Sən demə, Azərbaycanda xeyli müddətdir fəaliyyət göstərən və nüfuz sahibi kimi ad çıxaran “İrşad Elektonics” MMC-nin mağazalar şəbəkəsinin də, kimliyindən asılı olmayaraq alıcısı olan hər kəsin başına oyunlar açılır. Vay halına ki, yolun müxtəlif markalı mobil telefonların, məişət texnikasının və elektronika mallarının topdan, korporativ və pərakəndə satışını həyata keçirən bu şəbəkədəki mağazaların birindən nəsə alanda bəxtin gətirməyə. Daha doğrusu, qiymətindən asılı olmayaraq, aldığın mal zay çıxa.
Yəqin, çoxları bu barədə yazdıqlarımıza inanmayacaqlar. Amma “kor-kor, gör-gör” bu belədir. Özümüz də, deyilənlərin sübutu olan bir hala şahidlik etdik. Hələ bu nədir ki?! “İrşad”da çoxdan işləyən bir satıcı əməkdaşın dediklərindən məlum olur ki, belə xoşagəlməz hallar bu mağazalarda tez-tez baş verir. Bunun təsdiqi üçün, dərin araşdırmaya da ehtiyac qalmadı — nə qədər istəsən şikayətçi ilə rastlaşarsan!
Əlqərəz, keçək əsas mətləbə: Müqəddəs Ramazan bayramı öncəsi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizami Rayon Komitəsinin iş yerinə yeni kompüter almağa ehtiyac yaranır. Çox götür-qoydan sonra, rəhbərlik qərar verir ki, hp markalı kompüter “İrşad”ın mağazalarının birindən alınsın. Elə, bayram günlərinin başlanmasına sayılı günlər qalmış, Çin istehsalı 1289 manat 99 qəpik qiyməti olan kompüter
alınaraq, Komitənin iş yerinə gətirilir. Kompüterə proqram yazılmadığına görə, açılışı bayram günlərindən sonraya saxlanılır. Bayram bitdikdən sonra, yəni işin başladığı ilk gündəcə, həyata keçiriləcək proqram yazılışından sonra kompüterdən istifadə etmək nəzərdə tutulur. Lakin, necə deyərlər, hamı “saydığını sayır”. Nə qədər etsələr də, kompüter işləmir ki, işləmir. Daha doğrusu, içindəki əsas hissələrindən birinin yandığı məlum olur. “İrşad”a bu barədə müraciətin də, bir xeyri dəymir. Başdansovdu kömək göstərildikdən sonra, kompüter yenidən Komitənin iş yerinə gətirilir. Proqram yazılışı və digər prosedur qaydalar yenidən həyata keçirilir. Nə olsun, kompüter bu dəfə əvvəlkindən betər yarıtmaz bir vəziyyətə düşür.
“İrşad”ın ofisinə müraciətlərə isə, yenə başdansovdu belə cavablar verilir: “Kompüterin proqram təminatının bizə aidiyyatı yoxdur. İşə düşməməsinin ən çox ehtimal olunan səbəbləri əməliyyyat sisteminin və ya aparat hissəsinin zədəli olması, elektrik qidalanma zəncirlərinin nasazlığı ilə bağlı ola bilər. Əsas səbəbin dəqiq müəyyən edilməsi üçün, diaqnostikası tələb olunur və sairə və ilaxır”.
Beləcə, belə bir halda problemi araşdırmaq, tez bir şəkildə nəyin nə yerdə olduğunu aydınlaşdırmaq, optimal həll yolunu alıcıya söyləmək əvəzinə, sanki nağıl danışırlar. O da məlum olur ki, ciddi nasazlıqları olması halında kompüterləri yenisi ilə əvəz etmək də, müşkül məsələdir. Elə, bunlara görə də, alıcı-satıcı münasibətlərində ciddi gərginlik yaşanır. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizami Rayon Komitəsinin narazı əməkdaşı deyilənlərin təsdiqi olan öz səs yazısını da, araz.az-ın redaksiyasına göndərib. Bu barədə tam ətraflı növbəti yazımızda.
Məsələ ciddi olduğu üçün, diqqətimizdədir. Bizi izləməyi unutmayın.
Nadir HƏSƏNLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.