ABŞ-ın Virciniya ştatında yaşayan Lauren Canaday fevral ayında evində qəfil huşunu itirib və klinik olaraq 24 dəqiqəlik ölüm vəziyyətində olub.
Musavat.com "Newsweek"ə istinadən xəbər verir ki, onun həyat yoldaşı dərhal ilk yardım göstərib, daha sonra isə təcili tibbi yardım briqadası dörd dəfə elektroşok tətbiq edərək ürək fəaliyyətini bərpa edib.
Lauren xəstəxanaya çatdırıldıqdan sonra koronavirus testinin nəticəsi pozitiv çıxıb. Həkimlər ürəyin dayanmasının səbəbi kimi miokardit – yəni ürək əzələsinin iltihabını göstəriblər. Beyni 24 dəqiqə oksigensiz qalmasına baxmayaraq, Lauren cəmi doqquz gün sonra xəstəxananı heç bir zehni və fiziki fəsad olmadan tərk edib. Bu hal tibbi çevrələrdə böyük təəccüb doğurub.
Hadisədən sonra sosial şəbəkələrdə təcrübəsini paylaşan Lauren, ölümə yaxın anlarında ruhani və ya mistik görüntülərlə qarşılaşmadığını bildirib. O deyib: “Ətrafımda nə tunel, nə də işıq vardı. Amma qəribə bir sakitlik və yüngüllük hiss etdim. Elə bil hər şeydən azad idim. Artıq ölüm mənə qorxulu gəlmir.”
Bu hadisədən sonra həyatında böyük dəyişikliklərə gedən Lauren əvvəlki işindən ayrılıb, "Independence Ave" adlı şəxsi kitabını nəşr etdirib və həyatını daha sadə, mənalı şəkildə yaşamağa qərar verib. O, vaxtını meditasiya, təbiətdə gəzintilər və sevdikləri ilə birlikdə keçirməyə üstünlük verir.
Tibbi mütəxəssislər Laurenin vəziyyətini nadir rast gəlinən “Lazarus effekti” ilə əlaqələndirirlər. Bu, klinik ölüm halından sonra orqanizmin həyat fəaliyyətini bərpa etməsi ilə xarakterizə olunur. 1982-ci ildən bəri bu cür yalnız 65 hadisə qeydə alınıb və onların içində cəmi 18 nəfər Lauren kimi heç bir daimi zədə almadan sağ qalıb.
Ürək dayanması zamanı beyində və həyati orqanlarda oksigen çatışmazlığı ölümcül nəticələrə səbəb ola bilər. Lauren Canaday-in tam sağlam şəkildə həyata dönməsi, bir çox mütəxəssis tərəfindən “elmi izahı çətin tibbi möcüzə” kimi qiymətləndirilir.