Tarixin sıfır nöqtəsi - Şanlıurfa (FOTOLAR)
Maqazin19 dekabr 2021 22:28
Türkiyənin ən qədim yaşayış məskənlərindən olan Şanlıurfada son illərdə aparılan arxeoloji qazıntılar nəticəsində milyonlarla il yaşı olan tarixi abidələr üzə çıxıb. Qədim mədəniyyətin beşiyi hesab olunan Şanlıurfa "tarixin sıfır nöqtəsi" adlandırılır. Edilən kəşflər, aparılan arxeoloji qazıntılar şəhərə turist marağını artırır.
Bu günlərdə Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan media nümayəndələrinin qədim şəhərə təşkil olunan səfəri də türkdilli ölkələrin əhalisinin tarixi abidələrə olan marağını artırmaq məqsədi daşıyırdı.
Şanlıurfa ərazisinə görə Türkiyənin yeddinci ən böyük bölgəsidir. Şəhərin adı 1984-cü ilə qədər Urfa olaraq qəbul edilib. Lakin Türkiyənin müstəqilliyi uğrunda aparılan müharibədə göstərdiyi qəhrəmanlığa görə bu şəhərin adı Şanlıurfa olaraq dəyişdirilib.
Urfanın tarixi adının Ur olduğu bildirilir. Makedoniyalı İsgəndərin buraları işğal etməsindən sonra şəhərin adı tarixi mənbələrdə Edessa olaraq keçməyə başlayıb. Ərəblər isə bu şəhərə "Ər-Ruha” deyiblər. Hazırda "Ər-Ruha” adı Urfada olduqca məşhurdur. Urfada olarkən diqqəti çəkən adlardan biri də Harrandır. Şəhərdə Harran adının verildiyi otel, universitet, restoran, mağaza və başqa obyektlərə tez-tez rast gəlmək mümkündür. Urfalıların dediklərinə görə, Harran sözü İbrahimin (ə.s.) qardaşı və Lutun (ə.s.) atası olan Haranın adından gəlir.
Bu şəhər bütün dünyada, xüsusilə də İslam coğrafiyasında peyğəmbərlər şəhəri kimi tanınır. Bu tarixi bölgə həm də insanlığın başlanğıcı hesab edilir. Bəzi rəvayətlərə görə, Adəm (ə.s.) və Həvva bir müddət Urfada yaşayıblar. Deyilənlərə görə, "Böyük tufan”dan sonra Nuh (ə.s.) tərəfindən inşa edilən 18 şəhərdən biri də Urfa olub. Şəhər ərazisində tapılan "Balıqlı göl heykəli”nin nə az-nə çox, düz 11 min 500 illik tarixinin olduğu bildirilir.
Rəvayətə görə, o dövrün bütpərəst kralı Nəmrud İbrahim peyğəmbəri (ə.s.) Urfa qala divarlarının inşa olunduğu təpənin üzərindən mancanaqla oda atdırır. Lakin Allahın əmri ilə od suya, tonqaldakı odunlar isə balığa çevrilir. Bu barədə Qurani-Kərimin "Əl-Ənbiyə” surəsində bir ayə var: "Ey atəş, İbrahimin üzərinə soyuq və sərin ol”. Eyni zamanda Həzrəti-İbrahimin (ə.s.) doğulduğu mağara da "Balıqlı göl”ün yaxınlığında yerləşir. Hazırda həmin mağaranın üzərində "Mövludi-Xəlil” məscidi yerləşir. Məscidin içərisindən həmin mağaraya enmək mümkündür.

Həzrəti-İbrahimdən (ə.s.) başqa, Urfada yaşamış peygəmbərlərdən birinin də Həzrəti-Əyyub (s.ə.s.) olduğu deyilir. Peyğəmbərlər silsiləsində Allaha təslimiyyəti sayəsində göstərdiyi səbirlə tanınmış Həzrəti-Əyyubun (ə.s.) xəstələndiyi zaman yaşadığı mağara və suyundan içərək şəfa tapdığı bulaq da bu şəhərdə yerləşir. Əyyub (ə.s.) peyğəmbərin məzarının şəhərdən 20 km. məsafədə yerləşən Əyyub Nəbi kəndində olduğu bildirilir. Həzrəti-İbrahim kimi, Əyyub (ə.s.) Peyğəmbərin də adı ilə bağlı olan yerlərə ardı-arası kəsilmədən ziyarətçi axını gəlir. Xüsusilə də, İran və Suriyadan buraya hər il on minlərlə ziyarətçi təşrif gətirir.
Bunların arasında Əlyəsa (a.s.), Şuayb (ə.s.), Nuh (a.s.), Musa (a.s.), Lut (a.s.), Yaqub (a.s.) kimi peyğəmbərlər də olub. Hazırda bu peyğəmbərlərin adı ilə bağlı bu bölgədə onlarla yer adları mövcuddur. Urfa xristianlar üçün də müqəddəs şəhər hesab olunur. Rəvayətə görə, İsa Peyğəmbərin (a.s.) zamanında Urfa hökmdarı ağır xəstəliyə düçar olur və bu xəstəliyə çarə tapa bilməyən hökmdar İsa Peyğəmbərin (a.s.) yanına bir heyət göndərir. İsa Peyğəmbərlə (a.s.) görüşən həmin heyət bildirir ki, əgər İsa (a.s.) onların hökmdarını sağaldarsa, bütün Urfa xalqı onun dinini qəbul edəcək. İsa (a.s.) Urfaya gedə bilməyəcəyini bildirərək əlindəki dəsmalı üzünə sürtərək Urfadan gələn insanlara verir. Heyət geri dönərkən İsa peyğəmbərin (a.s.) dəsmalı Urfaya yaxın bir yerdə (Əyyub peyğəmbərin (a.s.) yaşadığı mağarada quyuya düşür.
Ancaq bir qədər əlləşəndən sonra dəsmalı quyudan çıxararaq hökmdara çatdıra bilirlər. Rəvayətə görə, hökmdar dəsmalı üzünə sürtərək düçar olduğu xəstəlikdən xilas olur və söz verdiyi kimi İsanın (a.s.) dininə iman gətirir. Bu dəsmal İsa Peyğəmbərin möcüzəsi olaraq, uzun illər Urfada saxlanılıb. Ancaq Abbasi xəlifəsi Məmun Bizansla müharibədə məğlub olduğu zaman bu dəsmalı bizanslılara verməli olub. Dəsmalın düşdüyü quyu hazırda xristianlar tərəfindən müqəddəs yer olaraq qəbul olunur. Hər il buraya xristian ölkələrindən minlərlə ziyarətçi gəlir.

Arxeoloji araşdırmalar hər bir xalqın tarixi ilə bağlı yüzlərlə yeni informasiyanı işıq üzünə çıxarır. Çünki əsrlər əvvələ aid olan, dövrümüzə qədər gəlib çatan tarix-mədəniyyət abidələrinin əksəriyyəti ya dağıdılıb, ya da zamanın dəyirman daşında üyüdülərək öz-özünə məhv olub.
Şanlıurfa bölgəsində hələ ötən əsrin 60-70-ci illərində aparılan tədqiqatlarla ortaya çıxan Göbəklitəpə Neolit dövrü yaşayış yerindən sonra eyni dövrə aid Karahantəpə və digər qədim yaşayış məskənlərinin də üzə çıxarılması dünya arxeologiya elmində mühüm hadisələrdən biri olub.
Arxeoloqlar tərəfindən aşkarlanan və yeni yaradılan Şanlıurfa Arxeologiya Muzeyində saxlanılan tapıntılar onu göstərir ki, 12 min il əvvəl insanlar bu torpaqlarda oturaq həyata keçiblər. Kəşflər sübut edir ki, bu ərazilərdə insanlar köçəri deyil, oturaq həyat tərzi keçiriblər. Qazıntılarda iştirak edən arxeoloqların fikrincə, insanların oturaq həyata keçməsinə bir neçə səbəb olub.

Müxtəlif zamanlarda ərazidə aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, bu ərazilərdə müxtəlif növ bitkilər, ağac kökləri, yabanı otlar və s. mövcud olub. Bu coğrafi fərqlilik də o dövrdə insanların bu ərazilərdə toplu şəkildə yaşamalarının əsas səbəblərindən biri olub. Min illiklər əvvəl yabanı şəkildə buğda, arpa və taxıl sahələri formalaşmışdı ki, təbiətin təklif etdiyi bu məhsullar insanları oturaq həyata keçməklə yanaşı, ilk əkinçilik vərdişlərinin də formalaşmasına səbəb olub. Bu da öz növbəsində heyvanların əhliləşdirilməsinə təsir göstərən amil olub.
Ovçuluq və yığıcılıqla məşğul olan insanlar Paleolit dövrü boyunca təbiətdən meyvə, ot kökü, yabanı bitkilər yığmaqla yanaşı, vəhşi heyvanlar ovlayaraq, həyatda qalmağa çalışıblar. Onlar təbii fəlakətlərdən və təhlükələrdən qorunmaq üçün mağaralarda və qayalardakı sığınacaqlarda yaşayıblar.

Şanlıurfanın mərkəzindən iki kilometr uzaqlıqda, Küçük Gölbaşı adlanan ərazinin cənub-qərbində tapılan Biris Məzarlığı və Biris Məzarlığının bir kilometr şimal hissəsində yerləşən Söyüd tarlası Paleolit dövründən Neolit dövrünədək olan bir zaman kəsiyini araşdırmağa imkan verir.
Muzeydə nümayiş etdirilən Urfa Balıqlıgöl heykəli də diqqətçəkən məqamlardan biridir. Belə ki, məlumatlara görə, Urfa heykəli adlandırılan tapıntı insanlıq tarixinin insanabənzər ən təbii və qədim halını əks etdirən heykəldir.
Heykəl Balıqlıgöl adlandırılan ərazinin şimalında, köhnə Urfa evlərindən birinin zirzəmisində 1990-cı illərdə aparılan qazıntılar zamanı tapılıb. Heykəlin üzərindəki izlər çaxmaqdaşı ilə işləndiyindən xəbər verir. Əhəng daşından hazırlanan heykəlin hündürlüyü 180 santimetrdir. Əl işinin göz yuvalarına nadir tapılan qara obsidian daşları qoyulub. Ağzının olmaması ilə diqqətçəkən heykəlin əllərinin önündə çarpaz şəkildə birləşib. Bu istiqamətdə də araşdırmalar davam edir.

Şanlıurfa Arxeologiya Muzeyində sərgilənən "Karahantəpə və Neolit insan” kompozisiyasını təşkil edən eksponatlar Karahantəpədən son iki ildə aşkarlanan 37 nümunədir.
Aparılan araşdırmalar zamanı yeni yaşayış məntəqələri də müəyyən edilib. Hələ də Göbeklitəpə, Karahantəpə, Çakmaktəpə və bir sıra digər ərazilərdə, ümumilikdə yeddi sahədə arxeoloji qazıntılar davam etdirilir.
Göbeklitəpədə qədim insanların hazırladığı təxmin edilən "T” şəkilli daş və ətrafında bir neçə kiçik daş tapılıb. Arxeoloqlar bu daşların hər birinin insanı simvolizə etdiyini düşünürlər. Hündürlüyünə görə heykəllər 3-6 metr aralığındadır. Bu heykəllərin bir yerdən digər yerə necə daşındığı da müəmmalıdır. Arxeoloqlar təxmin edir ki, o dövrdə insanlar daşları ağac budaqlarının üzərinə qoyaraq fırlada-fırlada bir yerdən başqa yerə aparıblar. Bir başqa qrup arxeoloq isə düşünür ki, daşların "T” şəklində olması, eləcə də üzərində kiçik yuvacıqların olması onların dam örtüyü üçün atma rolunu oynaya biləcəyini ehtimalını ön plana çıxarır.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Göbəklitəpə ilə bağlı verdikləri açıqlamalarda qazıntılarda iştirak edən alimlərin bu bölgəyə dair fikirləri yer alıb. Bildirilib ki, alimlərə görə, bura "12 təpə”, yaxud "Türkiyənin cənub-şərq piramidaları” adı verilib.
Türkiyəli elm adamları və arxeoloqlar bu ərazilərdə hələ işıq üzərinə çıxarılacaq çox sayda məlumatın olduğunu deyirlər. Çünki Göbeklitəpə bu mövzuda arxeoloji qazıntıların aparıldığı yeganə yer deyil. Şanlıurfada bunun kimi qazıntılar aparılan 12 ərazi daha var ki, onlardan əldə edilən məlumatlar Anadolunun insanlıq tarixinə verdiyi töhfəni dünyaya daha aydın nümayiş etdirə bilər.
Qeyd edək ki, Göbəklitəpə dünyada ən qədim istehkam məbəd kompleksi hesab olunur və 2011-ci ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib.
Şanlıurfanın görməli yerlərindən biri də Harran bölgəsidir. Suriya sərhəddinə yaxın yerləşən bu bölgə dünyanın ilk elm mərkəzlərindən biri hesab olunur. Dünyada qurulan ilk universitetin burda yerləşdiyi deyilir. Şanlıurfadakı Harran Universiteti də adını burdan alıb. Şimali Mesopotamiyanın ən qədim yaşayış məskənlərindən olan bölgənin əhalisi ərəb əsilli Türkiyə vətəndaşlarıdır. Harran dünyanın hələ də yaşayış olan ən qədim bölgələrindən biridir. Burdakı Harran evləri böyük marağa səbəb olur.

Onu da qeyd etmək lazımdır ki, bölgənin gəzməli-görməli yerləri yalnız peyğəmbərlərin adları ilə bağlı olan məkanlarla və tarixi abidlələrlə məhdudlaşmır. Urfa peyğəmbərlər şəhəri olaraq tanınsa da, burada bütpərəstlik dövrünə aid olan tarixi məkanlar da mövcuddur. Xüsusilə, 12 min il əvvələ aid olduğu bilinən "Göbəklitəpə” məbədləri bu bölgənin nə qədər qədim tarixə sahib olduğunu göstərir. Urfa şəhərindən 17 km aralıda yerləşən bu məbədlərdə hazırda alman arxeoloq Klaus Şmidt tərəfindən tədqiqatlar aparılır.
E.ə. 855-ci ildə Assuriya kralı III.Salmanassar tərəfindən qurulan zaman bura "Şitamrat" adını daşıyırdı. Şəhər, tarix boyu Hitit, Assuriya, Med, Pers, Makedon, Selevkos ve Partların nəzarətində olmuşdur. Yunanlar buraya "Urima" adını vermişdilər. Suriyalılar ise "Kal'a Rhomeyta" və "Hesna d'Romaye" adlarını qoymuşdular. Cənub-şərqi Anadolu, Roma İmperatorluğu dövründə Orshoene əyaləti içində yer almış ve qala bu əyalətdəki ən əhəmiyyətli şəhərlərdən biri olmuşdur. Yavuz Sultan Səlimin zamanında Osmanlıların əlinə keçən şəhər, müasir dövrdə "Urumqala" və "Rumkale" adlarını alaraq Hələb Əyalətinə keçdi. Osmanlı dövründə sərhəd şəhəri xüsusiyyətini itirməklə strateji əhəmiyyətini də itirmişdir. 19-cu əsrdə əhalinin sayının azalması və Rumkalenin məhv olması ilə əlaqədar olaraq Məskunlaşma yeri Fıratın qarşıdakı sahilinə köçürülmüşdür və bugünkü Halfetinin yerində olmuşdur. Halfetinin 80 faizi "Birecik Barajı"nın qurulmasından ve evlerin su altında qalmasından sonra, 15 kilometr məsafədə yerləşən yeni yaşayış mərkəzinə köçürüldü. Daş memarlıq üslubunda tikilmiş evlərin və məscidlərin su altında qaldığı məkan, aradan keçən zamanda təbii gözəlliyi ilə diqqətləri cəlb edir və turistlərin böyük marağına səbəb olan bir yerə çevrilmişdir. Fırat Gölünün suları altında qalan Halfeti "Gizli cənnət ve "İtkin şəhər" olaraq da adlanır.
Pərvin Kazımoğlu
Oxşar xəbərlər
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
