Kinostudiyanın ilk rəhbəri: Onu Moskvada güllələdilər
Azərbaycanda kino sahəsinin yenidən qurulmasında və təşkilində, indi adı az xatırlanan ilk kino məmurumuz Şamil Mahmudbəyovun (bəzən onu rejissor Şamil Mahmudbəyovla səhv salırlar) mühüm xidmətləri olub. Onun atası Tiflisdə yerləşən Aleksandrovski Müəllimlər İnstitutunun məzunu, maarifçi Həbib bəy Mahmudbəyov əslən Şamaxıdan idi.
O, 1887-ci ildə Sultan Məcid Qənizadə ilə Bakıda maarifin inkişafında böyük rol oynayan ilk özəl rus müsəlman məktəbini açıb. Bundan başqa Həbib bəy Qənizadə və başqaları ilə birlikdə rus-müsəlman kitabxanasını təşkil edib. Oktyabr çevrilişinədək ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olan, Bakı Şəhər Dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının keçirilməsində fəal iştirak edən Həbib bəy sovet hakimiyyətinin qurulmasından sonra Azərbaycan Ali Pedaqoji İnstitutunun yaradılmasında yaxından iştirak eləyib. Həmin institutda uzun illər direktor müavini, eyni zamanda rus dili və ədəbiyyatı müəllimi işləyib.
Həbib bəy teatrın inkişafında da xidmətlər göstərib. Onun, Sultan Məcid Qənizadə və Nəcəfqulu Vəliyevlə birgə yaratdığı sabit teatr qrupunda Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Əbülfət Vəli, Mirzağa Əliyev, Məhəmməd Ələvəndi kimi teatr xadimləri çıxış edirdilər.
Şamil Mahmudbəyov (1898-1936) məhz belə bir ailədə dünyaya göz açmışdı. O, atasının açdığı ilk rus-tatar məktəbində oxumuşdu, ali təhsilini Kiyev Politexnik İnstitutunda almışdı. Mahmudbəyov sovet hakimiyyəti dövründə Nəriman Nərimanovun şəxsi katibi, Şuşa İnqilab Komitəsinin sədri, Qarabağ və Zəngəzur Fövqəladə Komissiyasının sədri, Naxçıvan MSSR XKS-nin sədr müavini, daxili işlər komissarı, İK-nin sədri olmuşdu...
Sovet hakimiyyəti dövründə kinematoqrafiya mövcud ideologiyanın təbliğatından ötrü prioritet sahələrindən birinə çevrildi, bu səbəbdən rəhbərlik kino işinin təşkilinə, film istehsalına xüsusi diqqət ayırırdı. Amma fəaliyyətdə olan kino qurumlarının işini səmərəli qura bilməməsi, maddi-texniki təchizatda, ssenarilərin seçilməsində problemlər, milli kadr çatışmazlığı bu sahədə praktik, kompleks tədbirlərin görülməsini zəruri edirdi.
Ona görə 1925-ci ildə "Foto-Kino İdarəsinin yenidən qurulması haqqında” qəbul olunan qərarda kino istehsalının dövlət əhəmiyyətli iş olduğu qeyd edilir, təbliğat və siyasi məzmunlu filmlərin çəkilişi, Azərbaycan Foto Kino İdarəsinin təşkilati quruluşu dəyişdirilməsi də vacib sayılırdı.
Qərarla yeni yaradılmış "Azərkino”ya rəhbərlik Şamil Mahmudbəyova tapşırılır. O, fəaliyyəti dövründə kino sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi, milli kadrlarının yetişdirilməsi istiqamətində mühüm işlər görür. Mahmudbəyovun rəhbərliyi dövründə fotoqrafiya, kinematoqrafiya, kino-teatrlar və kinoprokat müəssisələri dövlətin əlində cəmləşdirilir, AFKİ-nin tərkibindəki müvafiq qurumların normal fəaliyyəti üçün şərait yaradılması ön plana çəkilir, həmin bölmələrin rəhbərliyinə savadlı kadrlar təyin olunur. Bundan başqa o, xronika şöbəsi yaradaraq, Rusiyada təcrübə keçmiş rejissor Aleksandr Litvinovu həmin şöbənin rəhbəri təyin eləyir.
Mahmudbəyov kino-fabrikin yeni binasının tikilməsinə, istehsalatın səviyyəsini qaldırmaq məqsədilə yeni avadanlıq və çəkiliş aparatlarının alınmasına maliyyə vəsaiti ayrılması üçün çalışır. Onun davamlı təkidlərindən sonra 1926-cı ildə yeni kino-fabrikin tikintisi üçün hökumət orqanları vəsait ayırır. Hətta 1930-cu illərdə C.Cabbarlının "İnqilab və mədəniyyət” jurnalında yazırdı: "...fabrikin inşasına 200 min manata qədər pul xərcləndi. Kino-fabrikin 78 işıq nöqtəsi, 10 şəkil çəkən aparatı vardı. Fabrikin kinolaboratoriyasında yeni kopyaedici (surətçıxaran – N.Ə.) aparat qurulmuşdu. Fabrikdə paltar, qrim və operator şöbələri olduğu kimi, mətbəə, fotolaboratoriya, elektrik stansiyası və bu kimi yeniliklər vardı”.
"Azərkino” xüsusi film fondunu yaratmağa, bütün ekran əsərlərini icarə ilə almağa başlamışdı. Tamaşaçıların sayı artmış, 20 səyyar kino aparatı işə salınmış, kino işlərini ucuzlaşdırmaq və kooperativləri kino işlərinə cəlb etmək məqsədilə 28 kino şirkət yaradılmış, kəndlərə xidmət üçün Azərittifaqa 60 xüsusi kino qazalağı (arabası) sifariş verilmiş, kollektiv təsərrüfatlarda sabit (stasionar) kino qurğuların yerləşdirilməsinə başlanmışdı.
Mahmudbəyov milli kadrların hazırlanmasına da diqqət yetirirdi. Onun səyi ilə 1925-ci ildə kino-fabrikin nəzdində ikiillik rejissor hazırlığı studiyası təşkil olunur, burada ilk peşəkar kinematoqrafçılar Cəfər Cabbarlı, Mikayıl Mikayılov, Ağarza Quliyev, Rza Təhmasib (ümumilikdə 56 nəfər) təhsil alırdılar. Rejissor və aktyor ustalığı, operator işi, ssenari yaradıcılığı, kino texnikası və s. məsələləri üzrə məşğələləri aparmaq üçün Moskvadan A.Ardatov, N.Kirillov, S.Troitski və V.Sladkopevtsev dəvət olunmuşdu.
Rza Təhmasib "Ədəbiyyat və incəsənət” (1970) qəzetinə müsahibəsində xatırlayırdı: "Şərait ağır olsa da ruhdan düşmürdük. Öz qüvvəmizlə film çəkir, dekorları açıq havada, elə kino-fabrikin həyətində qururduq. Kursda oxuyarkən yazdığım ssenari əsasında qısametrajlı film çəkmişdik. Filmdə dövrümüzün böyük dramaturqu olan Cəfər Cabbarlı qoca ata rolunu məharətlə yaratdı. Hamımız onun aktyorluq qabiliyyətinə heyran qalmışdıq…”
Mahmudbəyov eyni zamanda, Azərbaycan qadınların kinoya cəlb olunması üçün çalışırdı. 1925-ci ildən başlayaraq, aktrisalardan Əzizə Məmmədova, Sona Hacıyeva, İzzət Oruczadə, Mərziyə Davudova və başqaları filmlərdə çəkilirdilər.
Ümumiyyətlə, Mahmudbəyov sənət adamları arasında böyük nüfuza malik idi, yüksək savadına, insani keyfiyyətlərinə görə şəxsiyyətinə hörmətlə yanaşırdılar. Abbas Mirzə Şərifzadəni "Bismillah” filmini çəkməyə, Cabbarlını ssenari yaradıcılığı ilə məşğul olmağa məhz o, həvəsləndirmişdi. Mahmudbəyovun dəvətilə Moskva, Leninqrad, Kiyev və Tbilisidən Vsevold Pudovkin, Nikolay Şengelaya, İvan Perestiani, Mixail Çiaureli kimi, görkəmli sənətçilər Bakıya gələrək yerli kinematoqrafçıların peşəkar səviyyəsinin artırılmasına yardım edirdilər. Xüsusən, Pudovkin həm film çəkmək, həm də milli kadrlar hazırlamaq işində yaxından iştirak edir, kino-fabrikin yaradıcı işçiləri üçün mühazirələr oxuyurdu.
Mahmudbəyov qısa müddətdə kino istehsalında dönüş yarada bilmişdi. Təkcə 1925-ci ildə 16, 1926-1928-ci illərdə isə 20-dən çox sənədli-xronikal film çəkilmiş, "Bismillah”, "Müxtəlif sahillərdə”, "Gilan qızı”, "Vulkan üzərində ev” bədii filmləri lentə alınmışdı. Onun təşkilatçılığı sayəsində 1928-ci ilin fevralında yeni kino pavilyonu təzə avadanlıqlarla təchiz olunaraq istismara verilmişdi. Kino-fabrikin nəzdində fəaliyyət göstərən kino emalatxanası ilə yanaşı, "Kino aktyoru” eksperimental emalatxanasının fəaliyyətə başlaması da Mahmudbəyovun səyi nəticəsində baş tutmuşdu.
Mövcud siyasi rejimə xidmət etməsinə baxmayaraq, Mahmudbəyov milli təfəkkürə malik adam idi. Onun cəhdlərindən sonra 1926-cı ildən istehsal olunan filmlərdə türkcə titrlər tətbiq edilməyə başlamışdı. Artıq 1930-cu ildə "Azərkino”nun istehsal etdiyi filmlərin 95 faizi türkcə titrlərlə təchiz olunmuşdu.
Mahmudbəyovun milli təəssübkeşliyi başqa bir hadisədə də özünü göstərir. 1926-cı ildə Gürcüstan Dövlət Kino Sənayesi İdarəsi "Azərbaycan” adlı 7 hissəli kinodram çəkir. Ssenari müəllifi və rejissoru İvan Perestiani, operatoru Aleksandr Diqmelov olan həmin filmə Tiflisdə reklam plakatı hazırlanaraq ölkənin hər yerinə, o cümlədən, Azərbaycana göndərilir. Plakatda rəqs edən yarıçılpaq qadın təsvirinin altında filmin adı – "Azərbaycan” yazılmışdı. "Dövlətkinosənaye”nin idarə heyətinə məktub göndərən Mahmudbəyov yazırdı: "…yarıçılpaq marionetin altında sovet respublikası (Azərbaycan) adlı sözlər yazılmışdır. Hesab edirik ki, bu plakatı çap edən şəxslər tərəfindən senzurasız tərtib olunmuş kobud aktdır. Reklamın müəlliflərində bu məsələ ilə bağlı nəinki siyasi duyum yoxdur, hətta qonşu respublikaya aid həmin təsvirlərə münasibətdə onlar etika haqqında elementar anlayışa belə malik deyillər. Hesab edirik ki, əgər "Azdövlətkino” və ya hər hansı bir təşkilat belə bir məzmunda plakatı "Gürcüstan” başlığı altında buraxsaydı, yəqin ki, Gürcüstan SSR Dövlət Kinosənayesi də qəti etiraz edəcəkdi. Sizin çap etdiyiniz reklamın ("Dövlətkinosənaye”nin nəşri) ümumi məzmununa qarşı qəti etirazımızı bildiririk və nəzərinizə çatdırırıq ki, Azərbaycana göndərilmiş bütün plakatları, harada olursa-olsun, yığacaq və məhv edəcəyik. "Azdövlətkino” İdarə Heyətinin sədri Mahmudbəyov. 8 noyabr 1926-cı il”.
Təəssüf ki, Mahmudbəyovun kinodakı fəaliyyəti uzun sürmədi. Mircəfər Bağırov və Həmid Sultanov tərəfindən təqib olunan Mahmudbəyov 1928-ci ildə AFKİ-nin yenidən qurulması bəhanəsilə vəzifəsindən uzaqlaşdırılaraq Kənd Təsərrüfatı İnstitutuna tədris hissə müdiri təyin olundu. Sonra Qırmızı Professorlar İnstitutunda (partiyanın ən yüksək ideoloji kadrlarının və universitetlərdə ictimai elmlər üzrə müəllimlərin hazırlanması üçün Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi ali təhsil müəssisəsi) təhsil almaq üçün Moskvaya, daha sonra Qorki şəhərindəki Marksizm-Leninizm İnstitutuna göndərilib. 1936-cı ildə burada həbs olunaraq güllələnir. 1957-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə ona bəraət verilib.
Məqalə Nəriman Əbdürrəhmanlının "Azərbaycan Kino Sənəti Tarixi” kitabının əsasında hazırlanıb
Oxşar xəbərlər
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
1 mart 2026 13:43
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
