"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Əliyevinkini asan yerdə tutdum..."
Maqazin3 iyul 2020 09:42
"Surət Hüseynova elə indicə uzun və yağlı kəndir verilmişdi – özünü asmaq üçün..."
"Döyüşlərdə qazandığı böyük nailiyyətləri və iqtisadiyyat sahəsindəki müstəsna bacarığını layiqincə qiymətləndirərək mən xalqımızın Baş naziri vəzifəsinə Ali Sovetin deputatı, Milli Qəhrəman, polkovnik Surət Hüseynovun namizədliyini irəli sürürərəm!..”
Ötən il tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik...

Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki, Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün maraqlı olar.
"Surət Hüseynovu Rəhim Qazıyev və Nemət Pənahov müşayiət edirdilər..."

(Əvvəli burada: https://www.moderator.az/news/332637.html )
“...Bu hadisələr zamanı yumorlu hadisələr də az olmamışdı. Dövlət katibi Əli Kərimli, Xarici İşlər naziri Tofiq Qasımov və Prezidentin Mətbuat katibi Arif Əliyev mətbuat konfransına oxşar tədbirdə yığışmışdılar ki, fürsətdən istifadə edib Elçibəy qayıdana qədər öz fəaliyyətlərini dayandırdıqlarını elan etsinlər.
“Gəncə hadisələri Azərbaycanda qanunun hökmranlığının sonu deməkdir”, - Əli Kərimli belə dedi – Hakimiyyət indi siyasi partiyaların yaradılması gücünə yox, silahlı dəstələrin yaradılması gücünə əldə edilir...”
Bu o qədər aşkar həqiqət idi ki, hər hansı bir sualın verilməsi mənasız olacaqdı. Heç bir sual verilmədikdə otağın arxa hissəsində bir nəfər ayağa durdu və bizim hamımıza məlumat verdi ki, biz qanunsuz keçirilən mətbuat konfransında iştirak edirik. Və yaxşı olar ki, o, bizi buradan bayıra atmaq üçün mühafizəçiləri çağırmamış özümüz yubanmadan Prezident binasını tərk edək...
“Sən kimsən?”- deyə Kərimli zəhmlə soruşdu.
“Dövlət Təhlükəsizlik Komitəsinin yeni təyin olunmuş sədr müavini, bildiniz kiməm?..”- dedi.
“Mən Dövlət katibiyəm” - Əli cavab verdi, – qorxmuram”.
DTK-nın adamı mırıldandı:
“Siz bir saat bundan qabaq vəzifənizdən azad olunmusunuz, odur ki, buranı tərk edin!..”
Beləliklə, Dövlət katibi, Xarici İşlər naziri və Prezidentin Mətbuat katibi saymazcasına, heç olmasa, “zəhmət də olsa, şələ-şülənizi yığışdırın” xəbərdarlığı da edilmədən küçəyə atıldığı zaman mən pilləkanlarla üzüyuxarı şütüdüm – Vəfa Quluzadənin bugünkü hadisələr barədə nə düşündüyünü bilmək istəyirdim. Və onu Məhəmməd Əmin Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevə oxşar başqa birisini asan yerdə tutdum. Vəfa sıxıla-sıxıla gülümsədi və çiyinlərini çəkdi...
***
Amma bu arada, həm televiziya ilə, həm də mətbuatda Surət Hüseynov haqda gedən və gündən-günə böyüməkdə olan “Bu, sənin həyatındır” “psixoloji terapiya serialı” heç də gülüş doğurmurdu. Əliyevlə Hüseynov arasında dərin qarşılıqlı hörmətdən danışmaqla bərabər, məlumatların çoxunda “müharibə allahının” həyatının və bəzi dövrlərinin sual doğuran təfərrüatları barədə heç nə deyilmirdi...
Əlbəttə, Azərbaycanda ən yeni və ən çox rezonansa səbəb olmuş şəxsiyyət kimi, gəncliyinə, dövlətinə gündən-günə açıq-aşkar artan ambisiyasına və arxasında dayanan ordusuna( və hətta onun Seyid, başqa sözlə, Məhəmməd Peyğəmbərin törəməsi olması barədə gəzən şübhəli söz-söhbətlərə) görə çoxları maraqlanmağa başlamışdı ki, görəsən, Surət və Əbülfəz və ya hətta Əliyev və Elçibəy və ya Surət Hüseynov və Heydər Əliyev də daxil olmaqla onun əleyhinə olan hər kimsə arasında həqiqi münasibətlər nədən ibarətdir...
Hadisələr əslində belə cərəyan edirdi. Lakin mən o zaman iki adam arasındakı “gərginliyə” həsr olunmuş bütün məlumatları əsas məsələdən, yəni Azərbaycanda demokratiyanın ayaqyoluna atılmasından diqqəti yayındırmaq üçün düşünülmüş dolama oyunun, sadəcə, bir hissəsi kimi qiymətləndirirdim...

1993-cü ilin yayında Azərbaycandakı saysız-hesabsız siyasi ləyaqətsizliklər və dərəbəyliklər sırasında diqqəti cəlb edəcək bir məqam vardısa, o da Surət Hüseynovun Baş nazir seçildiyi iyunun 30-u idi. Heydər Əliyev tərəfindən səsə qoyulmuş və onun parlamentdəki adamları tərəfindən səs toplamış Surətin hökumətin başına yüksəlməsi demokratik plüralizm, vətəndaş cəmiyyəti və Azərbaycanda siyasi problemlərin həlli üçün kobudluq və zorakılıqdan qeyri daha nələr vardısa, onların hamısının təkzib edilməsi demək idi. Bu, gerçəkdən rüsvayçılıq günü idi...
Yaxşı yadımdadır. İkinci mərtəbənin foyesindəki jurnalistlərə qoşulmaqdansa, mən özümü aşağı zaldakı deputat və müşahidəçilərin arasına salmağa müəssər oldum. Məlum məsələdir ki, böyük bir hadisə gözlənilirdi. Lakin bunun nə olduğu barədə heç kim dəqiq söz demirdi. Elçibəyi kənarlaşdırdığına görə alacağı mükafat üstündə Surətlə Heydər Əliyev arasında gedən “ağır sövdələşmələr” barəsində müəmmalı söz-söhbətlərdən başqa...
Bir azdan qapılar açıldı və Heydər Əliyev gurultulu alqışlar altında böyük addımlarla tribunaya tərəf getdi. Hər şey adəti üzrə idi. Lakin bunun ardınca başqa qapı açıldı və böyük dəbdəbə ilə cangüdənlər və silahlılar dəstəsi içəri girdi. Bu yalnız bir adam üçün ola bilərdi: Surət Hüseynov üçün. Əlbəttə ki, bir an sonra cavan “müharibə allahı” ürəkbulandıran və zəhlətökən alqışlar altında zala daxil oldu. Onu Rəhim Qazıyev və Nemət Pənahov müşayiət edirdilər. Adbaad səsvermə keçirildi və parlamentin sədri və Prezidentin səlahiyyətlərini icra edən Heydər Əliyev danışmağa başladı:
“...Respublikada vəziyyət acınacaqlıdır. Cəbhədə erməni düşmənlərimizlə döyüşlərdə verilən itkilərə əlavə olaraq silahlı elementlər ölkədə sabitliyi pozmağı planlaşdırıblar. Təsdiq olunmamış məlumatlara görə, Prezident Elçibəyin paytaxtdan qaçdığı gün hərbi sursat anbarından 18 min avtomat silah yoxa çıxmışdır. Xalqın üzləşdiyi o əsas problem də həllini gözləyir. Prezident qaçmışdır və ölkəyə rəhbər lazımdır...
Bu vəziyyətlə əlaqədar olaraq mən Azərbaycan Respublikası Parlamentinin sədri kimi bu çətin, dar gündə ölkəni idarə edəcək rəhbər arzulayan xalqın istəyini həyata keçirirəm. Mən çox şadam, sizə elan edim ki, mən belə rəhbər tapmışam. Döyüşlərdə qazandığı böyük nailiyyətləri və iqtisadiyyat sahəsindəki müstəsna bacarığını layiqincə qiymətləndirərək mən xalqımızın Baş naziri vəzifəsinə Ali Sovetin deputatı, Milli Qəhrəman, polkovnik Surət Hüseynovun namizədliyini irəli sürürərəm!..”
Qulaqbatırıcı alqışlar ikrah hissi doğururdu. Deputatlar ayaq üstdə dayanıb əl çalırdılar. Namizəd isə o qədər etinasız, sərt görünürdü ki, narkotik maddənin təsiri altında olan adam təəssüratı bağışlayırdı. O, kürsüyə qalxdı. Alqışlar kəsildikdən sonra o, rəsmi surətdə seçilməkdən qabaq nə düşündüyü barədə məlumat vermək üçün deputatların qarşısında hazır dayandı...
Desəm ki, onu heç bir problemlə əlaqədar sorğu-suala tutmadılar, düzgün olmazdı. Suallar xala-xətrin qalmasın və mənasız idi. Namizədin ən uzun cavabı onun maraqlı tərəf kimi parlamentin gözlənilən hesabatında Elçibəyin Gəncə hadisələrindəki məsuliyyətinə dair münasibəti idi...
“Hesabatdan xəbərim var” –Surət fınxırdı – O, günahkardır. Hökumətə qarşı tərətdiyi cinayətə görə o, məsuliyyətə cəlb olunmalıdır”.
Maraq göstərib dinləyənlər üçün bu, çox məzəli bəyanat idi. Hadisələrə dair hesabatın müzakirəsi tam qurtarmamış, mətbuatda dərc olunmamış Surət Hüseynov nəinki onun nədən ibarət olduğunu bəyan edirdi, hətta dövlət çevrilişi cəhdinə görə Prezidentin özünün dövlət xaini olmasında təkid edirdi. Bunları o, tələb olunan hüquqi normalar, məhbusun məhkəməyə gətirilməsi üçün sərəncam və bütün bu kimi başqa lənətə gəlmiş prosedurlardan əvvəl dedi və heç kimində onun söylədiklərinin mahiyyətin, yaxud nüansların məğzinə varmadığı çətin ki, kimisə təəccübləndirmiş olardı. Eyni zamanda Heydər Əliyevin Baş nazir vəzifəsinə namizədinin bir neçə dəqiqə ərzində seçilməsi də təəccüb doğurmadı. Səsvermənin nəticələrini göstərən rəqəmlər Heydər Əliyevin arxasındakı iki böyük ekranda yayımlandığı üçün zalı yenidən gurultulu alqışlar bürüdü. Deputatlar və müşahidəçilər ayaqüstə dayanaraq coşğunluqla əl çalırdılar. Sonra isə Heydər Əliyev əlini qaldıraraq sakit olmağı xahiş etdi və dedi:
“Mən fürsətdən istifadə edib Surəti Baş nazir kimi mühüm vəzifəyə seçilməyi münasibətilə təbrik edirəm. Və xalqın seçiminə etimadımı bildirərək bəyan etmək istəyirəm ki, milli iqtisadiyyatın inkişafı işində ağır problemlərlə üzləşəcəyini nəzərə alaraq mən ona hər iki nazirliyin – onun döyüşçü qəhrəmanlığına ehtiyacları olan formada olan həm Müdafiə, həm də Daxili İşlər Nazirliyinin işini həvalə edirəm...”
Baş nazir, Müdafiə naziri və Daxili İşlər naziri – hamısı bir güllə ilə. “Yun taciri” üçün bu an yəqin ki, həyatının ən gözəl anı idi. Lakin mən daha nə isə də gördüm...
Ola bilsin ki, Naxçıvanlı ulu demokrat kimi yenidən doğulmuşdu, lakin o hələ də rəqiblərinə güzəştə getmirdi: Surətə elə indicə uzun və yağlı kəndir verilmişdi – özünü asmaq üçün. Hökuməti devirməklə qorxudaraq onlara qarşı müqavimətin belə göstərilməməsinə müvəffəq olan onun qalib qiyamçı dəstələrinin qazandığı yalnız bir şey oldu – onlar geriyə, keçmiş SSRİ məkanında ən qəddar və fanatikcəsində döyüşən qüvvələrlə - Dağlıq Qarabağın erməniləri ilə savaşa göndərildilər...
Qeyd:
Materialda adları çəkilən, həyatda olan hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq.
Onu da bir daha xatırladaq ki, Tomas Qoltsun “Azərbaycan gündəliyi” kitabının təqdimatı 24 may 2016-cı il tarixdə Azərbaycan Diplomatik Akademiyasında həmin ali məktəbin və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığıyla keçirilmişdir...
Təqdim etdi: Sultan Laçın
Oxşar xəbərlər
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
3 fevral 2026 18:54
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
Xəbər lenti
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 11:04
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 22:38
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 22:21
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 11:15
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 00:40
- Prezidentdən Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım
25 fevral 23:27
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 21:07
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 18:53
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 18:45
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 12:09
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 12:02
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 11:17
- Horovluya növbəti köç karvanı yola salındı
25 fevral 10:59
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 10:50
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 01:40
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 18:56
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 17:23
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 17:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 14:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
