"AYB-də mənə qarşı soyuqluq o vaxt Rəsul Rzaya balıq aparmamağıma görədir"
Maraqlı2 dekabr 2022 08:32

Ötən gün sosial şəbəkələrdə azərbaycanlı filosof, yazıçı, tərcüməçi Əlisa Nicatın fotosu müzakirələrə səbəb olub. Filosofun sosial durumunun ürəkaçan olmaması ilə bağlı məlumatlar hər kəsi narahat edib. Yazıçının altdan-üstdən geyindiyi qalın, köhnə, nimdaş paltarları isə vəziyyətin zahiri göstəricisi kimi dəyərləndirilib. Ə.Nicat isə çox pul yazdığına görə təbii qazdan qənaətlə istifadə etdiyini, buna görə də evin soyuq olduğunu əsas gətirərək çoxlu paltar geyindiyini bildirib. Bundan sonra yardım kampaniyasına başlanılıb.
Azərbaycanlı filosof, yazıçı, tərcüməçi Əlisa Nicatın "Report”a müsahibəsi
- Əlisa müəllim, necəsiniz? Səhhətiniz necədir?
- Səhhətim yaxşıdır, sadəcə ürəyimdə yüngülvari narahatlıqlar var. O da dərmanla keçir. Digər bütün orqanlarım isə əladır.
- Bəs dolanışığınız necədir?
- Dolanışığım bir az çətindir, çünki 270 manat pensiya alıram. Bundan əlavə, "Qanun” nəşriyyatında tərcümələr edirəm və oradan da ay ərzində 200 manat çıxır. Bu 200 manat isə kommunal xərclərə gedir, hələ də kommunal borclarım var.
- Evdə sizdən başqa işləyən yoxdur?
- Mənim bir övladım - oğlum var, "Qanun” nəşriyyatında korrektor işləyir. O da azdan-çoxdan qazanır. Onun da bir övladı var.
- Əlisa müəllim, sosial şəbəkələrdə paylaşılan fotonuz müzakirələrə səbəb olub. Həyat şəraitiniz, geyim-keciminiz insanlarda narahatlıq yaradıb.
- Yox, niyə axı? Mənim üçün o geyim ən yüksək geyimdir. Mən həmişə elə geyinmişəm, burada bir problem də görmürəm. Düzdür, hava bir az soyuqdur deyə üstdən çox geyinmişdim. Amma evdə qaz yanmadığına görə soyuqdan qorunmaq üçün məcbur idim. Sağ olsunlar, dünən qaza pul köçürdülər və artıq yanır, ev də isinir.
- Səhv etmirəmsə, eviniz əvvəl şəhərdə olub və sonradan satmısınız?
- Hə, əvvəl şəhərdə yaşayırdım. Nərimanovda yerləşən evimi 8 min dollara satdım, dostum da bir az maddi kömək elədi və 10 min dollara buranı (Masazırda - red.) alıb məskunlaşmağa başladım. Doğrusu, şəhər çox səs-küylüdür və orada yaşamaq mənə çətin gəlirdi. Bura sakitlikdir.
- Bəs şəhərə yolunuz düşəndə necə gedib-gəlirsiniz? Yaşlı adamsınız, tıxaclarda gediş-gəliş çətin deyil?
- Avtobusla gedirəm.
- Avtobusda sizi tanıyırlar?
- Yox, heç kim tanımır. Azərbaycan xalqı Əlisa Nicatı tanımır.
- Əlisa müəllim, hazırda hansı yazıçı və ya şairlə dostluq münasibətiniz var?
- Heç kimlə əlaqə saxlamıram, məni axtaran onsuz da tapır, evimdəyəm. Rastlaşanda görüşdüklərim olur.
- Bəs əvvəllər dost münasibətində olduğunuz yazıçı və ya şair olubmu?
- Əvvəllər Əkrəm Əylisli ilə münasibətlərimiz olub. Universitetdə bir sinifdə oxumuşuq. Cavanlıqda dostluq etmişik. Məmməd Arazla münasibətlərimiz olub. Filosof Beytulla Şahsoylu və Adil Rəsulla yaxşı dostluq münasibətlərimiz olub. Bundan əlavə, Vaqif Nəsib ən yaxın dostum olub. Bunlarla uzun illər ərzində hər gün görüşər, dərdləşərdik. İndi Adil Rəsul vəfat edib. Digərlərinə isə cansağlığı arzulayıram. Bundan başqa yazıçılarla münasibətimiz olmayıb.
- Müasir yazıçılardan kimləri tanıyırsız?
- Müasirlərdən heç kimi oxumamışam. Bircə Kəraməti tanıyıram, çıxışlarını görmüşəm.
- Anarla münasibətiniz necədir?
- Yazıçı kimi işim yoxdur. Amma münasibətlərimiz isti deyil. Bunun da səbəbi var. Mənim bir səhvim üzündən Rəsul Rza məni çox incitdi, 10 il Yazıçılar İttifaqına üzv olmağa qoymadı, nəhayət 1973-cü ildə Mirzə İbrahimovun göstərişi ilə üzv ola bildim. Bundan əlavə, Rəsul Rza "Qızılbaşlar” romanımın çapına uzun illər mane oldu. Roman nə zaman çapa gedirdisə, rəy yazmağa qoymurdu.
- Hansı səhvdən söhbət gedir?
- Rəsul Rza məndən balıq istəmişdi, mən də axmaq kimi onun bu istəyini qulaqardına vurmuşdum. Xahiş etmişdi ki, cənub bölgəsində yaxşı balıqlar olur, mənə də bir dənə gətirərsən. Mən də elə bil tilsimə düşdüm, balıq aparmadım. Sanki kimsə qarşımı kəsib balıq aparmağa qoymadı. O vaxta qədər mənimlə münasibəti yaxşı idi və hətta poemamı oxuyub, ön söz yazacağını və məhz özünün çapa verəcəyini demişdi. Amma bir ədəd balıq mənim bütün həyatımı, həyat yolumu dəyişdi. Düşünürəm ki, AYB-də mənə qarşı bugünkü soyuqluq da məhz onun davamıdır. Mövcud situasiya onu göstərir ki, Anar da soyuq münasibətlə, laqeydsizliklə balıq ədavətini davam etdirir.
- Bəs son illər Anar sizlə maraqlanırmı?
- Yox, qətiyyən. Nə yubileylərimdə, nə doğum günlərində - heç bir zaman yada salmayıb. 7-8 il əvvəl Prezident təqaüdü üçün Prezident Administrasiyasına müraciət etmişdim. Çünki Azərbaycanın sırf fəlsəfi yazıçısı mənəm, bu qədər romanlarım, əsərlərim, məqalələrim var. Amma Fatma Abdullazadə Prezident təqaüdü almağımın qarşısını aldı. O zaman Prezident Administrasiyasına ünvanladığım müraciətin mətnini mənim necə yazıçı olduğumu müəyyənləşdirmək üçün Azərbaycan Yazıçılar Biriliyinə göndərmişdilər. İnsafən deyim, Anar da cavabında yazmışdı ki, AYB Əlisa Nicatın Prezident təqaüdü almasına etiraz etmir. Anar onun surətini mənə də göndərmişdi. Çox sağ olsun, Anarın mənə pisliyi keçməyib, amma eyni zamanda yaxşılığı da dəyməyib.
- Əlisa müəllim, AYB-nin son qurultayından xəbəriniz oldumu? Dəvət olunmamışdınız, deyəsən...
- Xəbərim var, biabırçılıq idi. Dəvət etməmişdilər, heç çağırsaydılar da getməzdim. Anarın ətrafına yığdıqları kimlərdir? Həmişə onun haqqında yaxşı tərif yağdıranlar. Rəsul Rzanı və Anarı kim tərifləyirdisə, dərhal yanına çəkirdi. Amma onu tərifləməyənləri yanına buraxmır. Heç kimi tərifləməyən Əlisa Nicatı kim sevər? Mənim üçün həqiqət hər şeydən önəmlidir. Mənim üçün həqiqət Allahdır.
- Biabırçılıq dediyiniz nə idi?
- Çingiz Abdullayevin davranışları, Azərbaycan dilində danışa bilməməsi.
- Sizcə, Çingiz Abdullayevin əsərləri necədir?
- O, özü yazmır, ona-buna pul verib yazdırır. Onun yazdığı detektiv ədəbiyyat deyil, xüsusən bədii ədəbiyyat deyil.
- Bəs onu məşhurlaşdıran nə oldu?
- Bilirsiniz, onun yazdıqları xaricdə çıxır. Detektiv janrı aşağı səviyyəli beyin tələb etdiyinə görə maraq daha yüksək olur. Çünki bu janrı cəmiyyətlərdə uzaqgörən olmayan, intellekt səviyyəsi aşağı olan, istedadlı olmayan hər kəs oxuyub başa düşə bilir. Bu cür adamların oxuması üçün yaxşı kitablardır. Buna görə də dedektiv heç bir zaman ədəbiyyata daxil edilməyib. Amma buna baxmayaraq, çap olunur, çünki alırlar, alıcıları çoxdur.
- Əlisa müəllim, siz yaradıcılığınızda daha çox fəlsəfi əsərlərə, pritçalara yer ayırmısınız...
- Azərbaycanda pritçanın əsasını mən qoymuşam. Sırf fəlsəfə, fəlsəfi tarix yazmışam. Bundan əlavə, Azərbaycanda pantürkçülüyün bünövrəsini mən qoymuşam. Sovet dövründə türkçülük haqqında heç kimin yaza bilmədiklərini yazmışam. Bütün bu yazıları sovet dövründə qadağaların hökm sürdüyü bir anda ərsəyə gətirmişəm. Həmin vaxtı təhlükəsizlik orqanları məni izləyirdi, hara gedirdimsə, gəlirdilər. Amma bir ondan razıyam ki, heç vaxt mənə toxunmadılar və məni KQB-yə dəvət etmədilər. Amma mənim sovet rejiminin qatı əleyhdarı olduğumu bilirdilər. Buna baxmayaraq, məni heç vaxt incitmədilər. Əsərlərim, romanların çap olundu. Sovet dövründə məndən türkçü, millətçi olduğuma görə çəkinirdilər.
- Əlisa Nicatın külliyatında vəziyyət nə yerdədir?
- Azərbaycanda 15 cilddən yuxarı kitabı çap olunan yoxdur. Məndə 29 cild çap olunub, bu, Asiyada bir ilk deməkdir. Hələ 25 cildim də qalıb. Maddi imkanım olmadığından çap etdirə bilmirəm. 30-cu cild tam hazırdır, 400 manat düzəldən kimi çapa verəcəm.
- Bəs yarıda buraxdığınız hansısa yazı olub?
- Yox, yazmağa başladığım yazıları bitirmişəm.
- Hazırda nə yazırsınız?
- Hazırda çap olunmayan yazılarım var. Fraqmentləri əlyazmalara köçürürəm.
Bu zaman Əlisa Nicat qələmlə yazdığı əlyazmaları axtarır və hansısa birini tapıb üzündən oxumağa başlayır. 87 yaşlı yazıçının eynəksiz qələmlə xırda-xırda yazılmış yazıları oxuması məni bir qədər təəccübləndirir.
- Əlisa müəllim, maşallah olsun, bu yaşda eynəksiz yaxşı oxuyursunuz...
- Gözlərimdə heç bir problem yoxdur, yaxşı görürəm. Ən xırda yazını belə oxuya bilirəm. Yaşlanmağıma baxmayın, hətta yazıları da özüm qələm tutub yazıram.
- Örnək kimi daha çox kimin əsərlərini oxumusunuz və kumiriniz varmı?
- Mənim üç müəllimim, kumirim var: Frans Kafka, Firdrix Nitşe və Artur Şopenhauer. Bunlar mənim yüksəkdə tutduğum dahilərdir. Mən sovet dövründə Kafkanı oxuduğum zamanlar hamı onu söyür və uydurma, mənasız və yalanlar yazmaqda ittiham edirdilər. Mən Kafkanı oxuyanda ədəbiyyatın nə olduğunu görmüşəm. Ay Əkrəm Əylisli, özünü çox dağa-daşa vurma, atlanıb-düşmə, sənin yazdıqların ədəbiyyat deyil. Ədəbiyyat budur: Kafkadır. Həyat isə Nitşedir. Həqiqət birdir. Ona görə də həqiqət mənim Allahımdır. Mən Allahı uzun zaman yaxşı tanımamışam, amma son vaxtlar daha yaxından kəşf etmişəm.
- Son vaxtlar deyəndə nə zaman nəzərdə tutursunuz?
- Əvvəllər də Allaha inancım olub, amma şübhəli. Son 4 ildə isə Allahın varlığı mənim üçün sübut olunub və bütün şübhələrim tam aradan qaldırılıb. Elm sübut edib ki, O var. Dünyada enerji var, başqa heç nə yoxdur: boşluqdur, zülmətdir. Bu enerji passiv olur, yatır və trilyon illər bu cür qalır. Kainatda heç nə olmasa belə enerji var. Onu kimsə oyadıb, elm də sübut edir ki, bunu Allah edib. Çünki enerjini fövqəlgüc olmadan oyatmaq mümkün deyil. Bu, elmin son nailiyyətidir.
- Bəlkə, qocalmısınız və yaşlaşmısınız deyə artıq Allahı kəşf etmisiniz?
- Yox, qətiyyən belə deyil. Mən sadəcə Onu kəşf etmişəm.
- Bəs Allahsız necə yaşamısınız?
- Allahsız yaşamamışam, Onu tanımadığım dövr olmayıb. Sadəcə O, mənə tam aydın deyildi. Onun necəliyi, varlığı mənə tam aydın deyildi. Artıq son 4 ildə bütün şübhələrim tam gedib. Bununla bağlı yazılarım da mövcuddur. Hüceyrədən roman yazmışam.
- Əlisa müəllim, uzun illər erməni işğalı altında olan torpaqlarımız da azad olundu. Rayonların azad olunma xəbərini haradan oxuyurdunuz?
- Hər gün Prezidentin çıxışını səbrsizliklə gözləyirdik. Həyəcanla televizora baxırdıq ki, görən bu gün hansı ərazilər azad olunub? Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi Prezident İlham Əliyevin üstünlüyünün göstəricisidir.
- Prezident təqaüdünə layiq görülməyinizlə bağlı ölkə rəhbərliyinə müraciət etməyi düşünürsünüz?
- Bəli, düşünürəm. Ona görə düşünürəm ki, səsimin Prezident İlham Əliyevə çatmasının qarşısını kəsənlər var idi. Əvvəllər qarşımı kəsən Fatma Abdullazadə idi, artıq o, yoxdur deyə, düşünürəm ki, müraciət etməyin zamanıdır. Nə olaydı, Prezident məni qəbul edəydi, mənim də ona deyəcəklərim var. Uzun illər işğal altında olan torpaqları azad etdiyinə görə təbrik edərdim.
- Siz Azərbaycanın müxtəlif dövrlərinin şahidi olmusunuz. Sovet Azərbaycanının, 90-cı illərin Azərbaycanının və müasir Azərbaycanın bir-biri ilə hansı fərqləri var?
- Bilirsiniz, fərq ondadır ki, indi heç kim acından ölmür. Hamı qarnını doldura bilir. Çətinliklə yaşamaq hər dövrdə olub. Mən acından ölən görmürəm, tanımıram. Əvvəllər insanlar çörək tapa bilmirdilər, çörək növbəsinə düzülürdülər. İndi şükür Allaha, belə deyil. Ölkəmizin taxılı var, çörəyi var.
- Sonda oxucularınıza nə demək istəyərsiniz?
- Kitab oxusunlar, oxumaq, oxumaq, oxumaq. Kitab oxumaqdan daha gözəl ləzzət yoxdur.
Oxşar xəbərlər
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 2025 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 2025 15:08
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 2025 10:58
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 2025 09:47
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 2025 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 2025 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 2025 22:58
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 2025 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
Xəbər lenti
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
Video & Fotoqalereya
Video
Fotoqalereya