Orxan Camalı Afrikada “Vaqner” niyə öldürmüşdü (FAKTLAR)
Orxan Camalı Afrikada “Vaqner” niyə öldürmüşdü (FAKTLAR)
Özəl hərbi şirkətin muzdluları haqqında film çəkmək istəyən media mənsubunun bağlı qalan qətli açıla bilər
"Vaqner” Özəl Hərbi Təşkilatının (ÖHT) rəhbəri Yevgeni Priqojinin ölümü onun adına bağlı olan, bu günə qədər qatı açılmayan qanlı cinayətləri də gündəmə qaytarıb. Priqojinin "Vaqner”çilərinin qara qitədə - Afrikada qətlə yetirdikləri həmyerlimiz, hərbi jurnalist, əfsanəvi Heydər Camalın oğlu Orxan Camalın ölüm işi də bu sıradadır. Dünya şöhrətli hərbi jurnalist Orxan Camal, məşhur rejissor Aleksandr Rostorquyev, operator Kiril Radçenko 2018-ci ilin avqustunda vəhşicəsinə qətlə yetiriliblər. Mövzu bu gün də aparıcı dünya xəbər agentliklərinin manşetlərindədir.
Azərbaycanın tanınmış telejurnalisti, yazıçı Həmid Herisçi Camal ailəsi ilə yaxından dost olub. O, mərhum Heydər Camal və onun oğlu Orxan Camalla yaxın münasibətləri olmuş azsaylı azərbaycanlılardandır.
Orxan Camal qətlə yetiriləndən sonra Həmid Herisçi "Yeni Müsavat”a bu mövzuda maraqlı açıqlamalar vermiş, qətli "Vaqner”çilərin icra etdiyini açıqlamışdı. Həmid Herisçinin dediklərindən sitat:
"Orxan Rusiya ictimai həyatında milli maraqlarımızı müdafiə edən tanınmış, hörmətli peşəkarlardan idi. Özü də bu səfər Orxanın qara qitəyə, yəni Afrikaya birinci səfəri deyildi. Hələ 2011-ci ildə, Liviyada Müəmmər Qəzzafi devrilərkən Orxan bu döyüşlərin tən ortasında idi. Çəkiliş zamanı o, iriçaplı silahdan atılan mərmi ilə bərk yaralanmışdı. Ayağı topuq nahiyəsində parçalanmışdı. Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev, jurnalist Maksim Şevçenkonun vasitəçiliyi ilə Orxanı hadisə yerindən xüsusi təyyarədə Vyanaya, dünyanın ən məşhur cərrahiyyə klinikasına evakuasiya etdirmişdi. Orxan 8 dəfə cərrahiyyə masasına uzadıldı. Sağalınca, yenidən səyyar çəkilişlər. Donbas döyüşləri zamanı başını, telekamerasını, fotoaparatını səngərlərdə gizlətmədi. Ancaq necə deyərlər, "axır suda sınar suyun səhəngi" - Mərkəzi Afrika səfəri Orxan üçün sonuncu oldu".
Həmid Herisçi demişdi ki, Orxan Camalın son səfərini tanınmış Rusiya oliqarxı Mixail Xodorkovski maliyyələşdirib və onların qətlindən sonra buna görə tənqidlərə məruz qalıb: "Bu cinayətlə əlaqədar Xodorkovskini xeyli tənqid edirlər. Deyirlər niyə o, bu üç jurnalisti sığortasız, müdafiəsiz MAR-a (Mərkəzi Afrika Respublikasına) ezam edib. Sifarişi Xodorkovski vermişdi. İcraçı təşkilat SUR-du (rusca Sentr Upravlenie Rassledovaniy)”.
Həmid Herisçi Orxan Camalın son səfərinin marşrutunu da açıqlamışdı: "27 iyul 2018-ci ildə Orxangil Mərakeşin Kasablanka hava limanında yerə enirlər. Əvvəlcədən hazırlanmış ssenariyə görə çəkiliş heyəti burada bir gün ləngiməli idi. Ancaq təcili bir zəng əsasında anında MAR-a yollanırlar. Hadisələrin axarı ilk dəfə məhz bu zəngə görə dəyişib. 30 iyulda Orxangil paytaxt Bangidən 400 kilometr aralı Bambari şəhəri istiqamətində yola çıxırlar. Səfərin məqsədi "Martin" kod isimli informatordan müsahibə almaq olub. Həmin şübhəli şəxs oradakı BMT missiyası əməkdaşı idi. İndi o, mobil telefonlarda deyildiyi kimi, əhatə dairəsindən kənardadır. Yoxdur. İynə olub Afrika cəngəlliklərində itib. Həmin bu coğrafi məntəqədə əsl vətəndaş müharibəsi alovlanır. Əks tərəfləri barışdıran beynəlxalq MINUSCO təşkilatı BMT tabeçiliyindədi. Afrikada axşam - qaranlıq 6 radələrində düşür. 30 iyul saat 22-20-də qətl hadisəsi baş verib. Cinayət Sübyu və Dekao yaşayış məntəqələri arasında, Kaqa-Banboro şəhərinə gedən şose yolu kənarında törədilib. Bu, razılaşdırılmış marşrutdan xeyli aralıdır. Deyilənə görə, jurnalistləri GPS vasitəsilə azdırıblar. Bu isə sadə qaradərili yaraqlıların imkanı xaricindədir. Əsl müəmmalı sirr də, ruslar demiş, "it də burada basdırılıb”. Cəsədlər burada, Sübyuya gedən trasın kənarında aşkarlanıb. Onlar geriyə qayıdarkən Bambariyə gedən şosedən xeyli kənara aralanıblar. Sürücü - yerli sakin Byenvenyu Nduvokama sağdır. İlkin fərziyyələr məhz onun ifadələri üzərində qurulub. Sürücünün dəqiq yeri bəlli deyil. Onu MAR rəsmiləri haradasa gizlədiblər. Orxangili 30 iyulda qətlə yetiriblər. Xodorkovski qrupu, SUR öz araşdırmalarını artıq avqustun 4-də elan edib. Bu cür tələskənlik məndə şübhələr doğurur. Aydındır, Xodorkovski ünvanına səslənən ittihamlardan xeyli narahatdır. Yamanca tələsir. Ancaq Rusiyanın rəsmi Tədqiqat Komitəsi də öz araşdırmalarına start verib. İş gedir. Detallar açıqlanmır. Jurnalist Maksim Şevçenko həmin detallara bələddir. Başqa versiya səsləndirir. Cinayətdə Xodorkovskinin, Qərb xüsusi məxfi qurumlarının izini görür".
Bəs Orxangil Mərkəzi Afrika Respublikasına niyə getmişdilər?
Həmid Herisçinin bu suala cavabı belə olmuşdu: "2017-ci ilin oktyabrında MAR prezidenti Fosten-Arkanja Tuader Rusiya xarici işlər naziri Sergey Lavrovla Soçidə rəsmi şəkildə görüşürlər. Yeni seçilmiş prezident Tuader Rusiyadan hərbi kömək, öz mühafizəsini istəyir. Sonra Moskvaya, futbol çempionatına gəlmiş Tuader bu xahişini telekameralar qarşısında, Vladimir Putinin hüzurunda bir daha təkrarlayır. Nəticədə, kontrakt əsasında MAR-a 170, yaxud 800 rus muzdlusu göndərilir. Xalq arasında bu muzdlulara şərti olaraq "Vaqner qrupu" deyilir. Xatırladım ki, məhz həmin rus muzdluları bu ilin fevralında Suriyanın Deyr əz-Zor bölgəsində amerikalıların havadan zərbəsinə məruz qalıb, bəzi məlumatlara görə, 206 qurban veriblər. Hər muzdlunun həyatı 1 milyon dollar civarında sığortalanıb. İndi özünüz hesablayın...
Rus liberalları, Xodorkovski isə əks iddiadadırlar. Deyirlər bəs Orxangil Mərkəzi Afrikadakı rus şirkətlərinin qara işlərini aşkarlamışdılar. Əllərində təkzibolunmaz sübutlar varmış. Guya rus muzdluları buna görə barmaqlarını tətiyə sıxıblar. Orxanı bəlkə də işgəncə ilə dindiriblər də. Biləklərində guya qandal izləri var".
Orxan Camalın qətli ilə bağlı bu günə qədər dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb. Orxan Camalın keçmiş həyat yoldaşı İrina Qordiyenko bu cinayətin araşdırılmasının gedişatı ilə bağlı mətbuata açıqlamasında bildirib ki, istintaqı aparan dörd müstəntiq dəyişib və onlar bir nəfər kimi onunla görüşdə "köməksiz şəkildə baxaraq şikayətlənirlər ki, heç nə edə bilmirlər”. Müstəntiqlərdən sonuncusu - İqor Zolotov onun vəkillərinin "Dosye” mərkəzinin apardığı müstəqil araşdırmanın materiallarının cinayət işinin materiallarına əlavə edilməsi barədə vəsatətlərini rədd edib, eyni zamanda bu araşdırmanı aparanların dindirilməsindən boyun qaçırıb. Vəsatətə jurnalistləri qətlə yetirildikləri yerə aparmış sürücü Byenvenü Duovokamanın, yerli jandarm Emanuel Kotofionun, MAR prezidentinin müşaviri Valeri Zaxarovun və onun tabeliyində çalışan Aleksandr Sotovun telefon nömrələri də əlavə olunub. "Dosye”nin məlumatlarına əsasən, son iki şəxs Rusiyanın "Vaqner özəl hərbi şirkəti” ilə sıx bağlıdır. Bütün adı çəkilənlər jurnalistlərin Afrikaya gəldiyi və qətlə yetirildiyi günlər ərzində öz aralarında dəfələrlə zəngləşiblər. Bundan əlavə, Qordiyenko deyir ki, 2018-ci ilin sentyabrında onun vəkili qətlə yetirilənlərin geyimlərinin Moskvaya gətirilməsi barədə vəsatət qaldırıb, belə ki, geyim əşyaları və digər şəxsi əşyalar olmadan tam dəyərli ballistik ekspertiza aparıla bilməz. Müstəntiq Zolotov həmin vaxt bildirib ki, əşyaların Moskvaya gətirilməsi qeyri-mümkündür, çünki Rusiya və MAR arasında hüquqi yardımlaşma haqqında saziş imzalanmayıb. Halbuki Qordiyenkonun bildirdiyinə görə, bu belə deyil - ölkələr arasında 2018-ci ildə hərbi əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb və sazişdə "hüquq-mühafizə orqanlarının cinayət və digər işlərin araşdırılmasında birbaşa əməkdaşlığı” bəndi yer alır. Həmçinin Orxan Camalın keçmiş həyat yoldaşı danışıb ki, MAR-da Rusiya səfrliyinin birinci katibi Viktor Tokmakov ona qətlin araşdırılmasına şəxsən kömək edəcəyinə dair vəd verib, lakin bunu etməyib. Xatırladaq ki, rusiyalı jurnalistlər Orxan Camalın, Aleksandr Rastorquyevin və Kiril Radçenkonun cəsədləri iyulun 30-da Mərkəzi Afrika Respublikasında aşkar edilmişdi. Onlar "Vaqner” özəl hərbi şirkətinin muzdluları haqqında film çəkmək niyyətində idilər. BMT missiyasının məsləhətçisi ilə görüşə gedərkən onların olduğu avtomobil yolda gülləbaran edilmişdi. Rusiya Federasiyasının İstintaq Komitəsi rusiyalıların qətli ilə əlaqədar cinayət işinə başlamışdı.
Oxşar xəbərlər
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
