, küçəyə heç kim çıxmayacaq. Sonradan baxıblar ki, Ziya Bünyadovun cəmiyyətdə nüfuzu daha çoxdur. Çirkin məqsəd onların idi, bizim saf niyyətimizdən istifadə etdilər.
![]()
“Ziya Bünyadovun qohumlarından üzr istəyirəm. İmkan varsa, bağışlasınlar, Tahirə xanımın yolunu getsinlər” |
“Bizdən pis niyyətləri üçün istifadə etdilər, necə lazımdır, elə də istifadə etdilər”
- Saf niyyət nəyə deyirsiz?
- Bizə kafir birinə qarşı çıxacağımızı deyirdilər. Burada da hərdən rast gəlirik. Öz dədəsinə kafir deyənlər var. Səbəbini soruşursan, cavab verir ki, namaz qılmır. Deyirəm ki, dədən Allahı tanıyır, deyir tanıyır, peyğəmbəri tanıyır, deyir tanıyır, Quranı tanıyır, deyir tanıyır. Deyirəm ki, namaz qılmır, əcəb eləyir qılmır. Məgər dində məcburiyyət var? Bəqərə surəsində yazılıb - dində heç bir məcburiyyət yoxdur. Kimisə dinə, imana gətirmək istəyirsən, onunla mehriban davran, xoş münasibət göstər. Atana kafir deməklə nəyə nail ola bilərsən? Bizə əvvəl gündən düz yol göstərən olmadı, səhv yola yönləndirdilər. Hər naqisliyin kökündə savadsızlıq dayanır. Cahil olmuşuq. Bisavadlıqdan olub bunlar. Burada böyük alimlərin kitabını oxudum. Heç birində “qonşun namaz qılmırsa, get qonşuna əziyyət ver”, əmri yoxdur. Hər birində “sən get yaxşılıq et” əmri var. Bizdən pis niyyətləri üçün istifadə etdilər, necə lazımdır, elə də istifadə etdilər.
“Mənə bəraət yoxdur. Səhvimi etiraf edirəm”
- Sağlıq durumunuz necədir?
- Ürəyim xəstədir. Heç “voronok”a (dustaq daşınan maşın- E.M.) oturub müalicə müəssisəsinə gedə bilmirəm. Nəfəs alma problemim var. Müalicə olunuram. Deyirlər təzə həbsxana tikilir, orada şərait fərqli olacaq. Bircə istəyim prezidentdəndir. Onun ədalətinə sığınıram. Göydə Allahın, yerdə prezidentin rəhminə sığınıram. Demirəm azadlığa buraxsın, mənə ümid işığı versin. O dövrü siz də yaşamısız. Mənə bəraət yoxdur. Səhvimi etiraf edirəm. Əslində səhv yox, böyük bir günah etmişəm. İnsanı öldürmək ən böyük günahdır, etmişəm. İmkan varsa, ömürlük cəzanı ümid işığı ilə əvəzləyin. Əfv Komissiyasının sədri Ramiz Mehdiyevdən, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov cənablarından, Əfv Komissiyasının üzvlərindən rica edirəm, imkan varsa, ömürlüyü üstümdən götürsünlər. Ziya Bünyadovun qohumlarından üzr istəyirəm. İmkan varsa bağışlasınlar, Tahirə xanımın yolunu getsinlər.

“Tariyel dedi ki, Nəsrullah tələb edir ki, bu işi başa çatdırın”
- İzlədiyiniz şəxsin kimliyini nə vaxt bildiz?
- Axıra yaxın, öldürməzdən 2 gün əvvəl idi. Tariyel dedi ki, Aydın əslində Ziya Bünyadovdur. Ona görə Aydın deyirdik ki, birdən səhv edib haradasa adını çəkərsiz, telefonda söhbət edəndə adını deyərsiz, peycerdə yazarsız. Başladı ki, yoldaşı cuhuddur, sionistdir. Çox sonralar bildim ki, onun yoldaşı Yusif Vəzir Çəmənzəminlinin qohumlarındandır. Bunu 2010-cu ildə bilmişəm. Atam mənim yanıma bura gəldi, söhbət elədi, bildim. Tariyel bizi aldatmışdı. Özünün dayısının həyat yoldaşı cuhud ola-ola bizi aldatmışdı. Hətta özünün də qarışığının olduğunu deyirdi. Sırf azərbaycanlı olmadığını deyirdi. Biz də ona inanırdıq. 1997-ci il fevralın 21-də yenə də yığışdıq. Tariyel dedi ki, Nəsrullah tələb edir ki, bu işi başa çatdırın. Yəni qəti qoymuşdu ki, bu iş başa çatdırılmalıdır, nə edirsiz edin.

- Aranızdan uzaqlaşmaq istəyən olmadı?
- Yox, biz artıq Tariyelə biət etmişdik, onun dediyindən çıxmırdıq. Elə orada idik ki, Mahir də gəlib həmin evə çıxdı. Onu çağıran olmamışdı. Tariyel dedi ki, yaxşı gəlmisən, hava soyuqdur, oturarsan maşında, motoru da söndürməzsən. Birdən motor sönər, işə düşməz. Bunlar Qaliblə gedəcəklər, sən də maşında qalarsan. 2 “Uzi” avtomatı onların maşınına qoyduq, 2 avtomat da bizim maşına qoyduq. Silahları ona görə qoyurduq ki, birdən bizi təqib eləyən olsa atəş açsınlar, bizi yayındıra bilsinlər. İlk dəfə gedəndə üstümüzdə 1 bıçaq vardı. 2-ci dəfə gedənə Qalib səsboğucusu olan tapançanı götürüb qarnının üstünə qayışının altına keçirmişdi. Həmin gün üzü axşamüstünə yaxın əvvəlcə “Teleteatr”a yaxın getdik, gözlədik. Tariyeldən zəng gəldi ki, girin həyətə, gəlir. Tariyelgil parlamentin yanında dayanmışdılar, gəldiyini görmüşdülər. Maşını “ploşadka”da saxladıq, Mahir maşında qalıb motoru söndürmədi...
(ardı var)
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 00:40
- Prezidentdən Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım
25 fevral 23:27
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 21:07
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 18:53
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 18:45
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 12:09
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 12:02
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 11:17
- Horovluya növbəti köç karvanı yola salındı
25 fevral 10:59
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 10:50
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 01:40
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 18:56
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 17:23
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 17:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 14:57
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 13:21
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 13:10
- Parlamentdə 1 dəqiqəlik sükut
24 fevral 13:01
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 11:03
