Atam polis rəisi idi, aktrisa olmağımı qəbul etmirdi… –Xalq artisti Zemfira Nərimanova (MÜSAHİBƏ)
Xalq artisti Zemfira Nərimanova APA-ya müsahibə verib.
Səhnə qadının əlindən analığını alır
Zemfira Nərimanovanı ilk dəfə “Pəncərədə işıq” tamaşasında görmüşdüm. Bu tamaşada oynadığı Leyla rolu mənə o qədər doğma gəlmişdi ki, elə bilirdim həyatda da bu qadın elə Leyla kimidir: səbirli, üzüyola, mehriban. Oynadığı mənfi rolların heç biri beynimdə yaratdığım bu obrazı dəyişə bilməyib. Hətta Nərminə belə. Ona görə də söhbətimizə elə bu tamaşadan başladıq.
Leyla bir qadının sevgisi uğrunda nələrə dözə biləcəyi, nələrdən keçə biləcəyi cavabını verir. Bəs Zemfira xanım özü necə? Bir qadın kimi o nə düşünür? Bir qadın sevgisi uğrunda özünü, xəyallarını fəda verməlidirmi?
Bu sual ətrafında bir xeyli danışdıqdan sonra söhbət qadına şiddət mövzusuna gəldi.
– Zemfira xanım, Leyla döyülmürdü, ancaq Leylanın çəkdiyindən də artığını çəkən, ailəsi dağılmasın deyə şiddətə də dözən qadınlar da var.
– Hə…Qadın özünə hörmət etməlidir. Əgər qadın icazə verərsə, döyülər, əgər ilk dəfədən bunu qəbul etməsə, üzünü döndərib gedər. Amma bəzi şeylər var ki, onlar gözlənilmədən baş verir. Ümumiyyətlə, mənə elə gəlir ki, qadına əl qaldırmaq üçün alçaq adam olmalısan. Qadın zərifdir, qadına əl qaldırmaq olmaz.
– Bəs səhnə necə? Səhnə qadınla kişi arasında fərq qoyur?
– Bəli. Səhnə qadından xoşbəxtliyini, ailə həyatını aparır. Ailə həyatı həm də uşaqdır, analıqdır, səhnə qadının əlindən bax bunu alır. Bizim aktyorlarımızın bir çoxunun həyatına baxsaq, görərik ki, onların nə qədər tragik ailə həyatı olub. Xüsusilə də qadınların. Ailə həyatı gözəldir, hər qadına lazımdır, ancaq sənətlə ailə həyatı çox çətin tutur. Cavanlığımda bu indikindən də çətin idi.
Qısqanclıq həmişə olub. Qısqanclıq da ondan irəli gəlir ki, insan özündən arxayın deyil. Belə insan mütləq qısqanacaq və qarşı tərəfi incidəcək. Tələbələrimə də həmişə deyirəm ki, əgər sənətdə olacaqsınızsa, elə adamla ailə qurun ki, qısqanclıq olmasın. Belə birini seçin.
Sənətlə ailə həyatı çox çətin tutur
– Bu ürəkdir axı… Tapşırıqla işləmir.
– Bəs məntiq? Sən bunu aktrisa, müğənni kimi qəbul etmisənsə, ona inanmalısan. Qısqanacaqsan, o zaman itirəcəksən.
– Tələbələrinizə başqa nə deyirsiniz?
– Hazırda universitetdə dərs deməsəm də, dərs dediyim bütün tələbələrlə ünsiyyətim var. Keçmiş tələbələrimə bir də onu deyirdim ki, “bacarmıram” sözünü leksikonunuzdan çıxarın. “İstəmirəm” deyə bilərsən, “bacarmıram” əsla. Bacaran insanın səndən nəyi artıqdır, əgər o bacarıbsa, sən niyə bacarmayasan?
– Bəs tale?
– O başqa şeydir. Biri gəlib mollanın yanına deyir ki, bu qənd kimin payıdır, molla da deyir ki, yeyənin. Bir də fırlanır gəlir, deyir ki, molla bu qənd kimin payıdır, deyir ki, yeyənin. Axırda o tərəfdən biri gəlir qəndi götürüb yeyir. Molla da deyir ki, mən sənə dedim axı yeyənin. Mən qismət-filan, belə şeylərə inanmıram. Allah bizi mərdimazardan uzaq etsin. Atalar deyir ki, mərdimazar olmasa, bağ çəpəri neynir?
Səhnədə mismarlar vardı
– Teatr mühitində də mərdimazar həmişə olub.
– Kleopatranı oynayanda həmkarım, səhnə dostum Ramiz Məlikov Allah şahididir ki, orda nələr baş verirdi. O tamaşada mənim Sezarla görüş səhnəm var, həmin səhnədə mən yerdə uzanıb fırlanıram. Səhnədə uzanan kimi rəhmətlik Kamal Xudaverdiyev (Sezar rolunun ifaçısı) sakitcə deyirdi ki, orda mismar var, ora keçmə. Belə mismarlar bir neçə yerdə vardı. Mən bilmirdim harada nə var. Kamal məndən qabaq səhnəyə çıxırdı, monoloqunu deyəndə görürdü ki səhnədə mismarlar var.
– Kim vururdu o mismarları?
– Bilmirəm. Bir dəfə də tamaşalardan birində mən oynayanda qəsdən pilləkəni götürürlər, mən də “ata, ata” deyib qaçıram səhnənin arxasına, pilləkəni də sən demə götürüblərmiş. Həmin yerdən yıxılıram, ayağım qırılır, tamaşanın axırına qədər sınıq ayaqla oynayıram. Sonra da iki ay sınıq ayaqla evdə qaldım. Təsəvvür edin ki, bir dəfə də lyuku açmışdılar, rəhmətlik Məlik lyuka yıxılmışdı. Allah üzünə baxmışdı ki, əlləri ilə özünü saxlayıb lyukun içinə düşməmişdi. Zorla o ağır bədəni saxlayıb, qışqırıb, hamı tez gəlib kömək edib.
– Lyuk səhnədə necə açıq olub?
– Fakt odur ki, lyuk açıq idi… Əgər teatrda hər rola pul verilsəydi, adamlar bəlkə də bir-birini qırardı… Hələ şan-şöhrəti demirəm. Stanislavski deyirdi ki, aktyor istedadlı, mənalı və cəlbedici olmalıdır. Sən istəyirsən, yüz obraz oyna, istedad yoxdursa, yadda qalmayacaqsan. Səhnə şəxsiyyəti sevir. Teatra o qədər aktyorlar gəlib-gedir ki… Gördüyünüz kimi, hər aktyor da yadda qalmır. Tamaşaçı səni qəbul etməlidir, sevməlidir. Tamaşaçının gözü tərəzidir. Ona görə də bizim korifeylərimiz deyirdi ki, Azdrama şəxsiyyət teatrı olub. Orda görün kimlər olub: Hökümə Qurbanova, Hamlet Xanızadə, Şəfiqə Məmmədova, Səməndər Rzayev, Yaşar Nuri, Ramiz Məlikov, Nurəddin Mehdixanlı, Füzuli Hüseynov… Onlar ona görə yadda qalıb ki, adlarını çəkdiklərim sənətlərini sevib və şəxsiyyət olublar.
Görün neçə ildir ki, mən efirlərdə yoxam, amma şükürlər olsun unudulmamışam. Bu o deməkdir ki, mən sənətimə ciddi yanaşmışam, sənətimin fədaisi olmuşam, sənətimi sevmişəm və indi də sevirəm. Mən bu gün də tamaşaçı sevgisini hiss edirəm.
Kleopatra rolunu oynayanda Hökümə xanımın qızı Vəfa Fətullayeva sağ idi. Hökümə xanım gəlib məni təbrik elədi, çünki o şəxsiyyət idi. Dedi ki, səhnəni artıq sənə təhvil verə bilərəm. Halbuki əvvəl o məni qəbul etmirdi, ancaq Kleopatradan sonra mənə qarşı münasibəti dəyişdi. Bu bilirsiniz mənim üçün nə demək idi? Hökümə xanım məni qəbul etmişdi. Biz teatra gələndə çox cavan idik. Yəqin ki, görmüsünüz, Akademik Milli Dram Teatrına arxa tərəfdən girəndə aktyorlar üçün sağa və sola dəhliz gedir, bax, həmin nazik dəhlizdən, Nəcibə xanım, Hökümə xanım, Leyla xanım keçəndə, inanın ki, biz divara yapışırdıq, onlara yol verirdik.
Anam buraxsaydı, sənətimi Moskvada davam etdirərdim
– Bugünkü gənclərdən həmin ehtiramı görürsünüz?
– Təəssüf ki, yox. Təbii ki, istisnalar da var.
– Zemfira xanım, gözəlliyiniz sizə çox kömək olub?
– Gözəlliyim bəlkə də səhnədə kömək olub. Ancaq həyatda gözəlliyim həmişə mənə mane olub.
– Axı gözəllik bir qadına necə mane ola bilər?
– Paxıllıq…. Məni düz anlayın. Olub ki, bir aktrisa ilə səhnədə dayanmışıq, baş rolu oynayan odur, ancaq gülü gətirib mənə veriblər. Sonra bir qırğınlar, bir davalar başlayırdı ki… Mən də o vaxt mədəni, dava etməyi bacarmayan insan. Ümumiyyətlə, mən təsadüfən aktrisa olmuşam. Yenə də həyat hər şeyi yerinə qoyur. Şükürlər olsun ki, hər şey yaxşıdır və olacaq. O vaxt Ulu öndər Heydər Əliyev bizə layiqincə qiymət verib, bu gün cənab Prezident İlham Əliyev də layiqincə qiymət verir. O vaxt demək olar ki, Ulu öndərin iştirak etdiyi əksər tədbirlərin aparıcısı olmuşam. Yalnız Moskvada olduğum iki il istisnadır.
– Niyə getmişdiniz, niyə qayıtdınız?
– Ondan başlayım ki, Tofiq Kazımovun vaxtında Vaxtanqov Teatrının direktoru Yevgeni Simonov məni Moskvaya dəvət etdi. Ancaq rəhmətlik Tofiq Kazımov məni buraxmadı. Bir dəfə də getmək niyyətinə düşdüm. O vaxt “Məktəblərin rəqs salonu” verilişini aparırdım. Bu veriliş bütün SSRİ-ni gəzdi. O vaxt Moskvaya köçmək istəyirdim, onda da anam icazə vermədi. Əgər anam buraxsaydı, bəlkə də mən sənətimi orda davam etdirərdim. Sonra vəziyyət belə gətirdi ki, getdim Moskvaya, iki il orda yaşadım. Onda mən artıq Azərbaycanın Xalq artisti idim.
– Niyə qayıtdınız?
– Başa düşdüm ki, Azərbaycansız qala bilmərəm.
– Ən çox nə üçün darıxırdınız?
– Ən çox Azərbaycanın insanları üçün darıxırdım. Bakıya qayıdanda ilk olaraq torpağımı öpdüm. Bəlkə də cavan vaxtı getsəydim, belə olmazdı. Bakı üçün çox darıxdım…
Atam sənəti qəbul edə bilmirdi
– Bir dəfə demişdiniz ki, aktrisa olduğunuz üçün atanız sizi bağışlamayıb.
– Atam polis rəisi idi, aktrisa olmağımı qəbul edə bilmirdi. O dövrdə atamı tanıyanlar inana bilmirdi ki, atam kimi bir adamın qızı aktrisadır.
– Tamaşalarınıza gəlirdi?
– Bir dəfə gəldi, ondan sonra gəlmədi. Onun arzusu idi ki, mən hüquqşünas olum. Amaliya Pənahova mənim dayım qızı olub. Bu barədə heç yerdə danışmamışam, ilk dəfə sizə danışıram. Allah ona rəhmət eləsin. Mənim atam anamla bir yerdə onun premyeralarına gedirdi, ancaq mənim… Onun tamaşalarına atam gedirdi, rahat da otururdu, ancaq mənim tamaşama gəldi və çıxdı.
– Qırılmadınız?
– Birinci tamaşam idi, onda titrəyən ayağımı tuturdum, əllərim əsirdi. Onda onun çıxdığını görmədim, mənə bunu sonradan dedilər. Sonra onu bir dəfə də tamaşama dəvət etdim, gəlmədi. Amma bir şey deyim. Məsələn, hansısa bir tamaşadan sonra atama Sofa xanım, Məhluqə xanım, Məlik müəllim telefonda mənim tamaşalarım haqqında danışardı ki, tamaşa necə gözəl keçib. Evə gələndə görürdüm ki, telefonla danışır, məni görən kimi söhbəti dəyişirdi. Çox ciddi adam idi.
– Nəyi qəbul edə bilmirdi?
– O sənəti qəbul edə bilmirdi. Onun oğlu yox idi. Atam düşünürdü ki, onun sonuncu qızı onun yolunu davam etdirəcək. Mən oğlan kimi böyümüşəm. İnanın ki, uşaq olanda oğlanları döyürdüm (gülür).
Hüquqşünas olsaydım, bəlkə daha yaxşı olardı
– Yaşadığınız səhnə həyatına görə sinif yoldaşınıza minnətdar oldunuz, yoxsa?
– O vaxt sinif yoldaşımla ingilis dili dərsinə gecikmişdik, müəllimə də məni dərsə buraxmamışdı. Biz də oradan çıxıb gəldik Tədris Teatrına. Sinif yoldaşım sənət dərsləri alırdı. Onu Tədris Teatrında hazırlayanlar məni görən kimi dedilər ki, sən boylu-buxunlusan, səhnəyə yaraşırsan. Mən də onda Azərbaycan dilini bilmirdim. İmtahana bir həftə vaxt qalmışdı. O vaxt da İncəsənət Universitetinə imtahan iyul ayında, digər universitetlərə isə avqust ayında idi. Mənə başa saldılar ki, sənədlərini incəsənətə ver, qəbul olmasan, sonra başqa universitetə sənəd təqdim edərsən. Mən də sənədlərimi evdən xəbərsiz topladım. Təsəvvür edin ki, o qız imtahandan kəsildi, mən keçdim.
– İndi o qızla əlaqəniz var?
– Əlaqəmiz yoxdur, o hadisədən sonra məndən incik düşdü, sonra ondan xəbər almamışam.
– “Nə yaxşı o dərsə gecikdim” demisiniz heç?
–Bilirsiniz, bu alın yazısı, bayaq dediyiniz taledir. Yəni bir tərəfdən düşünürəm ki, sakit həyatım olsaydı, məsələn, bir hüquqşünas olsaydım, bəlkə də bu daha yaxşı olardı. Ancaq mən onda tanınmayacaqdım, bu qədər sevilməyəcəkdim.
– Zemfira xanım, sizcə, aktrisa nə vaxt ölür?
– Aktrisa unudulanda ölür. Zərnigar Ağakişiyeva nədən öldü? Çünki unuduldu. Onun teatrda bir rejissorumuzla problemi oldu, o teatrdan incik düşdü. Həmçinin Səfura xanım. Yadımdadır, o vaxt Turabov məni çağırıb dedi ki, Zemfira, heç kim Səfura xanımla qalmaq istəmir, sənin xasiyyətin yumşaqdır. Olar sənin otağında qalsın? Dedim Həsənağa müəllim, siz nə danışırsınız? O otağı mənə siz vermisiniz, xahiş nədir? Həsən müəllim belə bir adam idi.
– Sizi filmlərdə çox az gördük.
– O vaxt “Nizami” filminə çəkiləndə anam xəstələndi, müalicə üçün Moskvaya getdi. Mən anamın yanına getməli oldum. Mənim üçün anam hər şeydən öncə gəlir. O vaxt da kinostudiyanın direktoru Cəmil Əlibəyov idi. Ona dedilər ki, aktrisa filmi atıb gəlmir. O da dedi ki, onu rədd edin, bir də kinostudiyaya yaxın buraxmayın. Doxsanıncı illərdə mən bir neçə filmdə çəkilmişəm. Hətta mənim bir filmim Kann festivalına gedib, söhbət “Müqəddəs torpaq” filmindən gedir. Film hazırda Avropa ölkələrinin birində dərslik kimi öyrənilir. O vaxt məni həmin filmə dəvət edəndə Sankt-Peterburqda dedilər ki, burda bir aktrisa yox idi ki, Azərbaycandan aktrisa dəvət edirsiniz? Ancaq məni aeroportda qarşılayanda dedilər ki, biz başa düşdük niyə bu aktrisanı dəvət etmisiniz.
– Bəs 2000-ci illərdən bu tərəfə?
– O dövrdən sonra filmlərə çəkilmədim. Amma tamaşalarda, qastrollarda çox oldum.
– Korifeylərlə bir səhnəni bölüşmüsünüz. Necə xatırlayırsınız o illəri?
– Hə… O vaxt korifeylərin üstündə tamaşalar qurulurdu, Siyavuş, Firəngiz, Yaşar, Kübra, Telman, Fuad… Tamaşalar anşlaqla keçirdi. Bizi rejissor öyrətmirdi ki, burdan gələrsən, ordan gələrsən. Rejissor bilirdi ki, bu adamlar professionaldır. Bu da o deməkdir ki, balıq suda olan kimi, sən də səhnədə rahatsan. Mötəbər bir aktrisamız danışırdı ki, biz teatrda bir-birimizi istəməyə bilərdik. Ancaq teatrda bir problem olan kimi arılar kimi yığışırdıq, problemi həll etməyənə kimi ayrılmırdıq. Problemi həll edəndən sonra yenə ayrılırdıq. Əfsuslar olsun ki, indi belə deyil.
– Niyə mətbuatda, efirlərdə gec-gec görünürsünüz?
– İnsan özünü nə qədər tərifləyə bilər? İkincisi də, bilirsiniz, mən Moskvadan qayıdandan sonra bizim efirləri qəbul edə bilmədim. Təsəvvür edin ki, səhər verilişinə nə qədər qrimlə çıxırlar. Təbiilik olmalıdır. Mən bunu qəbul edə bilmirəm. Yaxud da seriallarda. İş keyfiyyətli olmalıdır. Mən istəyərəm ki, peşəkar aktyorlarla oynayım, naşı aktyorlarla yox. Baxın, görünməməyimin səbəbləri bunlardır.
– Bu gün doğum gününüzdür. Özünüzə nə arzulayırsınız?
– Can sağlığı…bundan dəyərli nə ola bilər ki?
Zemfira xanım, bizim sizə hədiyyəmiz, sizi daim xatırlamağımızdır.
Leylanın səbrində, Nərminənin hiyləgərliyində, Rənanın gözəlliyində siz daim xatırlanacaqsınız və sizin təbirinizcə desək, unudulmayacaqsınız, yəni daim yaşayacaqsınız…
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 2026 12:40
- Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi
11 may 2026 10:49
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 2026 00:48
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
